Əliyev Qəbələ RLS-i kimə verəcək?

Sülhəddin Əkbər: «Görünür, yaxınlarda daha hansısa gizli razılaşmaların üzə çıxacağının şahidi olacağıq»

«Həm Iranla, həm də Rusiya ilə münasibətlərin gərginləşməsi gözləniləndir»

Azərbaycanın Qəbələ RLS-ə görə icarə haqqını artırmaq niyyətində olması ilə bağlı məlumatlar müəyyən ehtimalların ortaya çıxmasına səbəb olub. Rəsmi Bakının icarə məsələsini gündəliyə gətirməsinin siyasi xarakter daşımasına dair fikirlər də var. Rusiya mətbuatının yazdığına görə, Azərbaycan stansiyaya dair keçirilmiş danışıqlarda Qəbələ RLS-in icarəsinə görə ildə 300 milyon dollar tələb edib.
Rusiyalı ekspertlərin fikrincə, stansiyaya dair danışıqlarda yaranmış vəziyyətə əsas səbəb Rusiya-Ermənistan münasibətləridir. Bununla belə Rusiyanın stansiyanı tərk etməsi ağlabatan sayılmır. Eyni zamanda bu işin arxasında Bakının Qərbin Iran planlarında yer almasının dayana bildiyi qeyd edilir. Rusiyanın “Rosbalt” agentliyinin məlumatına görə, rusları stansiyadan qovmaq cəhdləri Irana hücum üçün Azərbaycan ərazisinin Qərbin və Israilin ixtiyarına vermək planları ilə bağlı ola bilər. Buna cavab olaraq isə Rusiyanın Azərbaycana müəyyən təzyiqlər edə biləcəyi də vurğulanır. Bütün bu məqamlarla bağlı Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbərin mövqeyi ilə tanış olduq.

– Azərbaycanın Qəbələ RLS-ə görə icarə haqqını Rusiya-Ermənistan münasibətlərinə görə artırmaq istədiyi ehtimalı var. Sizcə, RLS-ə görə Rusiya Ermənistanla bağlı siyasətində dəyişiklik edə bilərmi?
– Gürcüstan böhranından sonra Rusiya ilə Ermənistan arasında olan hərbi-siyasi ittifaq müqaviləsinə yenidən baxıldı, onun şərtləri dəyişdirildi. Faktiki olaraq Rusiya Ermənistanın müdafiəsini, hərbi təhlükəsizlik təminatını öz üzərinə götürdü. Xüsusən də Iranın nüvə proqramı ətrafında məsələnin aktuallaşdığı, bu ölkəyə hərbi müdaxilə ehtimalı artdığı bir zamanda Rusiyanın Ermənistana marağı nəinki azalmayacaq, əksinə, daha da artacaq. Hətta rusiyalı ekspertlər açıq şəkildə bildirirlər ki, artıq Rusiya baş qərargahında Irana hərbi müdaxilə olacağı halda Gürcüstan üzərindən Ermənistana tranzit hərbi koridor açılması planları nəzərdə tutulur. Bu baxımdan yaxın perspektivdə Ermənistanın Rusiya üçün əhəmiyyəti daha da artacaq.

– RLS-lə bağlı məsələnin arxasında Bakının Qərbin Iran planlarında yer almasının dayana bildiyi də deyilir. Bu mövqe ilə razılaşırsınız?
– Çox təəssüf ki, Azərbaycan hakimiyyəti danışıqların gedişi barədə ictimaiyyətə məlumat vermir. Hətta 300 mln söhbəti də yalnız Rusiya mətbuatı vasitəsilə sızdırılıb. Azərbaycanın rəsmi dairələri bu məsələyə münasibət bildirmir. Amma Azərbaycan həm Suriya, həm də Iran məsələsində mövqe tutmaqdadır. Suriya məsələsində BMT Təhlükəsizlik Şurasında qətnamə layihəsi müzakirə olunarkən Rusiyanın etiraz etməsinə rəğmən Azərbaycan qətnamənin lehinə səs verdi və bununla da öz mövqeyini ortaya qoydu. Suriya məsələsində açıq mövqe, dolayısı ilə Iran məsələsində də mövqe bildirməkdir. Çünki bu məsələ bir-biri ilə sıx bağlıdır. Bunun ardınca Azərbaycanın Israillə böyük hərbi-texniki saziş imzalaması, Ilham Əliyevin Brüsselə səfəri və Əfqanıstan əməliyyatları ilə bağlı ciddi öhdəliklər götürməsi, Türkiyə silahlı qüvvələrinin qərargah rəisinin Azərbaycana səfəri, nəhayət, Iran-Azərbaycan münasibətlərinin gərginləşməsi, son illərdə ilk dəfə Azərbaycan hökumətinin Irana münasibətdə çox aydın və sərt dildən istifadə etməsi göstərir ki, artıq Azərbaycan Iran məsələsində də mövqe tutmaqdadır. Bununla bağlı mənə elə gəlir ki, Amerika, Türkiyə, Israildən, bəzi Qərb dairələrindən müəyyən hərbi-təhlükəsizlik təminatları alınıb. Görünür, yaxınlarda daha hansısa gizli razılaşmaların üzə çıxacağının şahidi olacağıq.

– Rusları stansiyadan qovmaq cəhdləri Azərbaycan ərazisinin Irana hücum üçün Qərbin və Israilin ixtiyarına vermilməsi planları ilə də əlaqələndirilir. Bu, nə dərəcədə realdır?
– Düşünmürəm. Azərbaycan hakimiyyəti də çətin vəziyyətdədir. Rusiya ilə köhnə, özəl əlaqələr var idi. Xüsusilə də Azərbaycan rejiminin siyasi təhlükəsizliyinə Rusiya təminat verir. Əslində Iran qarşısında da Azərbaycanın bu günə qədər əsas qoruyucusu Rusiya olub. Azərbaycan hakimiyyəti indi ciddi qərar qəbulu mərhələsindədir. O baxımdan, indiki halda həm Iranla, həm də Rusiya ilə münasibətlərin gərginləşməsi gözləniləndir. Azərbaycan sadalanan addımların qarşısında Putin Rusiyasına doğru hansı reveranslar edəcək, onu görəcəyik. Əgər Qəbələ RLS məsələsində doğrudan da bu qədər məbləğ irəli sürülübsə və Azərbaycan bundan geri çəkilməsə, bu, iki ölkə arasında münasibətləri kəskinləşdirə bilər. Düzdür, Qəbələ RLS Rusiya üçün strateji cəhətdən əhəmiyyətlidir, ancaq vazkeçilməz də deyil. Amma bu RLS Rusiyaya Azərbaycanda hərbi-siyasi varlığını qorumaq imkanı verir. Geopolitik baxımdan isə bu, simvolik xarakter daşıyır. Yəni Rusiyanın Azərbaycanda varlığının bir simvoludur.

– Rusiyanın RLS-lə bağlı Azərbaycana təzyiqlər göstərə biləcəyini də bildirirlər. Hansı təzyiqlərin olacağını gözləmək olar?
– Təzyiqlər müxtəlif xarakterli olur. Adətən, əvvəl diplomatik kanallarla etiraz bildirilir və izahat istənilir. Əgər hansısa məqamlarla bağlı Rusiyanın narahatçılığı varsa, bu narahatçılıq bildirilir və bunların aradan qaldırılması tələb olunur. Əgər izahatlar Rusiyanı qane etmirsə, narahatçılıqlar aradan qaldırılmırsa, Rusiya Azərbaycana təzyiqlərə başlaya bilər. Bu da siyasi, iqtisadi-sosial, hərbi, hətta özəl xarakterli ola bilər.

Fizzə