Ross Uilson: “Hakimiyyətin Qubada əhalinin təzyiqi ilə icra başçısını qovmaq məcburiyyətində qaldığını eşitmək mənə maraqlı oldu”
“Qafqazda dəyişikliklərin davam edəcəyini gözləyirəm”
Hazırda Atlantik Şura nəzdində Avrasiya Mərkəzinin direktoru olan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Ross Uilson “Turan” agentliyinə müsahibə verib. Müsahibəni qısa ixtisarla təqdim edirik.
– Ərəb baharı başlayanda postsovet demokratlarının dəyişikliklər dalğasının onların ölkələrinə də çatacağına dair ümidləri var idi. Amma bir il keçdi, Mərkəzi Asiya və Qafqazdakı rejimlər isə demokratiyanı boğmaqda davam edir. Eyni zamanda, Azərbaycanda regional “üsyan” oldu, Qubada minlərlə insan küçələrə çıxaraq hüquqlarını tələb etdi və icra hakiminin qovulmasına nail oldu. Hakimiyyət bu hadisələrdən hansı nəticələri çıxarmalıdır?
– Xalqların, ölkələrin və regionların öz tarixləri və xarakteristikaları var. Mənə Azərbaycan hakimiyyətinin Qubada əhalinin təzyiqi ilə icra hakimiyyətini qovmaq məcburiyyətində qaldığını eşitmək maraqlı oldu.
Mərkəzi Asiya və Qafqazda dəyişikliklərin davam edəcəyini və orada yaşayan insanların azadlığına, təhlükəsizliyinə və sabitliyinə şərait yaradacağını gözləyirəm. Qərb regionda gedən proseslərdə fəal iştirak etməli, transatlantik dəyərləri irəli çəkməlidir.
– Azərbaycan məmurları ölkədə insan hüquqları haqqında danışarkən adətən bütün ittihamları inkar edir, bunu nailiyyətlərin olması və beynəlxalq ictimaiyyət tərəfindən bunun etiraf olunması ilə izah edirlər. Belə ki, ölkə ötən il BMT-nin Təhlükəsizlik Şurasına seçilib və bu il Eurovision-u qəbul edəcək. Siz CNBC-nin Azərbaycan prezidenti İlham Əliyev və ailəsinin gəlirləri haqqında bu yaxınlarda yayımladığı reportajı da nəzərə alaraq, Azərbaycanın real imicini necə təsvir edərdiniz? Bu faktlar ölkənin beynəlxalq imicinə necə təsir edir?
– Azərbaycanın BMT TŞ-yə seçilməsi BMT Baş Assambleyasında əksəriyyətin fikrini əks etdirir. “Eurovision”da uğur ölkənin uğurlarına müəyyən mənada hörmət olduğunu əks etdirir. Lakin Azərbaycan yalnız bununla deyil, demokratiya, insan hüquqları, qanunun aliliyi, sabitlik, təhlükəsizlik və s. sahələrdə də uğurları ilə qürur duymalıdır. Amma bunun üçün mövcud problemlər həll olunmalıdır.
– Azərbaycan son vaxtlar İran-İsrail qarşıdurmasının mərkəzindədir. Tehran və Bakı qarşılıqlı olaraq bir-birinə ciddi ittihamlar irəli sürdülər. Sizcə, Bakının Qərb və İran arasında “balans saxlaması” asan olacaq?
– İran bütün dünya üçün ciddi problem yaradır və bu ölkə Azərbaycanın qonşusudur. Vəziyyət ciddi şəkildə gərginləşərsə (bunun olmayacağına ürəkdən ümid edirəm), bu, Azərbaycanın regional və qlobal dünyaya qarşı çıxan, etnik və dini ayrı-seçkiliyin, qeyri-sabitliyin mənbəyi olanların deyil, tarixin tərəfində olması üçün böyük əhəmiyyət daşıyacaq.
– Azərbaycanın İsrail silahlarına ehtiyacı varmı? Bakıda bunun Qarabağ münaqişəsinin həlli üçün lazım olduğu deyilir. Necə düşünürsünüz, ölkə müharibəyə doğru gedir?
– Azərbaycanın hərbi ehtiyaclarını qiymətləndirə bilmərəm. Əminəm ki, münaqişənin hərbi yolla həlli yoxdur. Bundan bütün ölkələr uduzar. Prezidentlər Əliyev və Sarkisyanı cəsarətli addımlar ataraq, 2012-ci ildə Qarabağ probleminin həllinə nail olduqlarını görməyi çox istərdim.


