“Azərsu” Sarayı susuz qoyub

Qorxmaz Hüseynov qəsəbənin su problemini niyə həll etmir?

Abşeron rayonu, Saray qəsəbəsinin bir qrup sakini – Qabil Rzayev, Bəkir Cəfərov, Vaqif Əliyev, Qabil Zülfiyev, Famil Zülfiyev, Məmmədəli Şıxıyev, Vaqif Əliyev bir neçə gündür ki, qəsəbə sakinlərinin su üzünə həsrət qaldığını deyirlər. Xüsusən də qəsəbənin Abbasqulu ağa Bakıxanov və Adil Məsimov küçələrində yaşayan sakinlər bir həftəyə yaxındır ki, susuzluqdan əziyyət çəkirlər. Sakinlərin sözlərinə görə, əslində Bakıya qar yağan ilk günlərdən Saray qəsəbəsində su problemi yaşanır. Şaxtalı günlərdə su verilməməsi ilə əlaqədar sakinlər dəfələrlə “Azərsu”ya müraciət etsələr də, bunun heç bir nəticəsi olmayıb.
Bəkir Cəfərov deyir ki, qəsəbəyə su Ceyranbatan su anbarından verilir. Lakin bir həftəyə yaxındır ki, anbardan qəsəbəyə su verilmir. Bununla əlaqədar “Azərsu” ASC-nin “Qaynar xətti”nə müraciət etdiklərini bildirən Bəkir Cəfərovun sözlərinə görə, şikayətlərinin heç bir nəticəsi olmayıb: “Azərsu”ya yeni rəhbər təyin olunandan sonra vəziyyət daha da pisləşib. Elə bil ki, bu qurumun rəhbəri xalqa düşmən kəsilib. Başa düşmürük, bəlkə bunların məqsədi xalqı dövlətə qarşı qaldırmaqdır? Bu cür özbaşınalıqmı olar?”.
Sakinlər qəsəbədə digər kommunal xidmətlərin də qənaətbəxş olmadığını bildirdilər. Onların sözlərinə görə, xeyli vaxtdır ki, axşam saat 23.00-dan sonra qəsəbəyə qaz verilişində də ciddi problemlər yaşanır. Belə ki, naməlum səbəblərdən qaz verilişi dayandırılır.
Mövzu ilə bağlı “Azərsu”nun mövqeyini öyrənmək mümkün olmayıb. Mövzunu diqqətdə saxlayacağıq.