Seçkidə biabırçı şəkildə məğlub olan YAP-çı, seçici dəstəyindən danışır
AXCP sədri Əli Kərimlinin Türkiyə mətbuatındakı çıxışları hakimiyyətin narahatlığına səbəb olub. Hakimiyyət nümayəndələrinin Əli Kərimlinin məlum müsahibələrindən sonra iqtidaryönül mətbuatda AXCP sədrinə hücuma keçməsi də bununla bağlıdır. Məsələn, götürək YAP-ın icra katibi Əli Əhmədovu. Əli Əhmədov “Yeni Azərbaycan” qəzetinə məxsusi olaraq Əli Kərimlinin Türkiyə mətbuatındakı çıxışları ilə bağlı müsahibə verib.
AXCP sədrinin tənqidlərinə cavab verməyə çalışıb. Lakin özü-özünü dolaşdırıb. Əli Əhmədov bildirib ki, ağıllı siyasətçilər hər bir mesajını seçicilərinə, yəni ölkə vətəndaşlarına edir. “Çünki siyasətçi üçün yeganə məqbul dəstək seçicidən gələ bilər”,- deyə YAP yetkilisi əlavə edib. Lakin Əli Əhmədov bunu söyləyərkən Əli Kərimlinin bütün seçkilərdə qalib gəldiyini, bu qələbəni hətta Avropa Məhkəməsinin tanımasının fərqinə varmayıb. Əvəzində özünə çox ciddi problem yaradıb. Problem odur ki, Əli Əhmədovun mandatı saxtadır. Yəni, bu şəxs seçicidən məqbul dəstəyi ala bilməyib. YAP yetkilisinin saxtakarlıq nəticəsində deputat mandatı qazanmasını sübut edən konkret sənədlər var. Həmin sənədlərdən aydın olur ki, 2010-cu ilin parlament seçkilərində AXCP sədrinin müavini Gözəl Bayramlı Əli Əhmədovu böyük fərqlə məğlub edib.
Başqa bir məqam. Əli Kərimli Türkiyə mətbuatına ona görə müsahibə verməyib ki, bu ölkənin seçicilərindən dəstək alsın. AXCP sədri sadəcə Azərbaycan həqiqətlərini çatdırıb. Əgər Əli Kərimlinin söylədikləri əsassızdırsa, Əli Əhmədov arqumentlərlə bunu isbat edə bilərdi. Amma YAP-ın icra katibi bunu bacarmayıb. Bu bacarıqsızlıq onun özünü də pis vəziyyətdə qoyub.
Əli Əhmədov xalqın guya müxalifətə, konkret Əli Kərimliyə inanmadığını iddia edib. Bu doğrudursa, bəs onda niyə sərbəst toplaşmaq azadlığına qadağa qoyulub? Nə üçün xalqın “inanmadığı” Əli Kərimliyə pasport verilmir? Onun fəaliyyətinə hər cür məhdudiyyətlər yaradılır? Nə üçün Əli Kərimli, o cümlədən müxalifətin digər aparıcı simaları televiziyalara buraxılmır? YAP rəsmisi bu suallara cavab verməyib. Ona görə yox ki, “Yeni Azərbaycan”ın müxbiri ona bu sualları ünvanlamayıb. Ona görə ki, bu suallara cavab vermək Əli Əhmədov üçün o qədər də asan deyil. Amma yalan danışmaq çox asandır…
YAP rəsmisinin müsahibəsi ilə bağlı Gözəl Bayramlının da fikirlərini öyrəndik. Əli Əhmədovun seçkilərdəki rəqibi onun yalanlarını bu cür cavablandırdı: “Əli Əhmədov hansı haqla seçici dəstəyindən danışır? Əli Kərimli Əli Əhmədovdan fərqli olaraq hər seçkidə seçicinin dəstəyini qazanıb. Amma Əli Əhmədov konkret mənimlə rəqabətdə məğlubiyyətə uğrayıb. Baxmayaraq ki, YAP-ın Nərimanov təşkilatının 40 min üzvü var idi, bütün inzibati resurslar işə salınmışdı, saxtakarlıq yüksək səviyyədə aparılırdı, Əli Əhmədov 1100 səs topladı. Lakin sonradan daha müdhiş saxtakarlıq baş verdi. Protokollar dəyişdirildi. Əli Əhmədov istədiyi səsi özünə yazdırdı. Həmin protokollar məndə sübut kimi qalır. Bundan başqa, mən Avropa Məhkəməsinə müraciət etmişəm.
Qısaca olaraq, deyim ki, Əli Əhmədovun müsahibəsi başdan-ayağa yalan üzərində qurulub. Bunu özü də çox gözəl anlayır. Sadəcə başqa çıxış yolu yoxdur”.
Azad