Təhsil şöbəsinin metodisti Ramiz Cəbrayılovu ona qarşı təxribat törətməkdə suçlayır
Laçın Rayon Təhsil Şöbəsinin metodisti Müqabil Baxışov rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılovun ünvanına sərt ittihamlar səsləndirib. Onun sözlərinə görə, icra başçısı sifarişli yazılar yazdırmaq və rayonda bir sıra qanunsuz əməllər törətməklə məşğuldur.
Müstəqil Informasiya Agentliyinə açıqlama verən Müqabil Baxışov bildirib ki, laçınlıların Taxtakörpü qəsəbəsində keçirmək istədikləri etiraz aksiyasının guya Suriyadan gələn PKK-çılarla yerli kürdlər tərəfindən təşkil edilməsi barədə məlumatları icra başçısı Ramiz Cəbrayılov dövriyyəyə buraxıb: “Bu, həm də mənə qarşı təxribat olmaqla yanaşı, eyni zamanda rayondakı gərginliyi başqa istiqamətə çəkmək məqsədi daşıyır. Fakt budur ki, camaat Heydər Əliyevin portretləri ilə onun Fəxri Xiyabandakı məzarına piyada yürüş etmək istəyiblər. Ancaq inanın, mən o aksiyada nə iştirak etmişəm, nə də hansısa rolum olub. Düzdür, milliyyətçə kürdəm, amma bunun PKK-ya nə dəxli var? Bu, tamamilə məqsədli təxribatdır və şübhə etmirəm ki, bunu icra başçısı Ramiz Cəbrayılov təşkil etdirib. O, rayondakı gərginliyi və qanunsuzluqları belə təxribat xarakterli üsullarla pərdələməyə çalışır”.
Metodist deyib k, onun ümumiyyətlə, Laçında kimsə ilə düşmənçiliyi olmayıb: “Heç icra başçısına qarşı da hər hansı qərəzim və ya düşmənçiliyim yoxdur. Sadəcə, sakinlər arasında nüfuzum və hörmətim var. Mən camaatın obyektiv tələblərini, haqlı səslərini müdafiə etmişəm və edirəm də. Bu isə Ramiz Cəbrayılovun xoşuna gəlmir. Ona görə də, məni PKK deyilən qurumla əlaqələndirməyə çalışır. Inanın, mən, hələ də həmin təşkilatın adını və məramını düz-əməlli bilmirəm. Heç bilmək də istəmirəm”.
Başçının bu təxribatları başqa hansı məqsədlə təşkil etdirməsinə gəlincə, müsahibimiz deyib: “Mən heç vaxt icra başçısından rəsmi şikayətçi olmamışam. Atam Baxış Baxışov məcburi köçkünlər üçün tikilən evlərin paylanılmasında baş verən qanunsuzluqlarla bağlı şikayətçi olub. Çünki bir subay bacımız və iki qardaşımızla birlikdə atama ikiotaqlı ev verilib. Buna görə də, dəfələrlə Ramiz Cəbrayılov məni qəbuluna çağırıb ”qohumların məndən şikayət edirlər” deyib. Və onların haqlı şikayətlərinin qarşısını almağı tələb edib. Mən də rayonda nüfuzu, hörməti olan bir insan kimi, nəinki ailəmizə qarşı, hətta evlərin paylanılmasında, təhsildə və digər sahələrdə baş verən qanunsuzluqların qarşısı alınmayana qədər, kimsəni mübarizədən çəkindirməyəcəyimi bildirmişəm. Mənə qarşı təxribatların buradan qaynaqlandığını düşünürəm”.