Ramiz Mehdiyev Paşayevlərin nazirlərini “vurur”

PA rəhbəri nəzarətində olmayan qurumları «qara siyahı»lara salır

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin “qaynar xətt” mərkəzinə daxil olan müraciətlərin sahələr üzrə bölgüsünü ötən sayımızda təqdim etmişdik. Həmin bölgüdə vətəndaşların ən çox şikayət etdiyi sahələr aşağıdakı kimi göstərilmişdi:
Sosial müdafiə – 773
Polis – 454
Yerli icra hakimiyyəti – 307
Bələdiyyə – 201
Səhiyyə – 198
Təhsil – 182
Ədliyyə – 105
Məhkəmə – 95
Azərenerji – 95
Nəqliyyat sahəsi – 83
Gömrük – 76
Qaz təchizatı sahəsi – 72
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi – 70
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi- 70
Özəl sektor – 55
Hərbi sahə – 33
Digər sahələr – 709
Onu da qeyd etmişdik ki, bundan əvvəl açıqlanan siyahıda da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adı ilk yerlərdə gəlirdi. Bildirmişdik ki, bu, hakimiyyət daxilində əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova münasibətin kəskin dəyişməsi ilə bağlıdır.
Lakin siyahı ilə bağlı başqa mülahizələr də var. Siyahıdakı sahələrə diqqət yetirdikdə aydın olunur ki, əksər qurumlar hakimiyyətdəki Paşayevlər qrupunun nəzarətində olan strukturlardır. Bu sırada Əmək və Əhalinin Sosial Müdafiəsi, Nəqliyyat, Səhiyyə və Təhsil nazirlikləri, “Azərenerji”, Dövlət Gömrük Komitəsinin adı xüsusi vurğulanmalıdır. Nəzərə alsaq ki, Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə ünvanlanan müraciətlər Prezident Administrasiyasına (PA) göndərilir, onda siyahının da orada hazırlandığı şübhəsizdir. PA rəhbəri Ramiz Mehdiyevlə Paşayevlər arasında ziddiyyətlərin olması isə sirr deyil. Mümkündür ki, elə bu baxımdan siyahıda daha çox Paşayevlərin nəzarətində olan qurumların adı yer alıb. Siyahıda Ramiz Mehdiyevə yaxın yeganə qurum Daxili Işlər Nazirliyidir. Amma polis orqanlarından heç bir şikayətin olmadığını, yaxud az olduğunu iddia etmək absurd olardı. Ramiz Mehdiyev də bunu nəzərə alaraq DIN-in adını siyahıya salmaq məcburiyyətində qalıb. Bu, həm də siyahının qruplararası savaşın təzahürü olduğunu ört-basdır etmək üçün lazımdır.

Hikmət