Hüquq müdafiəçiləri siyasi məhbusların azadlığa buraxılması üçün dövlət başçısına müraciət ünvanladı
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Prezident Administrasiyası hüquq şöbəsinin müdiri Fuad Ələsgərovla görüşblər. Bu haqda “Turan”a qrupun üzvü hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib.
Görüşdə Novruz bayramı öncəsi gözlənilən əfv fərmanı ətrafında söhbət olub. Hüquq müdafiəçiləri adlarını əfv fərmanında görmək istədikləri şəxslərin siyahısını təqdim ediblər. Onlar öz müraciətlərində Ictimai Palatanın 2011-ci il 2 aprel aksiyasında saxlanılan siyasi məhbusların azadlığa buraxılmasını təklif edirlər. Bu şəxslərlə yanaşı keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, keçmiş səhiyyə naziri Əli Insanovun, Bəxtiyar Hacıyevin də azadlığa buraxılmaları təklif olunur. S.Qocamanlı siyasi məhbusların azadlığa buraxılacaqlarına inandığını deyib.