Ölkə gəncliyi “Dövlət gənclər proqramı”ndan xəbərsizdir

Gənclər proqram hazırlanarkən onlarla məsləhətləşmələr aparılmasını istəyir

Azərbaycan hökuməti gənclər sahəsində müxtəlif proqramlar və tədbirlər həyata keçirir. “2005-2009-cu illərdə dövlət gənclər proqramı” tətbiq olunub. Bunun ardınca 2011-2015-ci illəri əhatə edən növbəti gənclər proqramının icrasına başlanılıb. Sonuncu olaraq Gənclər və Idman Nazirliyi yanında Gənclər Fondu yaradılıb və ölkə başçısının sərəncamı ilə bu fonda 5 milyon manat pul ayrılıb.
Qərara gəldik ki, bu tədbirlərin və proqramların gənclərin həyatında hansı rolu oynadığını, onların bu proqram çərçivəsində olan tədbirlərdə iştirak edib-etmədiyini öyrənək. Bu məqsədlə həm ictimai siyasi proseslərdə fəal iştirak edən, həm də başqa gənclərin fikirlərini öyrəndik.ÿ
Gənclərə sualımız belə oldu: “2005-2009-cu illərdə hökumət gənclər proqramı hazırlayıb və buna külli miqdarda pul ayırmışdı. Indi isə 2011-2015-ci il üçün dövlət gənclər proqramı hazırlanıb və 5 milyon manat pul ayrılıb. Siz bir gənc kimi bu proqramdan yararlanmısınızmı? Hansısa bir tədbirdə iştirak etmisizmi? Ümumiyyətlə, sizcə, bu ayrılan pulların, hazırlanan proqramların gənclərə nə kimi xeyri dəyir? Necə düşünürsünüz, budəfəki proqramdan yararlana biləcəksinizmi?”.

“Azad Gənclik” təşkilatının sədr müavini, tələbə Ulduz Məmmədova: “2005-2009-cu il proqramından yararlana bildiyimi deyə bilmərəm. Amma pul ayrılıb və əgər 2011-2015 proqramı hazırlanırsa, deməli, bu proqramdan yararlananlar olub, pul xərclənib və hər hansı nəticə əldə edilib. Əvvəlki proqramın bütün gənclərə şamil olunduğunu düşünmürəm. Ən azı mən və mənim kimi düşünən gənclərə aid edilmir. Yəqin ki, növbəti də elə olacaq”.

AXCP Gənclər Komitəsinin koordinatoru Tural Ağayev: “Gənclər Komitəsi olaraq ötən il iki dəfə – 2005-2009-cu il gənclər proqramı ilə bağlı Gənclər və Idman nazirliyinə sorğu göndərib proqramla bağlı qısa hesabat istədik. Lakin sorğumuza cavab verilmədi. 2005-2009-cu illərdə keçirilmiş dövlət gənclər proqramından mən 2010-cu ildə xəbər tutmuşam. Əslində bir çox proqramlar kağız üzərində çox gözəl alınır. Amma bu proqram heç kağız üzərində də uğurlu alınmayıb. Proqramda xüsusilə regionlarda gənclərin maarifləndirilməsi, narkomaniyanın profilaktikası üçün tədbirlər nəzərdə tutulmuşdu, amma statistikaya nəzər salsaq, proqramdan əvvəlki dövrlə müqayisədə proqramın icrasında sonrakı dövrdə narkomaniya daha da artıb. Proqramla bağlı tədbirlərin, konfrasların harada, necə keçirilməsindən hətta aktiv gənclər belə xəbərsizdir. Yararlanmağımıza gəldikdə, təbii ki, yararlana bilməyəcəyik. Hətta bu proqram normal tətbiq edilməyə başlasa belə, yenə də müsbət təsiri olmayacaq. Çünki bu proqramla yanaşı digər qanunlar, hüquq pozuntularının qarşısını alacaq dövlət strukturları, hüquq-mühafizə orqanları normal işləməlidir”.

Tələbə Samir Əliyev: “2005 və 2009-cu illərdəki proqramlar haqqında sadəcə bir neçə xəbər eşitmişəm. Amma 2011-2015-ci il üçün olan proqram haqqında çox məlumatım var. Hər hansı bir tədbirdə və ya iclasda iştirak etməsəm də, internet çox maraqlanıram. Hətta bu il bir proqram haqqında ətraflı öyrənmişəm, qeydiyyatı doldura bilməsəm də, gələn il müraciət edəcəyəm. Bundan əlavə, universiteti bitirdikdən sonra magistraturanı xaricdə oxumağı planlaşdırdığım üçün dövlət proqramının mənə faydalı olacağını fikirləşirəm. Özüm hələ baş vurmasam da, tanışlarım dövlət proqramına müraciət ediblər. Bir dostum(liseyimizin məzunudur) dövlət proqramının köməkliyi ilə hazırda Fransada oxuyur. Əslinə qalsa, dövlət proqramı tələbələr üçün yaxşıdır. Sadəcə bir sıra çətinlikləri var. Məsələn, TOEFL(120 bal üzərindən 85 bal tələb edir) və IELTS(9.0 baldan 6.0 bal tələb edir) imtahanlarından keçid balı çox yüksək tələb olunur. Azərbaycanın gələcəyini fikirləşib gəncləri xaricdə təhsil almaq üçün yollayırlarsa, tələblərini bir az aşağı salmalı və bəzi haqsızlıqların qarşısını almalıdırlar. Azərbaycan psixologiyasını yox etməlidirlər, yəni kiminsə tanışı və ya  yaxınını qabağa salıb xaricə yollamamalıdırlar. Azərbaycanın yaxşı və tanınmış bir ölkə olmasını istiyirlərsə, bu proqrama çox ciddi yanaşmalı və gənclərimizi dəstəkləməlidirlər. Bundan başqa, 2011-2015-ci il dövlət proqramı haqqında gəncləri məlumatlandırmaq lazımdır. Çox gənc, savadlı olmasına baxmayaraq belə proqramlardan xəbərsizdir”.

Universitet məzunu Emin Əliyev: “Ayrılan vəsaitlərin doğru-düzgün şəkildə xərcləndiyinə ümid edirəm. Mənim bu kimi proqramlardan istifadəm olub, düşünürəm ki, yenə də həvəslə öz iradəmi ortaya qoysam, adı çəkilən proqramdan yararlana bilmək imkanı əldə edəcəm. Mən hesab edirəm ki, hər bir gənc ayrılan vəsaitdən yararlanma haqqına sahibdir”.ÿ

Tələbə Orxan Rüstəmzadə: “Əslində, xəbərim olmadan 2009-cu ildə bu proqramdan yararlanmışam. Nümuməvi musiqiçi olduğuma görə məni və mənim kimi istedadlı şagirdləri Qubaya, 2 günlük istirahətə göndərdilər. Ancaq pullar uşaqların istirahətinə yox, təhsilinə ayrılsaydı, məncə,  daha düzgün olardı. Budəfəki proqramdan yararlana biləcəyimə inanmıram. Elə bilməyin ki, artıq nümunəvi deyiləm. Sadəcə, bu 1 ildə hələ heç bir layihələrin şahidi olmamışam”.

Tələbə Hüseyn Hüseynli: “Hələ bu tipli heç bir tədbirə qatılmamışam. Uzaqdan baxmışam, arada imkan olanda. Bütün tədbirlər bitdikdən ve mükafatlar alındıqdan sonra tanış uşaqların da orda olduğunu görmüşəm ve məlum olub ki, hətta o uşaqlar belə qabaqcadan heç kəsə necə seçildiklərini xəbər vermirlər. Qısaca, seçiləcəyimə ümidim yoxdur”.

Tələbə Cavid Isayev: “Yararlanmamışam, budəfəki proqramla təhsilimi davam etdirmək istəyirəm. Təbii ki, təqaüd planından keçsəm”.
Müsavat Gənclər Təşkilatının üzvü Əhliman Abbas: “Bu proqram dəyəsən, əsasən xaricdə təhsil üçün nəzərdə tutulub, səhv etmirəmsə. Hələ ki, yararlanmamışam, hər hansı bir xeyrini görməmişəm. Amma gələcəkdə çox güman ki, müraciət edəcəyəm, ayrılan bu vəsaitdən yararlanmaq üçün maksimum səy göstərəcəyəm”.

Gənc blogger Əli Novruzov: “Bir məsələyə toxunmaq istəyirəm ki, həm əvvəlki, həm də indiki gənclər proqramlarının qəbulu zamanı gənclərlə, xüsusən də müstəqil gənclər təşkilatları ilə hər hansı ciddi konsultasiyaların aparılmasının şahidi olmamışam. Yəni gənclər üçün proqram qəbul edilirsə, öncə gənclərlə məsləhətləşmək, onların maraq və ehtiyaclarını, problemlərini öyrənmək lazımdır. Ictimai müzakirələr olmalıdır. Yoxsa hökumət kabinetlərində yaşlı insanların öz ağıllarına görə hazırladığı proqramdan gənclər proqramı olmaz ki?!”.