AXCP Yevlax rayon şöbəsinin Məclisinin toplantısı keçirilib. Partiyadan verilən məlumata görə, toplantıda ictimai-siyasi vəziyyət, rayon şöbəsinin fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunub. Rayon şöbəsinin fəaliyyəti barədə AXCP Yevlax rayon şöbəsinin sədri Şəkər İsgəndərli geniş məlumat verib. O bildirib ki, son vaxtlar xeyli gənclər AXCP sıralarına üzv olunmaq müraciət ediblər. Çıxış edən digər Məclis üzvləri də AXCP-nin yerli təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıblar və bildiriblər ki, partiya rəhbərliyinə daxil olan şəxslərin regionlara tez-tez səfərləri təşkil olunmalı, yerli partiya fəalları və əhali ilə görüşlər intensivləşməlidir.
AXCP Yevlax rayon Məclisininin toplantısında AXCP sədrinin müavini Gözəl Bayramlı, AXCP Ali Məclis sədrinin müavini İradə Əliyeva və AXCP təşkilat komitəsinin üzvü Təhməz Təhməzli də iştirak ediblər. AXCP sədrinin müavini Gözəl Bayramlı partiyanın qarşısında duran vəzifələr, İctimai Palatanın regional təşkilatlarının güclənməsinin vacibliyi, aprel ayında keçirilməsi nəzərdə tutulan kütləvi aksiyalar barədə məlumat verib. AXCP Ali Məclis sədrinin müavini İradə Əliyeva gənclərin və xanımların partiya sıralarına cəlb olunmasına da xüsusi diqqət ayrılmasını, eyni zamanda yerli fəallrının internetdə və sosial şəbəkələrdə iştirakına da önəm verilməsini vurğulayıb.
AXCP Yevlax rayon şöbəsinin fəalları bildiriblər ki, onlar Azərbaycanda demokratiyanın bərqərar olması üçün mübarizəni sonadək davam etdirəcəklər. Eyni zamanda onlar bildiriblər ki, insanlar hakimiyyətdən tamamilə narazıdır və müxalifətə çox böyük ümidlər bəsləyirlər. Məclisdə o da vurğulanıb ki, AXCP-nin və digər müxalifət partiyalarının ölkədə köklü dəyişikliklər uğrunda mübarizəsi xalq tərəfindən dəstəklənir.
Yevlax cəbhəçiləri vicdan məhbuslarının hələ də azadlığa buraxılmamasından narahatlıqlarını ifadə ediblər və Eurovision keçirilən ölkə üçün bunu utanc adlandırıblar.