Polis özbaşınalığının daha bir qurbanı

Polis serjantının törətdiyi qəza nəticəsində ölən Aqşin Abdullayevin ailəsi «Azadlıq»a nələri danışdı?

Amin Abdullayev: «Ruslan həmin gün iş başında olmalı idi. O, sükanın arxasında mülki geyimdə əyləşib. Iş başında olan polis günün günorta çağı avtoşluq edər?»

Hər yerdə olduğu kimi, Göyçayda da polis harınlığı, özbaşınalığı, mənəm-mənəmliyi davam edir. Bir müddət əvvəl burada hər şey qaydasında idi. Çünki indiki rəisdən əvvəlki Vüqar Məmmədyarov işindən uzaqlaşdırılanda hamı gələcək rəisin daha yaxşı olacağına ümid edirdi. Ancaq Islam Hümmətov gəldiyi gündən bir qədər sonra sələfinin ölənlərinə rəhmət oxutdurmağa başladı. Indi əvvəlki qayda ilə Göyçayda vəziyyət davam edir…

Müstəntiqin inadı və…

Bu ilin fevralın 27-də saat 12 radələrində Amin Abdullayev qardaşı Aqşinlə idarə etdiyi 10 GX 524 nömrəli VAZ 2106 markalı avtomobilldə qəzaya düşüb. Daha dəqiq ifadə etsək, qəzaya uğradılıb. Belə ki, Amin idarə etdiyi maşınla şəhərin mərkəzində avtomobil üçün ehtiyat hissələri almağa gedərkən Heydər Əliyev prospektində Göyçay rayon polis şöbəsinin Ruslan adlı əməkdaşının idarə etdiyi avtomobil onları ölümcül hala salır. Deyilənlərə görə, 23 BH 660 nömrəli qara “Hundai”nin sahibi olan Ruslanın sürücülük vəsiqəsi yoxdur. Bu azmış kimi o, maşını içkili halda idarə edirmiş. Bunu hadisə zamanı şahidlər də görüb. Ancaq nədənsə çəkilişə gələn Xəzər televiziyasının yerli bürosunun əməkdaşı materialı efirə çox qərəzli şəkildə verib. Guya xəsarət alan Ruslandı, bu azmış kimi günah da Abdullayev qardaşlarında olub. Ancaq hadisələrin artan xətlə inkişafına diqqət yetirəndə hər şeyi açıq-aydın görmək olur. Hadisə baş verən gündən 11 gün sonra, yəni martın 9-da Aqşin Abdullayev paytaxtdakı 3 saylı Sabunçu xəstəxanasında dünyasını dəyişib. Bu 11 gündə isə ailənin yaşadığı təkcə Aqşinin komada olması deyil.

Abdullayevlər qardaşlarının dayısı Mobil Xeyrullayev deyir ki, hadisə baş verən gün rayon prokurorluğuna “stajyor” kimi gələn Samir adlı müstəntiq ilk andan vəziyyəti polisin xeyrinə dəyişməyə çalışıb: “Hadisədən bir neçə dəqiqə sonra Samir gəldi, dedi ki, Amin bizimlə polis idarəsinə gedib izahat verməlidir. Amin Aqşinə nisbətən az xəsarət almışdı. Amin şokda idi, nəyin necə olduğunu artıq müəyyənləşdirə bilmirdi. Biz Samirə ədəb-ərkanla başa salmaq istədik ki, polis idarəsində izahat vermək düz deyil. Ən azı polis qarşı tərəfdir. Təklif etdik ki, izahat ya prokurorluqda, ya da evində alınsın. O, inadından dönmədi. Ərazidəki insanların hay-həşirindən sonra geri çəkilməyə başladı. Nəhayət, üç polis əməkdaşı və Amin prokurorluğa getdi. Orada ondan izahat alındı”.
Mobil Xeyrullayevin sözlərinə görə, Amindən qan analizi götürmək istəyiblər: “Biz buna da etiraz etdik. Axı nədən hər biri işi polis idarəsində görmək istəyirlər? Polis burada qarşı tərəfdir. Aqşini apardığımız Göyçay rayon xəstəxanasında Amindən və bir də bizə məlum olmayan yerdə Ruslandan qan analizi götürdülər. Ancaq indiyə kimi analizlərin cavabı bəlli deyil”.

Gözlənilən bir qətlin tarixçəsi

Bu olaydan sonra Ruslan 3-4 gün işdə də olub. Məsələ ictimailəşəndən sonra birdən-birə o, yoxa çıxıb. Hazırda onun harada və nə işlə məşğul olması barədə heç kimdə məlumat yoxdur. Polislər rayonda belə şayiə buraxıblar ki, nazir Ramil Usubov Ruslanın əmrini verib. Ancaq ailəsi bunun yalan olduğunu düşünür. Çünki sıravi polis serjantının işdən çıxarılmasına nazir yox, polis rəisi əmr verir.
Müsahibimiz Mobil bəy bildirir ki, işi aparan müstəntiq rayonun əvvəlki prokuroru olan Aftandil Babayevin rolunu oynayır: “Aftandil necə hərəkət edirdisə, bu da elə edir. Qadına, uşağa baxmadan, insanlığa qiymət qoymadan guya vəzifə borcunu yerinə yetirir. Halbuki, qanunsuzluqla məşğuldur”.
Müsahibiz qeyd edir ki, olayı törədən Ruslan ruhi xəstədir. Bu faktı rayonda söhbətləşdiyimiz sakinlər də təsdiqlədi. Onlar deyirlər ki, polis serjantı dəfələrlə içkili vəziyyətdə kiçik qəzalar törədib: “Şəhərdə onun yerişinə baxan insan bunu dərhal anlayar. O nə vaxtsa bu cür bəla törədəcəkdi. Ancaq onun yaşatdığı bəla Abdullayevlər ailəsinin başında çatladı”.

Cavabı tapılmayan haqlı suallar

Mərhumun qardaşı, hadisənin şahidi olan və maşını idarə edən Aminlə söhbətləşirik. O deyir ki, həmin gün öz yoluyla saatda 20-40 km sürətlə hərəkət edirmiş: “Biz qarşıdakı yoldan dönməli idik. Ancaq Ruslan idarə etdiyi maşınla saatda 120 km-dən çox sürətlə gəldi və belə bir qəza törətdi”. Aminin dediyinə görə, hadisə baş verəndə onun idarə etdiyi avtomobil yolun əks istiqamətinə keçib: “Bu da müstəntiqin əlinə fürsət verdi. Mən onlara başa sala bilmədim ki, Ruslan maşını bizim üstümüzə sürüb. Müstəntiq dediyində qaldı. Hadisə yerinə gələn Xəzər telekanalı efirə verir ki, guya polis xəsarət alıb. Ruslanın xəsarət almasıyla bağlı bir saniyəlik də olsun süjet efirə verilməyib. Ruslan həmin gün iş başında olmalı idi. Əgər sənədləri saxtalaşdırmayıblarsa, bunu sübut etmək mümkündür. Hadisə şahidi olanlar da təsdiq edə bilər ki, Ruslan sükan arxasında mülki geyimdə əyləşib. Iş başında olan polis günün günorta çağı avtoşluq edər? Nədən qan analizi ortaya çıxarılmır?”.
Amin deyir ki, hadisə baş verən ərazini səhəri polislər yuyub təmizlədilər: “Niyə bunu etdilər? Məni həmin gün prokurorluğa izahata apardılar. Müstəntiqə şokda olduğumu, həmin vaxt nələr olduğunu anlada bilməyəcəyimi dedim. Inadından dönməyəndə, bir-iki şeyi dedim ona. Samir də izahat hazırlayıb, məcburi surətdə mənə imza atdırdı. Səhər gəlib hadisəni onlara danışmaq, izahatıma əlavələr etmək istədiyimi dedim. Müstəntiq dedi ki, artıq dəftərxanaya verilib. Bir sözlə, mənim huşsuzluğumdan sui-istifadə edib, öz bildiklərini etdilər”.
Polislər deyir ki, Ruslan maşını sürətlə sürdüyünə görə 10 manat cərimələnəcək: “Burada adam ölüb. Insan həyatından söhbət gedir, bunlar isə 10 manatlıq cərimədən danışırlar. Belə çıxır ki, polis adam öldürüb, sonra 10-15 manatla işi xətm edə bilərlər…”.

Ramil Usubov Ruslanı görərsə…

Aqşin Abdullayev 1981-ci il təvəllüdlüdür. Iki qız atası olan Aqşin rayondakı kollecdə işləyirdi. Atalarını uşaq vaxtı itirən Abdullayevlər ailəsinin yeganə dolanışıq mənbəyi onun qazancıydı.
Indi bu ailənin yeganə bir istəyi var: “Ruslanın hüquq çərçivəsində məsuliyyətə cəlb olunmasını tələb edirik. Belə bir adamın polisdə işləməsinə kim icazə verib. Hara baxırlar? Gözləyirlər ki, Ruslan və onun kimiləri çoxlu Aqşinləri qətlə yetirsinlər? Ramil Usubov Ruslanı qəbul etsin, bir dəqiqə içərisində onun kim olduğunu gözləriylə görə biləcək”.

***

Bax belə, növbəti özbaşınalıq, növbəti polis cinayəti. Biz Abdullayevlər ailəsini tərk edirik. Bizi qarşılayan da, yola salan da Mobil Xeyrullayevdir.
Mobil Xeyrullayev! Bu ad çoxlarına bəlkə də heç nə demir. Çoxunuz bu ismi mərhumun dayısı kimi qəbul etdiniz. Ancaq Mobil bəy Göyçayda ilk dəfə 80-ci illərdə partiya biletini cırıb atanlardan olub. SSRI-yə qarşı kəskin çıxışlar edib. Bir daha belə bir rejimin mövcud olmasını arzulamayıb. Ancaq indiki hökumətin yarıtmaz siyasəti onu vadar edir ki, bu rejimi də röyasında belə görməsin…

Ramin DEKO,
Bakı-Göyçay-Bakı