Əliyev Putinlə açıq danışmalıdır

«Azərbaycan Rusiyanın bu münaqişədə suçlu olduğunu dövlət səviyyəsində səsləndirməlidir»

Vəfa Quluzadə: «Saakaşvilinin dediklərindən narahat olanlar dəhşətli qorxaqlıq göstərirlər»

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki roluna toxunub. PA rəsmi “Rusiya bu işə əl qoymasa, münaqişənin həlli istiqamətində səylərini artırmasa, nə ATƏT, nə onun Minsk Qrupu, nə BMT, nə də digər beynəlxalq təşkilatlar bu sahədə ciddi irəliləyişə nail ola biləcək. Çünki Rusiyanın Ermənistan üzərindəki təsiri həddindən artıq çoxdur” fikrini səsləndirməklə faktiki olaraq Ermənistanın Rusiyaya arxalandığını etiraf edib. Azərbaycan bu vaxta qədər Iranın Ermənistana iqtisadi yardımlar göstərdiyini dilə gətirsə də, Rusiyanın düşmən ölkəyə daha böyük dəstək olduğunu etiraf etməkdən çəkinib. Bu halda PA rəsminin bu fikirləri dilə gətirməsi nədən xəbər verir? Bu və digər sualları politoloq Vəfa Quluzadəyə ünvanladıq.

“Bunu dövlətin başçısı BMT tribunasından birdəfəlik deməlidir”

– Əli Həsənov Rusiyanın münaqişənin həlli üçün səylərini artırmalı olduğunu deyib. Eyni zamanda Siz də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini Rusiyadan tələb etməli olduğunu bildirmisiniz. Hansı formada Rusiyaya qarşı tələblər irəli sürülməlidir?
– Azərbaycan Rusiyanın bu münaqişədə suçlu olduğunu dövlət səviyyəsində səsləndirməlidir. Dövlət səviyyəsində yalnız o deyilir ki, Rusiya bizim dostumuzdur, onunla bizim heç bir problemimiz yoxdur. Rusiya erməni qoşunlarını bizim torpaqlarımıza salıb, o da çıxarmalıdır. Biz hər yerdə deyək ki, rus dövləti ilə əməkdaşlığa, dostluğa həmişə hazırıq, amma münaqişə tamamilə mənasızdır. Rusiya tutduğu işdən əl çəksin. Əgər Rusiyada modernləşmə prosesi gedəcəksə, onda bu kəndiri Ermənistanın da, Azərbaycanın da boynunda götürməlidir. Bunu BMT tribunasından, elə Azərbaycanda da hər hansı forumda səsləndirmək olar. Başqa yol görmürəm. “Mən ölüm, sən öl”lə heç nə əmələ gəlmir. Amma birdəfəlik BMT-də deyilsin ki, biz Təhlükəsizlik Şurasının üzvlərindən xahiş edirik Rusiyaya təsir göstərsin və onlar erməni qoşunlarını bizim ərazidən çıxarsın. Hətta Ermənistana yardımçı ola bilərik ki, Rusiya bu ölkəni azad buraxsın. Rusiya Ermənistanı tam işğal edib, Ermənistan koloniya vəziyyətindədir. Rusiya qorxur ki, biz NATO-ya daxil olarıq. Qarantiya verək ki, daxil olmayacağıq, öz gücümüzlə torpaqlarımızı müdafiə edəcəyik. Rusiyanın gözünə üfürmədən heç nə əmələ gəlməyəcək. Mənim, digər politoloqların, lap aşağı vəzifə tutan məmurların danışmağı heç bir nəticə verməyəcək. Bunu dövlətin başçısı çıxıb BMT tribunasından birdəfəlik deməlidir. Rusiyaya hörmətlə, ancaq həqiqəti açıb ortaya qoymaq lazımdır. Çünki bizim əvəzimizə bunu nə Obama edəcək, nə Sarkozi, nə də Merkel.

“Rusiyanın özündən başlamalıyıq”

– Rusiya təkcə münaqişənin həllində əngəl yaratmır, eyni zamanda Azərbaycanın demokratikləşməsində də maraqlı deyil. Bu istiqamətdə hansı səylər olmalıdır?
– Rusiyanın özünü demokratikləşməyə məcbur ediblər. Böyük təzyiqlər var. Putin Obama ilə telefon danışığında dedi ki, mənim seçkiqabağı nitqlərimə fikir verməyin. Rusiya Amerika ilə düşmənçilik siyasəti yürütməyə hazırlaşmır. Əksinə, konstruktiv əməkdaşlığa hazırdır. Rusiyanın yeni yaranmış orta təbəqəsi Qərbdəki kimi yaşamaq istədiyini deyir, tələblər irəli sürür. Istəyirlər ki, qanunun aliliyi, məhkəmələrin azadlığı, konstitusiyada yazılmış bütün hüquqlar həyata keçirilsin, konstitusiya formal olmasın. Bunların hamısı reallaşsa, Rusiya bizdən də əl çəkər. Ermənilər bütün Rusiya kanallarını ələ alıblar. Bizi isə Rusiya telekanallarına yaxın buraxmırlar. Ona görə hər dəfə onların dövlət kanallarında da, kabel kanallarında da Dağlıq Qarabağın ermənilərin olması, Azərbaycanın ermənilərə hücum etmək ehtimalı kimi fikirlər yayılır. Bunun səbəbi ondadır ki, biz susuruq. Biz bu məsələni Rusiyanın özündən başlamalıyıq. Belə olmasa, bütün dünyada, dünya ictimaiyyəti qarşısında göstərəcəklər ki, Azərbaycan Ermənistana hücum eləyib. Ermənilər də cavab zərbəsi ilə bizi vurub atıblar geriyə. Amma cəsarətlə durub deməliyik ki, Rusiya Ermənistanla Azərbaycan arasında müharibəni bu iki dövlətin nə NATO-ya, nə də Avropa Ittifaqına daxil ola bilməməsi üçün yaradıb. Gürcüstanı da işğal ediblər ki, NATO-ya daxil olmasın. Bu prosesi dayandırdılar. Bu, çox önəmli məsələdir. Bütün bunlar yuxarıdan deyilməsə, aşağıdan eşidilməyəcək.   

“Rusiyanın qarşısında Avropaya inteqrasiya dayanıb”

– Belə bir fikir var ki, Putin Azərbaycanın Avrasiya Ittifaqına üzv olması üçün təzyiq göstərəcək və Azərbaycan bu ittifaqa qoşulacaq. Putin bu istiqamətdə Azərbaycan siyasətində dəyişiklik edə bilərmi?
– Avrasiya siyasətinin tamamilə boş bir şey olduğunu qəti şəkildə bilirəm. Ona görə Putin Azərbaycanı Avrasiya Ittifaqına sürükləməyəcək. Avrasiya Ittifaqı dağılıb, işləmir. Hamısı kağız üzərindədir. Rusiyanın qarşısında Avropaya, NATO-ya inteqrasiya dayanıb. Putin ya altı ildə bunların hamısını həyata keçirib qalacaq, ya da bir-iki ildən sonra tax-tacdan düşəcək və Rusiyada çaxnaşma başlayacaq.

– Saakaşvilinin Bakı səfəri zamanı Rusiya ilə bağlı dedikləri ilə bölüşürsünüzmü? Bu çıxışdan sonra narahatçılığa əsas var idimi?
– Tamamilə mənim fikirlərimi deyib. Hesab edirəm ki, heç bir narahatçılığa əsas yoxdur. Birincisi, biz özümüz başqa ölkələrdə olanda Azərbaycan torpaqlarının işğalı haqqında danışırıq. Düzdür, biz Rusiyanı yox, Ermənistanı göstəririk. Indi Saakaşvilinin Ermənistanı yoxdur. O, birbaşa açıq-aşkar Rusiyanın işğalına məruz qalıb. Saakaşvili bunu hər tribunadan deyir. Bizə gələndə də onu deməyə tam haqqı var. Narahat olanlar dəhşətli qorxaqlıq göstərirlər.

Fizzə Heydərli