Icra başçısı Məhərrəm Quliyev ya aşağıdan, ya da yuxarıdan zərbə gözləyir
Ağstafada artıq yalnız sadə camaat yox, hətta nomenklatura da ciddi etiraz mənbəyinə çevrilib. Görünür, rayonda az qala, bütün çevrələrdə dolaşan söz-söhbət əsassız deyil ki, nomenklatur vəzifələrə görə tələb olunan “rüsum” birə iki qaldırılıb. Məsələn, təhsil şöbəsinin müdiri vəzifəsi üçün 50 min manat, mədəniyyət şöbəsinin müdirliyi üçün 30 min, telekommunikasiya idarəsinin rəhbəri olmaq üçün 30 min, rabitə qovşağının rəhbəri üçün 50 min manat və s. Bu minvalla nomenklatur vəzifələr üçün ümumilikdə toplandığı ehtimal olunan vəsaitin həcminin 800 min manatı ötdüyü barədə şayiələr dolaşmaqdadır.
Bu yaxınlarda Ilham Əliyevin Ağstafaya səfəri gözlənilir. Bu səfərə görə rayonun Xətai və Yeni gün kəndlərinə gedən yol indidən bağlanıb. Məqsəd prezident kortejinin yolunu indidən boşaltmaq deyil. Sadəcə, bu yolun çəkilməsi üçün xərclənən 2,3 milyon manat vəsaitin tam yarısı proyektdən yayındırıldığına görə yol keyfiyyətsiz alınıb. Üstəlik, çatlar da əmələ gəlib. Buna görə də yolun dağılmasının qarşısını almaq və onu prezidentə təqdim etmək üçün orada hərəkət dayandırılıb.
Ağstafadakı mənbələrdən verilən bilgiyə görə, təhsil üçün ayrılan 150 min manat vəsaitin hara xərcləndiyini təhsil işçiləri arasında kimsə bilmir. Rayon mərkəzindəki Səməd Vurğun adına parkda aparılan “abadlıq” işləri zamanı sahibkarlara məxsus olan obyektlər tamamilə qanunsuz olaraq sökülüb, indi həmin yerlər qeyri-rəsmi hərraca çıxarılıb. Başqa bir “hərrac” isə çox qeyri-müəyyən əsaslarla təşkil olunub. Belə ki, rayondakı bütün müəssisələrdən və sahibkarlardan “abadlıq” adı altında pul toplanır. Bu məcburi ödəmə yerli sahibkarların daha böyük çevrəsini boğaza yığıb.
“Abadlıq” adı altında çoxlu məcazi və ya lazımsız proyektlər gözə soxulur, amma rayonun Ermənistanla həmsərhəd olan 12 kəndində qaz yoxdur, icra başçısı bu problemi həll etmək üçün heç qımıldanmağı da ağlına gətirmir. Nəticədə minlərlə insan qışı əziyyət və zillət içində keçirməyə məcburdur.
Əlbəttə, azərbaycanlılar, xüsusilə də Qərb zonasının adamları nə qədər gərgin vəziyyətdə yaşasalar da, lətifələr düzüb qoşmaqdan və öz münasibətlərini bu yolla bildirməkdən qalmırlar. Ağstafanın icra başçısı Məhərrəm Əliyev haqqında da belə maraqlı lətifələr hesaba gəlməz. Başçının “əraziyə çıxanda” fövqəladə təhlükəsizlik tədbirləri görməsilə bağlı quraşdırılan lətifələr də bu sıradandır.
Azad Akifoğlu