“Azadlıq” radiosunun prezidenti jurnalisti sonadək müdafiə edəcəklərini bildirib
Azadlıq və Azad Avropa Radioları Korporasiyasının prezidenti Steven Korn radionun əməkdaşı Xədicə İsmayılın şəxsi həyata müdaxilə olunmaqla şantaj edilməsinə növbəti dəfə münasibət bildirib. Korn deyib ki, Xədicə İsmayılı seksual görüntülərlə şantaj edənlər utanıb xəcalət çəkməlidirlər. O, qeyd edib ki, radio öz əməkdaşını sona qədər müdafiə edəcək: “Biz yerli medianın vətəndaşlara verə bilmədikləri senzurasız informasiyanı, açıq debatları “Azadlıq” radiosunun çatdırmasında xidmətlərinə görə Xədicəni alqışlayırıq. Xədicənin işinin dəyəri və gerçəkliyi özü bu şantaj cəhdinə cavabdır. Onu şantaj etməyə çalışanlar xəcalət çəksinlər.”
Xədicə İsmayılın özü isə bildirib ki, belə şantajla onu prezident İlham Əliyev və ailəsi haqqında korrupsiya məlumatlarını araşdırmaqdan çəkindirə bilməyəcəklər (“Azadlıq” radiosu).


