«Yerli əhali arasında hakimiyyətə qarşı ciddi narazılıq var»
AXCP Şəki rayon şöbəsi Məclisinin toplantısı keçirilib. Toplantıda Azərbaycandakı ictimai-siyasi vəziyyət, rayon şöbəsinin fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.
Rayon şöbəsinin fəaliyyəti barədə AXCP Şəki rayon şöbəsinin sədri Əli Abdullayev geniş məlumat verərək partiyaya üzv qəbul olunmaq üçün yeni müraciətlərin olduğunu bildirib. Çıxış edən Məclis üzvləri AXCP-nin yerli təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Məclisin toplantısında AXCP sədrinin müavini Gözəl Bayramlı, AXCP Ali Məclis sədrinin müavini Iradə Əliyeva və partiyanın Təşkilat Komitəsinin üzvü Təhməz Təhməzli iştirak ediblər.
Gözəl Bayramlı partiyanın qarşısında duran vəzifələr, Ictimai Palatanın regional təşkilatlarının güclənməsinin vacibliyi, aprel ayında keçirilməsi nəzərdə tutulan kütləvi aksiyalar barədə geniş məlumat verib. Iradə Əliyeva isə çıxışında gənclərin və xanımların partiya sıralarına cəlb olunmasına da xüsusi diqqət ayrılmasını tövsiyə edib.
Şəki şöbəsinin fəalları bildiriblər ki, onlar Azərbaycanda demokratiyanın bərqərar olması üçün sonadək mübarizə aparacaqlar. Eyni zamanda əlavə ediblər ki, əhali arasında hakimiyyətə qarşı ciddi narazılıqlar var və insanlar AXCP-nin və digər müxalifət partiyalarının ölkədə köklü dəyişikliklər uğrunda mübarizəsini dəstəkləyir.


