OMON bitdi

Anam etiraz əlaməti olaraq, özünü qaynar su ilə yandırdı

Bakıda nə baş verirdi? Rövşən Cavadov Bakıya qayıtdıqda onu heç kim qəbul etmək, dinləmək istəmədi. Əksinə, OMON-un qərargahı ətrafına böyük hərbi birləşmələr cəlb olunmuş, bir neçə həlqə mühasirə təşkil edilmişdi. Açıq-aşkar görünürdü ki, OMON-la birdəfəlik qurtarmaq istəyirlər və bunu hamı başa düşürdü. OMON-un xırda qruplara ayrılaraq dövlət obyektlərini ələ keçirmək planları barədə versiyaların isə heç bir əsası yox idi. Onların hamısı öz qərargahlarında qapanıb oturmuşdular. Ən dəhşətlisi də budur ki, hətta ağ bayraq qaldırılandan sonra da, cəzasız qalacaqlarına, əksinə mükafatlandırılacaqlarına inanan qüvvələr OMON-a xüsusi qəddarlıqla divan tutmaq yarışına girmişdi. Düşünürəm ki, bir zaman gələcək, bütün bu hadisələrə doğru qiymət veriləcək və orada həlak olanların xatirəsi onların özlərinə layiq şəkildə anılacaq. Mən istərdim ki, bugünkü gənclik Vətənin bu mərd, döyüşlərdə qan axıtmış oğulları barədə həqiqəti bilsin. Onlar ən çətin günlərdə əllərinə silah alıb Vətənin müdafiəsinə qalxmış igid oğlanlar idi. Onların bir çoxu müharibənin od-alovunu keçsə də, rejim onları məhv etdi.

İsa Sadıqov

başlanğıcı ötən saylarımızda

Martın 17-dən sonra bütün ölkə boyu kütləvi həbslər başlandı. Heç bir günahı olmayan minlərlə insan Vətən xaini elan edilərək həbsxanalara dolduruldu. OMON-la haqq-hesabın bitməsi rejimin imkanlarını daha da genişləndirdi. Qazaxa da böyük bir istintaq qrupu gələrək burada geniş miqyaslı istintaqa başladı.

“Ehtiyatlı ol, səni həbs edəcəklər”

Daxili Işlər Nazirliyinin zabitlərindən biri xahiş etdi ki, onda olan çox əhəmiyyətli məlumatı dinləmək üçün ona vaxt ayırım. Əlbəttə, bu günlərdə mən çox məşğul idim və başımı qaşımağa vaxtım yox idi. Amma o, təkidlə özü mənim yanıma gəldi, məni bir kənara çəkib dedi ki, Bakıdan xüsusi qrup gəlib, həmin qrup mənim özümü də Vətənə xəyanət ittihamı ilə həbs etməlidir və artıq uyğun cinayət işi qaldırılıb. Mən gülümsədim və “bacarırlarsa, həbs etsinlər”, dedim. O israrla bildirdi ki, özü də bu torpaqlarda anadan olub, haqqımda məlumatlıdır və mənə simpatiyası var, buna görə də bu xəbəri çatdırmağı özünə borc bilib. Mən ona təşəkkür edərək mühafizəni gücləndirdim, çünki başqa məsələlər də vardı. Amma əslinə qalsa, bütün baş verənlərə baxmayaraq, artıq məni heç nə qorxutmurdu. Mən sabiq polis rəislərindən olan dostumdan xahiş etdim ki, həmin DIN zabiti ilə görüşüb dəqiqləşdirsin ki, mənimlə neyləmək istəyirlər. Əlbəttə, mənim əhəmiyyət vermək istəmədiyim şayiələr də çox idi, eyni zamanda mən əmin idim ki, onlar üçün sərfəli olmayan adama çevrilmişəm, onlarla “əməkdaşlıq”dan yayınmışam və onları təmin edə biləcək zəruri izahat da verə bilməmişəm.
Dostum görüşdən qayıtdı, bildirdi ki, məsələ çox ciddidir və mən ölkəni tərk etməliyəm. Buna etiraz etdim və düşündüm ki, ölkədən çıxsam, mənə qarşı istənilən ittihamı hazırlaya bilərlər. Amma qanuni əsaslarla mənə qarşı hər hansı ittihamı hazırlamaq mümkün deyildi. Hər ehtimala qarşı, növbəti gün dostumla birlikdə Tbilisiyə gedərək orada yüksək rütbəli bir tanışımla görüşdüm. O, lazım gələrsə, mənim üçüncü ölkəyə keçməyimə şərait yarada biləcəyini vəd etdi, amma bir daha təkrar edirəm ki, heç hara getmək niyyətində deyildim.  

Istefa ərizələrimi cırıb tullayırdılar

Başımın üzərində buludlar tündləşir və gündən-günə müdafiə nazirliyinin rəhbərliyində mənə qarşı yaramaz fəaliyyətlərin daha da artdığını hiss edirdim. Bütün bu yaramazlıqları gördükdən sonra istefa verərək Gürcüstana getmək qərarına gəldim. Baxmayaraq ki, 1992-ci ildən üzübəri Milli Orduda yüksək vəzifə daşıyırdım, heç bir təminatım yox idi. Müharibə isə artıq heç kimə lazım deyildi. Istefa ərizəmi bir neçə dəfə kənara atdılar, amma paralel olaraq min cür yaramazlıqlar toxumaqdan da əl çəkmirdilər. Nəhayət, getmək qərarı verdim. Mən Gürcüstan vətəndaşı idim, orada parlament seçkiləri zamanı namizədliyimi də irəli sürmüşdüm. Namizəd olduğum müddətdə toxunulmazlıq hüququm olmasına baxmayaraq, həbs edildim.

Ailəmi 3 gün ərzində deportasiya etdilər

Mənə, Gürcüstan vətəndaşına, Azərbaycanın müdafiə nazirinə qarşı Vətənə xəyanət və fərarilik ittihamı ilə cinayət işi qaldırıldı(?). Gün ərzində bir neçə dəfə TV və radio kanallarında məlumat verildi ki, “Heydər Əliyevin düşməni, xain, narkoman Isa Sadıqov həbs edilib”. Dünyalar qədər sevdiyim anam həbsimə etiraz olaraq özünü qaynar su ilə yandırdı. Bu dəhşətli hadisəni heç vaxt yadımdan çıxara bilmərəm. Onu da həmişə xatırlayacağam ki, hərbi əməliyyatların ən şiddətli zamanlarında belə, hamı ilə eyni qaydada bombalardan qaçıb zirzəmilərə sığınan, yaşamaq üçün cəmi-cümlətanı Qazaxdakı bir taxta evdən başqa heç nəyi olmayan valideynlərimi, ailəmi 3 gün ərzində Azərbaycandan sınırdışı etdilər. Onu da xatırlayıram ki, OMON-çuların həbsi ilə başlanan dəhşətli vahimə və qorxu şəraitində kimsə mənim qoca valideynlərimi müdafiə etməyə cəsarət etmədi. Mənim qaynar su ilə yanmış anamı yalnız qonşular ölkənin siyasi və hərbi rəhbərliyindən gizlətməyə cəhd etmişdilər.

Mən o günləri xatırlayıram

Bütün bunlar o zaman baş vermişdi ki, mən artıq həbsxanada otururdum. Azərbaycanın hərbi-siyasi rəhbərliyi məni həbsxanaya ataraq üstəlik, mənə görə ailəmi, qoca valideynlərimi cəzalandırırdı. Mən bu hadisələri sanksiyalaşdıranlardan (buraya Səfər Əbiyev və Aslan Aslanov da daxildirlər) da soruşmaq istəyirəm: siz bu məşum hadisələri xatırlayırsınızmı? Bu dünyanın azman diktatorlarının – Səddam Hüseynin, Çauşeskunun, Bin Əlinin,  Mübarəkin aqibətini xatırlayırsınızsa, o dəhşətli hadisələri də yadınızdan çıxarmış olmazsınız.
Mən də öz növbəmdə, bütün bunları heç zaman unuda bilmirəm. Və mən Azərbaycana gələcəyəm…

ardı var