“Azad Avropa”/“Azadlıq” radioları korporasiyasının prezidenti Steven Korn Bakıya gələrək jurnalist Xədicə İsmayılovaya ilə görüşüb. Martın 12-də “Media forum” saytına açıqlama verən Xədicə İsmayılova deyib ki, prezident ona tam dəstək olduğunu bildirib: “Görüşlərimiz davam edəcək. Bu barədə rəsmi açıqlamalar olacaq”.
Martın 7-də “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın ev ünvanına təhdid və şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Jurnalistə özünü yığışdırmaq məsləhət görülüb, əks halda rüsvay olacağı bildirilib. Martın 9-da Xədicə İsmayılova baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubova şikayət ərizəsi göndərib.
Martın 12-də “Media forum” saytına danışan jurnalist deyib ki, müraciət olunan qurumların heç birindən cavab gəlməyib.
Cinayət Məcəlləsinin 156-cı maddəsinə (Şəxsi həyatın toxunulmazlığını pozma) görə, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə ona üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilə bilər.


