Saakaşviliyə verdiyimiz nöyüt burnundan gəlsin, qazımız gözündən tökülsün, necə ki, tüstümüzü təpəmizdən çıxarır. Bakıya gəldi-gəlmədi, özüylə dərd, ələm, qayğı gətirdi.
Milli Məclisdəki çıxışında hər addımbaşı heykəlini ucaldıb, təzim etdiyimiz və aldığımız nəfəsə görə borclu olduğumuz, dövlətimizin banisi kimi tarix kitablarına saldığımız əbədiyaşar rəhmətlik ümumillimizdən sitat gətirmədi – dözdük. “Əzəli və əbədimizdən” misal gətirməməsi cəhənnəm, ona kim demişdi ki, bircə dənə büstünü qoymamaqla rəsmən dışladığımız Məhəmməd Əmin bəyin şüarını səsləndirsin? Bu şüarı Azərbaycanca deməkdə Saakaşvilinin məqsədi nəydi? Yoxsa, dövlətimizin banisinin Heydər Əliyev deyil, Rəsulzadə olduğuna eyham vururdu?
Bu eyhamlara da birtəhər səbr etdik. Amma Saakaşvilinin Azərbaycan Milli Məclisini beynəlxalq tribunaya döndərməsinə, Bakıdan Rusiyaya barmaq silkələməsinə necə dözə bilərdik? Bəyəm, Saakaşvili bilmir ki, Rusiya hələ də bizim “böyük qardaşımız” olmaqda davam edir? Bəyəm, Saakaşvili anlamır ki, Medvedevlə Putin Ilham Əliyevin xizək dostudur? Bunun qəsdi nədir? Möhtərəmimizi xizək sürməkdən məhrummu etmək istəyir?
Adamın yaxşılığını beləmi qaytarırlar? Nöyütü al, qazı al, hələ dəmiryol çəkmək üçün milyonları faizsiz olaraq qatla, axırda da belə? Səni Qars-Axalkalaki dəmir yolu tutsun, Mişa!
Budur, Bakıda bir söz deyib aradan çıxdı, indi onun sözlərini təkzibləməklə məşğuldur yazıq Əli müəllim – Prezident Administrasiyasının şöbə müdirini deyirəm. Saakaşvilidən sonra hansı təhdid gəldi, nə oldu, nələr danışıldı, bilmirəm; bildiyim odur ki, Əli Həsənov 3 gündü düşüb mətbuatın canına, Saakaşvilinin dediklərinə Azərbaycan hakimiyyətinin şərik olmadığını bəyanlamaqla məşğuldur.
Gör, nə vəziyyətə qaldıq ki, Əli müəllimin tirajlı sayt-portallarda yayımlatdırdığı geniş müsahibəsində Saakaşvilinin sözlərinə heç bir şərh vermək niyyətində olmadığını və bu fikirləri bölüşmədiyini bildirməsi yetərli sayılmadı, ona görə bir gün ötməmiş, elektron KIV-ə çıxdı, daha açıq mətnlə Azərbaycanın mövqeyini ortaya qoydu. Bu mövqe də ondan ibarətdir ki, Saakaşvili Bakıda nə deyib, özü bilər, vallah-billah, bizə aidiyyəti yoxdur!
Azərbaycan hakimiyyətini Əli müəllimin timsalında az qala, and-aman etməyə vadar edən səbəb nədir? Biri Bakıda söz deyəcək, digəri də Əliyevlərin üstünə düşəcək… Belə biabırçılıq olar?
Indi Əli müəllim neyləsin? Adamın başını elə qatıblar ki, Müsavat başqanlığına kimin namizədliyini verməsindən, Isa Qəmbərin rəhbər seçilməyəcəyindən belə, xəbərsizdir. Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri birbaşa vəzifəsinə aid olan məsələni bilmir. Savadsızlığındandırmı? Tutduğu vəzifəsinin öhdəsindən gələ bilmirmi? Bilməməyi bir tərəfə, bəs, nə əcəb bilmədiyini dilə gətirməkdən narahat olmur?
Qoyurlar ki, öz işiylə məşğul olsun? Dubayda villa alınıb – Əli Həsənov, cavab ver; Saakaşvili Bakıda Rusiyanın əleyhinə danışıb – Əli müəllim, dur qabağa; Fransa soyqırım qadağası qanununu qəbul etmək istəyir – Əli müəllim, gör, nağayırırsan; Iran KIV-i Azərbaycan hakimiyyətini ağ yuyub, qara sərir – Əli müəllim, Tehrana səfər elə… Qardaş, bu adam Elmar Məmmədyarovdu, Novruz Məmmədovdu, Nuşirəvan Məhərrəmlidi, nəhayət, Ilham Əliyevdimi?
Hələ o gün binəvanın üstünə nə təhər düşdülərsə, məcbur olub dedi ki, “Bulvarı Bibiheybətə qədər uzadırıq”. Belə zülm olar? Bir Hacıbala Abutalıbov olmamışdı, onu da boynuna çəkdi.
Belə-belə yükləndiyidir ki, adamın ölkə daxilindən xəbəri yoxdur da…
Əli Əhmədova bircə sual
Əli Həsənovdan danışdım, adaşı yadıma düşdü. Dünən YAP-ın icra katibi Əli Əhmədov şanlı bir müsahibə verib, deyib ki, “yalan danışmaq insani keyfiyyət deyil, bir siyasi partiya rəhbərinin yalan danışması isə daha betər”.
Bundan gözəl söz, bundan səlis ifadə ağlınıza gəlirmi? Var olsun Əli müəllim, lap adaşı Həzrət Əli kimi danışıb!
Indi isə… Yox, minlərlə sualın içindən yalnız birini verəcəyəm – həm də, lap təzəlikcə baş verəni.
Əli müəllim, 2011-ci ildə Azərbaycanın iqtisadi inkişafı proqnozlaşdırıldığından 100 (!!!) dəfə az – cəmi 0,1 faizlə məhdudlaşdı. Amma YAP sədri Ilham Əliyev bu rəqəmin fonunda 2011-ci ili “uğurlu il” adlandırdı. Sədriniz doğrumu deyirdi?
Cavab verməyə də bilərsiniz…



