Vicdan məhbusu “içəridən” ilginc mesajlar göndərdi
Məhəmməd Məcidli: “Mübarizəmizin mahiyyəti insanı içindəki buxovlardan azad etməkdir“
Vəkil Fəxrəddin Mehdi ilə müvəkkili, 14 saylı cəzaçəkmə müəssisəsində saxlanan vicdan məhbusu Məhəmməd Məcidli görüşüb. Onun vicdan məhbusu ilə söhbətinin oxucularımız üçün maraqlı olacağı qənaətindəyik.
– Necəsən?
– Bir az soyuqdəyməm var, amma yavaş-yavaş düzəlirəm.
– Burda şərait yaxşıdır, yoxsa on altıncı kalonda?
– Bir ilə yaxındır ki, içəridəyəm, bura mənim dördüncü yerimdir. Bu qənaətə gəlmişəm ki, türmələrdə şərait qanunlara görə deyil, türmə rəisinin adamlığına görədir. Burda hələ ki, bir gileyim, şikayətim yoxdur.
– Əvvəlki yerinizdə türmə rəhbərliyi ilə yola getmədiniz, döyüldünüz, təhqirlərə məruz qaldınız və belə demək mümkünsə, bura deportasiya edildiniz.
– Gördüyüm bu dörd yerin içində ən betəri bundan əvvəlki idi. Orda adamı adam yerinə qoymurlar, hər şey dustaqdan pul çəkmək üçün nizamlanıb. Şikayət ərizəsində də yazmışdıq, pul versən, səni 3-4 nəfərlik baraklara çıxararlar, verməsən, insanlığın dibində yaşamalı olursan. Xəstələnib ölsən də baxan yoxdu orda. Bizim bu etirazlarımız onunla nəticələndi ki, Babəklə mən indi burdayıq.
– Azadlıq üçün darıxırsanmı?
– Azadlıq mənim üçün hər şeydən əvvəl mənəvi kateqoriyadır, yəni adam var ki, dünyanı elədən-belə, belədən-elə dolaşır, bir milyon insana ağalıq eləyir, amma kölədir, daha doğrusu, mənəvi məhbusdur. Çünki içi yoxdur, içində özü yoxdur, içi onun-bunun kölgəsi ilə doludur. Beləsi bir iş gördüyü zaman nə Allahı düşünər, nə xalqı, bircə meyarı var: yuxarıdakının xoşuna gəlmək. Beləsi hər yerdə var, ən çox da vəzifələrdə. Burdan çıxmağı isə, əlbəttə, mən də, başqa vicdan məhbusları da arzu edirik. Amma kimsədən minnət götürmədən, haqlı olduğumuz yerdə “günahımızı bağışlayın” demədən, yəni gec də olsa bizə qarşı həyata keçirilən bu zülmə son verilməsini istəyirik.
– Kiməsə nəsə bir sifarişin, söyləmək istədiyin sözün varmı?
– Ziyalılar Forumuna xüsusi təşəkkürlərimi və salamlarımı göndərirəm. Rafiq müəllimə demək istəyirəm ki, o, çox dəyərli insandır. Əvvəllər bir yazı göndərmişdim, Rafiq müəllimi müdafiə xarakterli, hardasa ilişib qaldı, çap olunmadı. Özünü ziyalı adlandıran bu qədər yaltaq, yalançı, riyakar məxluqlar arasında Rafiq müəllim öz savadı, vicdanı və cəsarəti ilə çox fərqli, çox böyük görünür. Ziyalılar Forumunda Rüstəm Ibrahimbəyova, Ramiz Rövşənə, Əkrəm Əylisliyə, Eldar Namazova, hər kəsə salamlarımı və təşəkkürlərimi göndərirəm. Bu millətin o qədər satqınını, saxtakarını, yalandan üzə duranını gördüm ki, bəzən bezginliyimi, üzgünlüyümü söyləməkdən belə çəkinmirəm. Nə yaxşı ki, o ziyalılar var, yoxsa adamın bu millətdən sidqi sıyrılar. Eşitdiyimə görə, ziyalılar 2 arpel məhbuslarına öz kitablarını hədiyyə ediblər, amma mənə kitab gəlib çatmayıb, yəni kitablarımı göndərsinlər…
– Bəlkə ziyalılara ünvanladığın bu sifarişi daha çox müxalifətdəki dostlarına yönəldəsən?
– Mən bu ziyalıların öz vicdanlarının səsi ilə ayağa qalxdıqlarına inanıram. Onlar həqiqətən də ziyalı olduqlarını sübut elədilər və hörmətə layiqdirlər. Siyasi partiyalara, müxalifətdəki dostlarımıza gəldikdə isə tam səmimiyyətimlə demək istəyirəm ki, onlar təmiz, cəsarətli adamlardır. Əslində onlar da, yuxarıda adını çəkdiyim ziyalılar da bu müddət ərzində millətin heysiyyətini qoruyublar və qoruyurlar. Ölkə başçısı deyir ki, parlamentdə on siyasi partiya təmsil olunur. O partiyaların necə qurulduğunu və o “müxaliflər”in kim olduğunu uşaqlar da bilir. Onlar siyasi müxalif deyil, siyasi münafiqdirlər.
– Sənin haqqında tanışlarından biri ilə söhbət edirdim, deyir ki, nəyinə lazım idi, gedib başını salıb cəncələ? Bu yaşda əli boş, işi yox, pulu yox…
– (Gülür) Birdən özüm də oturub olub-keçənləri düşünürəm. Deyilənlər yalan deyil, yaşım qırxa yaxınlaşıb, həqiqətən də hələ çox şeyi sıfırdan başlamalıyam. Amma bütün bunların nə önəmi var axı? Adam tanıyıram ki, yaşda məndən çox cavandır və demək olar, bütün karyerasını qurub. Axı nə olsun, bizim davamız karyera davası deyil ki… Insanın əməlləri niyyətinə görədir. Mən ona inanıram ki, kim mal, pul, karyera üçün bura düşübsə, qazancı böyük bir sıfırdır, kim də haqq üçün, zalıma qarşı savaşmağı Allah əmri bildiyi üçün burdadırsa, bütün məhbəs həyatı ibadət sayılar. Məhərrəm ayı gələndə məlum mollalar millətin qarşısına çıxıb haqdan, ədalətdən, Imam Hüseyn cihadından danışacaqlar, camaatı ağladacaqlar, sonra da kürsüdən düşüb gedəcəklər zalıma yaltaqlıq eləməyə. Bu cür insanlar Quran da oxusalar, dinin mahiyyətindən xəbərsizdirlər, zavallıdırlar, dini təmsil etdiklərini söyləsələr də əslində onu gözdən salmaqla, doğru-düzgün anlaşılmasına əngəl olmaqla məşğuldurlar. Soruşuram: Imam Hüseyn nə elədiyini bilmirdimi? Biz bir canımızı götürüb meydana çıxmışıq, Imam Hüseyn nəsli ilə, körpə nəvələri ilə birlikdə çıxmışdı zülmün qarşısına. Şəhid oldular və insanlara öyrətdilər ki, ədalətin, haqqın bərpası üçün başdan keçmək lazımdır. Quranın bildirdiyi ən böyük günahlardan biri cihaddan, yəni ədalət uğrunda mübarizədən qaçmaqdır. Sən sus, mən susum, o sussun, bəs bu zülmə, bu zalıma bir Allahın qulu “dur” deməyəcəkmi? Bu qədər də rəzalət olarmı? Bunlar Allahdan deyil, padşahdan qorxan mollalarla əlbir olub xalqımızı cəhalətə gömmək üçün nə lazımsa, eləyirlər. Yas mollası yetişdirirlər, Yasini üzündən oxuya bildisə, bəsidir, məhiyyətini bilməsə də olar. Deyəsən indi də belə fərman çıxarıblar ki, xaricdə dini təhsil almaq üçün bunların saqqalının altından keçməlisən. Səmimi deyirəm, boğaza qədər çıxan bu zülmə göz yuman dini idarə bağlansa, yaxşıdır. Çünki din dediyin o mollaların yaşantısı və söylədikləri olsa, kimsə Islama yaxın düşməz.
– Ibadətində çətinliklər olmur ki? Necə olmaya türmədir, istədiyin şərait yoxdur…
– Namazı əmr eləyən Allaha şükürlər olsun ki, bu əmri yerinə yetirməyi də bizə qismət eləyib. Doğrudur, bəzən çətinlik çəkirik, amma çox şükür, ibadətimizdən qalmırıq. Onu da deyim ki, məhbəsdə səmimi, dindar insanlarla tanış olmuşam. Məhbəsdəkilərin hamısı cani, cəllad deyil. Burda elə adamlar var ki, heç bir şey üstündə yatırlar. Mən uzun müddət düşünəndən sonra artıq insanları Allaha inanmaqlarına və inanmamaqlarına görə bir-birindən ayırıram. Ən dəqiq meyar budur.
– Amma etiraf edək ki, məhkəmə iclaslarında çox sərt danışırdın, hətta bəzən kimlərisə təhqir etməkdən çəkinmirdin, halbuki, Allahdan qorxan adam mülayim olmalıdır.
– Doğrudur, xüsusən hakimlərə qarşı sərt ifadələr işlətmişəm, amma onu da düşünün ki, onlar bizim həyatımızla oynadılar. Ötən bu müddətdə çox düşündüm, hakimlər bir tərəfə qalsın, bizim haqqımızda yerlərdən xasiyyətnamə almışdılar. Təkcə mənim kəndimin kattası mənfi xasiyyətnamə vermişdi. Tək bu fakta görə o qədər üzüldüm ki, sözlə ifadə edə bilmərəm. Mən hər zaman kəndimlə, camaatımla fəxr eləmişəm, amma bu dəfə arxadan vuruldum, mənimlə birlikdə o qədər insan ittiham olunurdu, heç biri haqqında o haqsızlıq olmadı. Əvvəla, mən o qədər də pis adam kimi tanınmamışam, nəslimi də hər kəs tanıyır. Əgər sənin məndən zəhlən gedirsə, barı heç olmasa, haqqımda hər şeyi yaz. Yaz ki, üç ildən artıq səngərdə olub, dəfələrlə yaralanıb. Neçə döyüşdən, odun-alovun içindən çıxıb, neçə döyüşçü yoldaşına yardım edib, aspirantdır, bu gün-sabah alimlik dərəcəsi alacaq… Bunları yazmırsansa, demək qərəzlisən, kimlərinsə sifarişi ilə yazırsan. Eşitdiyimə görə, öz xidmətinin mükafatını da alıb, yaxşı vəzifə veriblər.
– Rayonunuzdan olan deputat da “Azadlıq” radiosuna verdiyi müsahibəsində sənin və qardaşın oğlunun ona qarşı tərbiyəsiz davrandığınızı deyir, üstəlik də şəxsən Məhəmməd Məcidlinin siyasi məhbus olmadığını, iğtişaş törətdiyi, daş atdığı, şüşə qırdığı üçün həbs olunduğunu iddia edir.
– Oxumuşam o müsahibəni. Mənim öz kəndimlə, camaatımla heç bir problemim yoxdur. Mənim problemim bu milləti əsarətdə saxlayan rejim və onun xidmətçiləri ilədir. Mən kəndimi də, camaatımı da, millətimi də onlardan daha çox sevirəm. Elə onun üçün də burdayam. Astan Şahverdiyev nə düşünür-düşünsün, biz vicdan məhbusuyuq və bizim vicdanımız məhbus deyil. Astan Şahverdiyevin mənə qarşı ittihamına, yəni daş atmağıma, şüşə qırmağıma gəlincə, buna kimsə inanmadı, əgər o, məhkəmənin belə, mənə qarşı qəbul eləmədiyi bu əsassız ittihamda özünü haqlı bilirsə, özü bilsin, Allahı bilsin, başqa bir söz demirəm. “Astan Şahverdiyevin psixoloji durumunda problem var” sözünə gəldikdə isə, mən bu sözü deyən adama haqq qazandırmıram, tərəfini tutmuram. O ki qaldı mənimlə olan məsələyə, Cəbrayıldan 7 namizəd idik, 6 nəfərimiz bir kənddən, çoxu da Astan müəllimin yaxını, qonşusu, qohumu. O debatda Astan müəllim haqda ən ağır, ən sərt ifadələri də onunla eyni soyadı daşıyan Xalisə xanım işlətdi. Şahverdiyev məni ittiham edəndə ən azı bu faktı nəzərə almalı idi. Özü də jurnalist bir azca sıxışdıran kimi başlayır ki, mən gənc yaşımdan elmlər doktoruyam, professoram, siyasətə çobançılıqdan gəlməmişəm… Heç dəxli var? Qanuna görə, vətəndaşın öz etirazını açıq şəkildə ifadə etmək hüququ var, biz də öz hüququmuzdan istifadə etmək istəyəndə şərlənərək həbs olunmuşuq. Görünür, Astan Şahverdiyev növbəti dəfə də mandat almaq istəyir.
– Deyirlər ki, “Avroviziya”ya qədər əfv olacaq və çıxacaqsınız…
– Bilmirəm, amma özümü üzümə oxunan iki il yarıma görə tənzimləmişəm.
– Əfv olunmaq üçün ərizə yazmaq məsələsi gündəmə gəlsə?…
– Biz cinayətkar olduğumuz üçün deyil, cinayətkar olmadığımız üçün burdayıq. Ərizə yazmağı ağlımdan belə keçirmirəm və elə bilirəm ki, digər vicdan məhbusları da mənimlə eyni qənaəti paylaşırlar. Ailəmizə, anama da dönə-dönə çatdırmışam ki, birdən belə təklif olar, əsla qəbul eləməsinlər. Ərizə yazanları da qınamıram.
– Ən çox kimlər üçün darıxırsan?
– Biləsuvarda, qaçqın şəhərciyində qonşularım, dostlarım üçün darıxıram. Anam, bacılarım üçün çox darıxıram, qapıda çoxlu pişiyim vardı, daha doğrusu, aralıqda qalmış pişikləri yığıb qapımıza gətirirdim. Mən tutulandan sonra anam o pişiklərin əlindən çox əziyyət çəkib. Həyətimizdəki ağaclar üçün darıxıram. Bilirsiniz də, biz qaçqınlar bir neçə il yerə bir qələmə də basdırmadıq, ancaq yurdumuza qayıtmaq haqda düşündük, amma indi əkdiyimiz ağaclar da qocalıb.
– Türmə sənin üçün nə anlama gəlir?
– Həyatın ən dayaz yeridir türmə. Burda kimin nəyi var, üzə çıxır. Heç kim içini gizləyə bilmir. Dönüb geri baxanda ciddi “oşibka” buraxdığımı görmürəm. Hamı kimi olmağa çalışıram. Bilirsiniz də, türmədə hər kəsin məsələsi hər kəsə bəlli olur, ona görə də bizim kimi adamlara məhbuslar hörmətlə yanaşırlar. Yəni bəri başdan bəzi kreditlərimiz olur, hörmət görürük, amma gərək bündan istifadə edib özün üçün imtiyaz düzəltməyəsən.
– Əgər yaxında çıxsan…
– Təkcə ona sevinərəm ki, anamın, yaxınlarımın, sevdiklərimin narahatlığına son qoyular və ardımca ərzaq daşıyan qardaşım rahat olar.
– Ən çox nəyə ehtiyac hiss edirsən?
– Sizin kimi dostlarla belə söhbətə. Elə ismarışımı da burdan göndərim ki, yaxın bildiyim o qəzetdən gileyliyəm.
– Bəlkə kimlərəsə nəsə bir sözün, sifarişin…
– Bizi sevən, gözləyən hər kəsə salamlar, sevgilər olsun! Və bir də bütün soydaşlarıma onu demək istəyirəm ki, harda olurlar-olsunlar, azad adam olmağa çalışsınlar, çünki bizim cəmiyyətimizdə azad adamlar azdır, çox az. Əgər insanlarımız, sözün həqiqi mənasında, azad ola bilsələr, cəmiyyətimiz öz-özünə düzələcək. Əslində bizim mübarizəmizin mahiyyəti də elə budur: insanı içindəki buxovlardan azad eləmək.



