Stadion «Eurovision» üçün yaramadı

Azad Rəhimov: «Avropa Yayım Birliyi respublika stadionuna «Eurovision»un keçirilməsi üçün alternativ yer kimi baxmır»

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Tofiq Bəhramov adına stadionun bu ilin mayında Bakıda keçiriləcək “Eurovision” müsabiqəsinə alternativ yer kimi hazırlanmasına dair fikirlərə münasibət bildirib.  
Nazir APA-ya bildirib ki, Avropa Yayım Birliyi Tofiq Bəhramov adına Respublika stadionuna “Eurovision” müsabiqəsinin keçirilməsi üçün alternativ yer kimi baxmır: “Avropa Yayım Birliyi alternativ variant kimi Heydər Əliyev adına idman-konsert kompleksini nəzərdə saxlayır. Bəlkə də bu alternativ variant da bizə lazım olmayacaq, ”Baku Crystal Hall” vaxtında istifadəyə veriləcək. Bununla belə, respublika stadionunda da işlər davam edir və biz onu saxlamırıq. Hər şey ola bilər. Görürsünüz ki, mart ayında Bakıda qar yağır. Maşınların hərəkətində problemlər yarana, tikinti üçün lazım olan avadanlıqlar vaxtlı-vaxtında çatmaya bilər. Ona görə də ehtiyat variant həmişə olmalıdır”.