«Fövqəlnazir» hakimiyyət iddialarını reallaşdırmaq üçün ciddi səy göstərir
Martın 7-də Avropa Azərbaycan Cəmiyyəti Fransada ofis açıb. Ofis Parisin diplomatik rayonunun yaxınlığında, 18-ci əsrin abidəsi olan “Maison des Polytechniciens” otelində yerləşir. AAC-dən APA-ya verilən məlumata görə, açılış mərasimində 300-dən çox qonaq iştirak edib.
Onlar Azərbaycanın mədəniyyətini, təbiətini, landşaftını təsvir edən foto-sərgiyə baxıblar. Cəmiyyətin Fransa ofisinin rəhbəri Eliza Piter təşkilatın fəaliyyəti və Fransa ofisinin məqsədləri barədə danışaraq bildirib ki, cəmiyyət Azərbaycanı Fransa xalqına yaxınlaşdırmaq istəyir. O deyib ki, Azərbaycan və Fransa dünyəvilik, qanunun aliliyi və demokratiya kimi ümumu prinsipləri bölüşürlər. AAC sədri və təsisçisi Taleh Heydərov Fransa və Azərbaycanı birləşdirən bağlardan danışıb, Aleksandr Dümanın Qafqaza səyahəti zamanı Dağlıq Qarabağa səfərini xatırladıb.
Taleh Heydərovun ictimai fəaliyyətinin sərhədlərini genişləndirməsi təsadüfi deyil. Kəmaləddin Heydərov hakimiyyətdəki məmurlar arasında birinciliyə ən iddialısı hesab olunur. Elə bu səbəbdəndir ki, artıq onun zərərsizləşdirilməsi prosesinə başlanılıb. Kəmaləddin Heydərovun nəzarətində olan media quruluşları və holdinqləri bir-bir əlindən alınır. Lakin bununla belə “fövqəlnazir” iddialarından geri çəkilmək niyyətində deyil. Onun yeni media orqanları təsis etməsi və elə sonuncu fakt – Taleh Heydərovun rəhbərlik etdiyi təşkilatın Fransada da ofis açması bununla bağlıdır. Doğrudur, təşkilat bütövlükdə Azərbaycan hakimiyyətinin maraqlarına uyğun fəaliyyət göstərir. Lakin Kəmaləddin Heydərovun maraqlarının müdafiəsi də təşkilatın hədəflərindəndir. Sadəcə, bu məlum səbəblərdən açıq şəkildə büruzə verilmir. Ehtimal etmək olar ki, Taleh Heydərov Ingiltərə və Fransadan sonra Avropanın digər nüfuzlu ölkələrində də təşkilatının fəaliyyətini genişləndirəcək.
Hikmət



