Müdafiə naziri İran səfərinə Xomeyninin qəbrini ziyarətlə başlayıb
İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bu ölkənin müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əhməd Vəhidi ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdən əvvəl S. Əbiyevin rəsmi qarşılanma mərasimi keçirilib. Mərasimdə və hər iki ölkənin dövlət himni səsləndirilib.
Sonra geniş tərkibdə davam etdirilən görüşdə İran-Azərbaycan əlaqələri və regiondakı vəziyyətlə bağlı müzakirələr aparılıb. Ə.Vəhidi İranla Azərbaycanın dini, tarixi və mədəni baxımdan çox yaxın ölkələr olduğunu, həmçinin hər iki ölkənin Xəzər dənizi və quru sərhədlərinin olduğunu qeyd edib.
S. Əbiyev isə öz növbəsində martın 7-də İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin Naxçıvanda baş tutan görüşünün əhəmiyyətindən danışıb. O, Azərbaycan-İran münasibətlərinin inkişafının normal məcrada davam etdiyini qeyd edib. Görüşün sonunda nazirlər media nümayəndələri üçün mətbuat konfransı keçiriblər.
S.Əbiyevin İran prezidenti Mahmud Əhmədinejadla da görüşü gözlənilir.
Nazir iranlı həmkarı Əhməd Vəhidinin rəsmi dəvəti ilə Tehrana gedib. O, səfərinə İran İslam Respublikasının qurucusu ayətullah İmam Xomeyninin qəbrini ziyarət etməklə başlayıb. Səfər Əbiyev ayətullah İmam Xomeyninin qəbrinə gül çələngi qoyub və anım dəftərinə təəssüratını yazıb.



