“Anar – insanın tək qalanda belə özünə etiraf etmədiyi ən naqolay və bəzən dərk etmədiyi hisslərini də çılpaqlığı ilə yazan amansız yazıçıdır!”.
Yeniyetməlik çağında, auditoriyadan kənarda davam edən qızğın ədəbi müzakirələrimizin hədəflərindən biri kimi Anarı, təxminən, belə xarakterizə etmişdik. Anar yaradıcılığı ilə ilk tanışlığımız bu yaşımızda və indiki təcrübəmizlə olsaydı, bəlkə də ayrı “qərar” çıxaracaqdıq. Ancaq Anarla indi niyə tanış olmalıyıq ki!
Anar – əksəriyyət kimi, mənim də ədəbiyyata ilk qapım olub. Və bu qapı 8 yaşım üçün o qədər böyük idi ki, suallarımla böyüklərin zəhləsini aparırdım. Sonra “Atmışıncılar” nəsli ilə tanışlığımız başlayacaqdı, sonra bu nəslin “sacayağılarını” öyrənəcəkdik, sonra ağız büzdüklərimiz də olacaqdı…
Anar – sirli-sehrli, rənglərə bürünən yazıçı deyil, ağ-qaradı, Qız Qalası kimi. Olsun ki, Içərişəhərə yanaşması, daş yaddaşımıza həssaslığına görə bu fikir formalaşıb məndə. Ancaq ondan öyrənməyin asan olduğu da mübahisəsizdir.
Sözün bütün mənalarında üzdə olan yazardı Anar. Ilk dəfə sözdən qorxmamağı, özünüifadə üçün “söz axtarmamağı”, ütülü və cilalanmış sözdən istifadə etməməyi də ondan öyrəndik; ilk dəfə “çöçün”, “bala-bala”, “cıbbılı” kimi “uşaq sözlərimizi” də Anardan oxuduq. Amma bu o demək deyil ki, Anar sözün nazını çəkməyib.
“Atmışıncılar”ın ən böyük işlərindən biri, bəlkə də birincisi Azərbaycan dilinin zənginləşməsinə göstərdikləri xidmətdir. Düşünülmüş surətdə bir sözün müxtəlif qarşılığını dövriyyəyə buraxmaq və dilin onlardan hansını qəbul etməsini gözləmək, daha sonra isə “qəbul edilən” sözü hamılıqla dəstəkləyib oturuşdurmaq onların hədəfi olub. Ədəbi dilin təmizlənməsinə “atmışıncılar” qədər, çirklənməsinə isə bizim qədər çalışan başqa nəsil yoxdur!
Bir uşaq filmini xatırlayıram: bir nəfər pilləkənlərlə yuxarı qalxmağa çalışır, dişilə-dırnağilə əlləşir, yıxılır, yumalanır, qara-borana düşür, ancaq yolundan dönmür. Bir də onda baxır ki, sonuncu pillədədir, bundan o tərəfə yol yoxdur – pilləkən səmaya uzanan pillələrdən başqa bir şey deyilmiş demə: adam durur, düşünə-düşünə əyilir və bu pilləkənin növbəti pilləsinə çevrilir.
“Atmışıncılar” – və öz nəslinin ən ünlü siması kimi Anar – ədəbiyyatımızda həmən pillədir. Çünki onlar təkcə ədəbiyyatla məşğul olmayıblar, milli şüurun, mədəniyyətin, mənəviyyatın keşiyində durublar.
Dünən təsadüfən Anarın “Ürəyim ağrıyır” felyetonunu oxudum. Mirzə Cəlil təsiriylə yazılmış, o qədər də xoşuma gəlməyən adi bir satira. Oğlunun nişanlısını görməyə gedən klassik Azərbaycan kişisi “intelegent” ailə ilə rastlaşır: bu ailə azərbaycanlı olmasına baxmayaraq, rusca danışır, yad musiqilərlə bəslənir, muğam səsi gələndə başlarını götürüb otaqdan qaçır.., qız anasını buyurur, atanın sözü evdə keçmir, tanışlığa gedənlər pis duruma düşürlər…
Adi felyetondur, doğrumu? Yazılma tarixinə baxın: 1958! 20 yaşlı, şəhər mühitində böyüyən Anarın məhz hansı ildə hansı mövzuya toxunduğunu görürsünüzmü?
Adi felyeton deyil, eləmi?
Anar ona görə hələ də sözün bütün mənalarında yaşayır və yaşayacaq ki, o, böyük bir missiyanı çiyinlərində daşıyıb – “Ağ liman”da, “Macal”da, “Şəhərin yay günləri”ndə, “Yaxşı padşahın nağılı”nda… və “Otel otağı”nda olduğu kimi.
Hələ yaratdığı Kəbirlinski kimi obrazlarından danışmıram… Hələ aylarla, illərlə axtardığı, tapdığı elmi-tarixi həqiqətləri senarilərində, məqalələrində verməsinə toxunmuram… Hələ “Qobustan” jurnalınındakı mədəni inqilabın adını çəkmirəm.
Çoxşaxəli adamdır, eləmi?
Kimlərsə: Anar (yaradıcılığının) adı gələndə qaş-qabaq tökə; Anarın yazdıqlarını həzm etməyə; Anara yuxarıdan aşağı baxa; Anarı bəyənməyə; Anarda (xarakterində) nöqsan axtara; Anardan daha yaxşı yazacağını söyləyə və hətta sübut edə bilər – qayət normal bir hal!
Amma heç kim Anar Faktını inkar edə bilməz.
Çünki Anar – bütün yaradıcılığı və ömrü ilə Ədəbi Faktdır.
Bu gün – martın 14-də qocaldığını düşünməsəm də, Böyük Adaşımın 74 yaşının tamamı da fakta çevrilir.
Tanrı yaşını və özünü bir az da Böyük etsin!

Anar Faktı və ya Anar Faktdır!
•


