Bu hakimiyyət cənub problemi haqda nə düşünür?

Son illərdə Türkiyənin boynuna daha bir missiya düşüb… Azərbaycanı Iranla barışdırmaq. Səhv etmirəmsə, bu yaxınlarda daha bir belə təşəbbüs oldu. O qədər primitiv məsələdir ki, adam buna baş qoşmaq da istəmir. Amma buna etinasız qalmaq da mümkün deyil, çünki Iran qonşularını özünü eşitməyə və onunla hesablaşmağa məcbur edir. Mən o gündən ehtiyat edirəm ki, bu ölkə bir gün həqiqətən də nüvə silahı əldə edə bilər. Onda mollalar sözün lap əsl mənasında “göylə gedəcəklər”, hədə hədənin ardınca gələcək. Nə isə. Sözü uzatmağın, dərdi artırmağın da mənası yoxdur, hər dərdin bir çarəsi var.
Bir məsələ aydındındır ki, nə qədər bu molla rejimi hakimiyyətdədir, bizim Iranla münasibətlərimiz düzəlməyəcək, sonrası isə hələ bilinmir. Bizim hakimiyyət üçün problem mollaların onlara münasibətidir, bu münasibət yaxşa olsa bu o demək olacaq ki, Iran yaxşı dövlətdir, pis olsa da bunu ucadan deməyə də cəsarətləri çatmayacaq, başlayacaqlar Türkiyəni minnətçi salmağa. Türkiyə də bir tərəfdən ərəb ölkələrində Iranın mövqelərini zəiflətməyə cəhd edir, bu tərəfdən daim onu əmin etməyə çalışır ki, o, Iran üçün heç bir təhlükə kəsb etmir. Mollalar da o qədər sadəlövh deyil. Indi Iranın forpostlarından biri elə dildən-ağızdan düşməyən Suriyadır. Aydındır ki, B.Əsədin rejimi çöksə, bu, həm də şiə azlığının hakimiyyətinin sonu olacaq, hakimiyyətin sükanı sünni çoxluğunun əlinə keçəcək. Türkiyə ümid edir ki, ona sünni Suriyası ilə birgə işləmək, onunla dil tapmaq çətin olmayacaq. Təəssüf ki, Türkiyənin AB-yə üzvlük məsələsi müşkülə çevrildi. Bu müşkül Türkiyəni yenidən utopiyalara tərəf üz çevirməyə məcbur etdi. Bu utopiyalardan biri də Türkiyəyə Osmanlı nüfuzunu qaytarmaqdır. R.T.Ərdoğan buna cəhd edir. Alınacaqmı? Güman etmirəm. Ən azı ona görə ki, Türkiyə ərəb ölkələrindəki oyanışı, necə deyərlür, yetərincə qiymətləndirmir, çünki panərəbizm – ərəb birliyi və ərəb millətçiliyi də o qədər zəif tendensiya deyil. Həm də Türkiyənin bu məsələdə Səudiyyə Ərəbistanı kimi rəqibi var. Bəli, situasiya birmənalı deyil. Görək, nə olur. Bir məsələ aydındır ki, Irandakı molla rejimi nə vaxtsa süqut etməlidir. Mənim o ölkədəki insanlara təəccübüm gəlir. Düzdür, biz də azad ölkə vətəndaşı kimi özümüzü öyə bilmərik, biz də azad deyilik. Amma Iran daha pis gündədir. O, indi sözün əsl mənasında, lap Lenin dediyi tək, xalqlar həbsxanasıdı. Amma bizim hakimiyyət bu haqda düşünməməyə cəhd edir. Bu, təkcə burada olan rejimin xislətindən irəli gəlmir, bu həm də bir qədər iri miqyaslı traybalizmin təzahürüdür. Mən bunu bir neçə il əvvəl yazmışdım. Gəlin bir suala cavab verək. Irandakı azərbaycanlı elitası milli-etnik məsələlərdə özlərini necə aparırlar? Onlar özlərinin xırda siyasi və iqtisadi maraqlarını millətinin maraqlarından üstün tuturlar, özlərinin tutduqları mövqeyi, malik olduqları imtiyazları heç kimlə bölüşmək istəmirlər. Şimali Azərbaycanda belə elita və sosial-iqtisadi qrup yaranıb. O, əlində böyük iqtisadi və siyasi hakimiyyət cəmləşdirib. Azərbaycanın birləşəcəyi təqdirdə onları nə gözləyir? Onlar bir daha, təkrarən öz elitar mövqelərini saxalaya biləcəklərmi? Heç özləri buna inanmır və inanmadıqlarından öz xırda maraqlarını milli maraqlardan üstün və ilkin hesab edirlər. Hətta Rusiya da bunu anlayıb. O, bu elitanı o tərəfdəki 20 milyon azərbaycanlı ilə təhdid edir və tez-tez ona işarə vururlar ki, əgər Iranda bir şey olsa, o tərəfdəki 20 milyon azərbaycanlının ayaqları altındaca qalacaqsınız!.. Məsələ belədir. Bizə qalsa, heç bir problem yoxdur, cənubla birləşmək bizim hər birimizin ümdə arzusudur, çünki biz bütöv Azərbaycan adlı ölkənin seçilənləri yox, adi seçiciləri olmağa hazırıq! Amma hakimiyyət zümrəsi belə düşünmür, onlar öz mövqelərinin hayındadır…

Kiçik sözardı

Mövzu məni götürdü. Bir də gördüm ki, mənə ayrılan işarə normasını ötmək üzrəyəm. Amma bu da vacib məsələdir, çünki bəzən qlobal məsələlərlə də bir ötəri toxunmağa ehtiyac olur. Üstəlik, bu məsələlərin hamısı bir güzgüdür.
Biz bu güzgüdə özümüzə də baxırıq, hakimiyyətimizə də! Kim necə görünür, bu, artıq sizlikdir, bunu siz müəyyənləşdirirsiniz, necə deyərlər, nöqtəni qoyub yazını bitirəndən sonra o, artıq sizinkidir…