«Dialoq predmeti olan təklifimizi belə aqressiv tonla rədd edirsə, o zaman bu görüşün məqsədi nədir?»
Fuad Qəhrəmanlı: «Bizim hakimiyyət rəsmiləri ilə şəxsi görüş keçirmək dərdimiz yoxdur»
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müxalifətin dialoq təklifinə cavab verib. “Yeni Müsavat” qəzetinə müsahibəsində Ə.Həsənov bildirib ki, hakimiyyət müxalifətlə dialoq aparmağa hazır olduğunu həmişə deyib: “Biz müxalifətin yaxşı tövsiyələrini nəzərə almaq istəyirik. Nümayəndə mən. Nə vaxt istəyirlər, müxalifətin istənilən təklifini dinləməyə, onlarla bu məsələləri müzakirə etməyə hazıram. Ürəkləri harada istəyir görüşək, Azərbaycan dövləti, dövlətçiliyi, ictimai-siyasi həyatımız, siyasi-iqtisadi sistemimizlə, həyata keçirilən tədbirlərin dəyərləndirilməsi ilə bağlı söhbət edək, müzakirələr aparaq. Burda qeyri-adi heç nə yoxdur. Bu, kifayətdir ki, mən onların təkliflərini dinləyəm, bu və ya digər ideyalarını ümumiləşdirəm və dövlət başçısına, hakimiyyətə məruzə edəm, hakimiyyətin bununla bağlı fikirlərini onlara çatdıram”.
Lakin şöbə müdiri fikirlərinə çox vacib əlavələr etməyi də unutmayıb. Məsələn, o bildirib ki, Ziyalılar Forumunun təklifləri və ya Ictimai Palatanın “Yol xəritəsi” müzakirə üçün əsas deyil: “Onu kimsə forum hesab edir, kimsə kiminsə dəstəsi hesab edir. Ona görə də mən hesab etmirəm ki, o, bütün Azərbaycan ziyalılarının fikridir. Qaldı ki, ”Yol xəritəsi” dediyiniz cəfəng fikirlərə, onların da Azərbaycanda heç bir əsası yoxdur. Azərbaycanda sabit və dövlətin bütün atributlarını həyata keçirən, idarə edən bir sistem var. Bu sistemə onların nə ad verməsindən asılı olmayaraq, bu, demokratik sistem, xalqın iradəsi ilə seçilmiş hakimiyyətdir, prezidentdir, onun da komandası var, hər şey də idarə olunur. Kimsə xəyalından keçirirsə ki, üç, ya beş aydan sonra onlara nəyi verəcəklər, bunlar boş söhbətlər, xülyalardır”.
Əli Həsənovun ziddiyyətli mövqeyi…
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, Əli Həsənovun dialoq mövqeyi ilə onun proseslərə münasibəti arasında ziddiyyət var: “Bir tərəfdən bildirir ki, müxalifətlə görüşlərə, müzakirələrə hazırdır. O biri tərəfdən də müxalifətin dialoq predmeti olacaq məsələlərlə bağlı təklifini – ”Yol xəritəsi”ni cəfəng sənəd adlandırır. Bəri başdan münasibətini ifadə edir, inkarçı mövqe sərgiləyir. Müxalifətin dialoq predmeti olan təklifini belə bir aqressiv tonla rədd edirsə, o zaman bu görüşün məqsədi nədir?”.
F.Qəhrəmanlının sözlərinə görə, Ə.Həsənov yanlış olaraq müxalifətlə olacaq təması şəxsi görüş hesab edir: “Bizim Əli Həsənovla görüşmək kimi dərdimiz, xüsusi bir istəyimiz yoxdur. Söhbət, hakimiyyətin dialoq istəyini bəyan etməsindən, müzakirələr üçün nümayəndə müəyyənləşdirməsindən və Ictimai Palatanın təqdim etdiyi, müxalifətin vacib hesab etdiyi məsələlərlə bağlı tərəflər arasında dialoqun aparılmasından gedir. Bu, şəxsi xarakterli görüş deyil. Müxalifət hakimiyyət rəsmiləri ilə hər hansı şəxsi görüşə can atmır. Sadəcə olaraq, biz hakimiyyətlə ölkədə islahatların istiqaməti ilə bağlı müzakirələr aparmaq istəyirik. Hakimiyyət bu məqsəd üçün Əli Həsənovu və ya başqa kimisə müəyyənləşdirəcəksə, bu onun öz işidir”.
“Biz o zaman bu dialoqu konstruktiv hesab edərik ki…”
F.Qəhrəmanlının fikrincə, dialoq başlamamışdan belə münasibət bildirmək o deməkdir ki, bu görüşdən hər hansı nəticə gözləməyə dəyməz: “Bəri başdan müəyyənləşmiş inkarçı bir mövqe var. Biz o zaman bu dialoqu konstruktiv və səmərəli hesab edərik və onun alınmasını mümkün sayarıq ki, hakimiyyət bizim təklifləri dinləsin, onları müzakirə etməyə hazır olsun. Hansı məsələlərdə konsensusa gəlib-gəlməyəcəyimiz müzakirələrin gedişindən asılıdır. Bu, bizim fikirlərimizin dövlət başçısına çatdırılması ilə bağlı təmənnamız deyil. Biz hesab edirik ki, ölkənin indiki çətin durumdan çıxması üçün iqtidar və müxalifət birgə islahatlarla bağlı razılığa gəlməlidir. Əgər hakimiyyət islahat anlayışını bəri başdan qəbul etmirsə və hesab edirsə ki, ölkədə hər şey qaydasındadır, bu o deməkdir ki, hökumət ”bizim müxalifətlə hər hansı dialoq aparmaq fikrimiz yoxdur” deyir.
Dialoqdan əvvəl dialoq mühiti və şərtləri, qarşılıqlı etimad mühiti yaradılmalıdır. Əgər hakimiyyət Azərbaycan müxalifətini tərəf kimi, siyasi sistemin bir elementi kimi qəbul etmirsə, hər vəhclə onu sıradan çıxarır, təqib və repressiyalardan əl çəkmirsə, deməli, artıq müxalifət hakimiyyət tərəfindən tərəf kimi qəbul edilmir. Bu da o deməkdir ki, bizdən asılı olmayan səbəblərə, hakimiyyətin aqressiv, radikal münasibətinə görə bu dialoq baş tutmamış olur. Lakin dediyimiz məqamlar nəzərə alınsa və konstruktiv mövqe nümayiş etdirilərsə, biz dialoqa və müzakirələrə hazırıq”.