“Dalğa” yeni sədrini seçdi

Dünən “Dalğa” Gənclər Hərəkatının VI Qurultayı keçirilib. Qurultayda “Dalğa” GH-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Pərviz Əzimov Qurultay prosesi və namizədlər haqqında iştirakçılara məlumat verib. Daha sonra “Dalğa” GH-nin keçmiş sədri Orxan Nəbiyev “Dalğa” GH-nin ötən bir il ərzindəki, Mərkəzi Nəzarət Təftiş Komitəsinin rəhbəri Ağarəhim Poladov isə MNTK-nın fəaliyyəti barədə məlumat verib.
Sonra Qurultayda iştirak edən qonaqlar, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Gənclərin Hüquqlarını Müdafiə Komitəsində təmsil olunan təşkilatların nümayəndələri, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı, VHP Təşkilat şöbəsinin müdiri Samir Əsədli, NIDA Vətəndaş Hərəkatı idarə heyətinin üzvü Zaur Qurbanlı,  “Müsbət Dəyişiklik” Gənclər Təşkilatının idarə heyətinin üzvü Rəşad Həsənov və başqa təşkilatların nümayəndləri çıxış edib.
Sonda “Dalğa” GH-nin sədrliyinə namizədlər – Həmidə Qiyasbəyli və Xanım Yadigarlı, “Dalğa” GH-nin layihəsi olan “Demokratiya Məktəbi”nin direktorluğuna namizədlər – Cəmilə Ibrahimova, Vüsal Bacar, Kənan Ismayılov və Fərhad Ibarhimov çıxış edib.
Çıxışlardan sonra “Dalğa” GH üzvləri gizli səsvermə yolu ilə yeni sədri və “Demokratiya Məktəbi”nin direktorunu seçiblər. Səsvermədə 64 nəfər iştirak edib. Onlardan sədr seçkilərinə uyğun olaraq 43 nəfər Xanım Yadigarlıya, 20 nəfər Həmidə Qiyasbəyliyə səs verib. Bir bülleten etibarsız sayılıb.
“Demokratiya Məktəbi”nə seçkilərdə isə 7 nəfər Fərhad Ibarhimova, 7 nəfər Cəmilə Ibrahimovaya, 19 nəfər Vüsal Bacara, 30 nəfər Kənan Ismayılova səs verib.
Beləliklə, Xanım Yadigarlı “Dalğa” GH-nin yeni sədri, Kənan Ismayılov “Demokratiya Məktəbi”nin direktoru seçilib.