Saakaşvili şilləsi

Ravil Əsədov

Saakaşvilinin Milli Məclisdə, YAPutatlar qarşısındakı çıxışı məni həm qürurlandırdı, həm də müəyyən xatirələri yadıma salıb bir qədər kədərləndirdi. Bütün çıxışı boyu Azərbaycan dövlətçiliyinin, millətçiliyinin, demokratik dövlətçilik ənənələrimizin əsl banisi Məhəmməd Əmin Rəsulzadənin adını bir neçə dəfə çəkməsi, onun ulu kəlamını doğma dilimizdə deməsi çox qürurverici idi.
Maraqlıdır, görəsən,á qonşu dövlətin prezidentinin Rəsulzadənin adını bir neçə dəfə çəkməsi zalda əyləşən saxta deputatların ürəklərində hansı hissləri doğururdu. Bu çıxış zamanı görünən o idi ki, yaputatların əksəriyyəti nəsə narahat kimiydi. Idol seçdiklərinin adının bir dəfə də hallanmaması faktı onları özlərini sanki iynə üstündə oturmuş kimi hiss etməyə vadar edirdi. Özləri də bilirlər, anlayırlar ki, bu yalançı idolun ömrü uzun deyil, tarixin bu qaranlıq səhifəsi qapanıb yenisi, daha nurlusu açılan kimi orada hər şey yerini tutacaq. Daha doğrusuá, tutmayacaq.
Həqiqət isə danılmazdır. Kənardan daha aydın sezilir. Nə qədər onu boğmağa çalışsalar da, yenə də yaddaşlarda, ürəklərdə özünü yaşadaraq heç zaman təravətini itirmir, vaxt keçdikcə daha da dəyərli olur, sevilir. Bu yalançı millət vəkillərini narahat edən yəqin o idi. Hamısı öz aləmlərində uydurduğu bir utopik ululuq, öndərlik fenomeninin təsiri altına o qədər eyforik dərəcədə düşüblər ki, hər birisi ayrılıqda bunun sadəcə yalan olduğunu bilsə də, amma heç biri ürək edib onu dilinə gətirmir. Xüsusilə də onları kütlə şəklində, hamısını bir yerə yığıb yalançı, riyakar və dünya malına görə sonsuz dərəcədə yaltaq olmalarını heç kim hələ bu Yaputatların üzünə deməmişdi. Bilavasitə olmasa da, dolayısıyla bunu ilk dəfə Saakaşvili etdi.
Azərbaycan tarixinin ən şanlı, qürurlu səhifələrinin adının Rəsulzadə ilə bağlı olmasını dönə-dönə qeyd etmək və psevdoöndərin adını bir dəfə də hallandırmamaq zala yığışanlara sanki yağlı bir şillə vurmaq idi. Riyakar, saxtakar, xəyanətkar, yaltaq olmalarına görə.
Bu çıxışın kədərli tərəfi isə bizim özümüzlə bağlıdır.  Tariximizin həqiqi şanlı simaları, səhifələri ola-ola özümüzdən yeni, süni nələrisə icad etməyə çalışır, daim həyatımızı yalan və xəbislik üstündə qururuq. Saakaşvili dilinə gətirməyənə qədər o zalda əsl öndərin adının neçə illərdir ki, bir dəfə də hallanmaması, xatirəsinin yad edilməməsi çox utancvericidir. Tariximizə hörmət etmədiyimiz üçündür ki, yəqin heç kim də bizə hörmət etmir. Hər şeyi şəxsi mənafeyimiz üçün edirik və bunun üçün utancverici yalanlar uydurur, özümüzü aldadırıq. Bunda hər birimizin, bütün cəmiyyətimizin günahı var…
Onsuz da özümüzü danmağa alışmışıq. Mənə sadəcə arzulamaq qalır ki, tezliklə o gün gələcək ki, Saakaşvilinin çıxış etdiyi o milli parlamentimizin divarında əsl öndərin ürəkdən gələn, həqiqi sevgi və amal dolu sözləri qızıl hərflərlə yazılacaq: “Bir kərə yüksələn bayraq bir daha enməz!”.
Necə ki, onun əziz xatirəsi qəlblərimizə qızıl hərflərlə həkk olunub…