“17 mart-haqqını tələb et!”

Sosial şəbəkələrdə gənclərin aksiyası ilə bağlı çağırışlar başlayıb

Aksiyaya icazə verilməsə, şəhərin mərkəzində yürüş keçiriləcək

Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin martın 17-nə planlaşdırılan mitinqi ilə bağlı sosial şəbəkələrdə də ciddi hazırlıqlar gedir. Komitənin üzvü – AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının sözlərinə görə, sosial şəbəkələrdə aksiya ilə bağlı çağırışlar edilir: “Artıq bir neçə yüz gənc bu çağırışa qoşularaq mitinqə gələcəyini bildirib. Həmçinin Müdafiə Komitəsi ”17 mart mitinqi-haqqını tələb et!” videoroliki hazırlayaraq sosial şəbəkələrdə paylaşıb. Biz ayrı-ayrı şəxslərin, partiyaların və gənclər təşkilatlarının üzvü olmayan gənclərin arasında da siyasi fəallığın artdığını və nikbin əhval-ruhiyyə görürük. 4 marta mitinq təyin edəndə gənclər arasında razılaşdırmışdıq ki, aksiya icazəli olsun. Ona görə meriyanın mənfi cavabından sonra aksiyaya çıxmadıq. Bu dəfə isə qərarımız qətidir. Meriyanın cavabından asılı olmayaraq mitinq olacaq. Icazə verməsələr, şəhərin mərkəzində sərbəst toplaşmaq azadlığının təmin olunması tələbi ilə yürüş keçirəcəyik”.
Ə.Qurbanlı deyir ki, əvvəlki müraciətdən fərqli olaraq bu dəfə hakimiyyətin əlinə bəhanə verməmək üçün fərqli meydanları seçiblər: “17 mart mitinqi ilə bağlı müraciətimizdə ”Məhsul” stadionu və Bibiheybətdəki stadionu göstərmişik. Artıq necə cavab verəcəyi hakimiyyətin öz işidir”.
AXCP fəallarının martın 6-da keçirdiyi son aksiyanın polisin qanunsuz hərəkətləri və zorakılığı ilə yadda qaldığını deyən komitə sədri bununla belə, aksiyaya qoşulanların sayının günbəgün artdığını bildirir: “Konkret mənim özümə Yasamal rayonundakı 28-ci polis bölməsində Hüseyn adlı bölmə rəisi tərəfindən zor tətbiq edildi, elektroşok verildi. Şübhəsiz ki, bu cür qeyri-insani üsullarla onlar aksiyaçıların gözünü qorxutmağa, növbəti belə etiraz tədbirlərinin keçirilməsinin qarşısını almağa çalışırlar. Amma birmənalı şəkildə deyə bilərəm ki, heç bir gənc bundan qorxmur, çəkinmir. Polis zorakılığı bizim üçün yeni hal deyil. Biz bunu illərdir Azərbaycan polisindən görmüşük. Əmin olsunlar ki, son aksiyadakı zorakılıq budəfəki mitinqin kütləviliyinə təsir etməyəcək, əksinə sıralarımız daha da genişlənəcək. Öz vətəndaşına qarşı bu cür zorakı münasibət isə hökumətə qarşı qəzəbi bir az da artırır və insanlarda ədavət hissi yaradır. Toplaşmaq azadlığı bizim haqqımızdır və bu biz bundan sərbəst şəkildə istifadə edəcəyik”.
“Nida” Vətəndaş Hərəkatı Idarə Heyətinin üzvü Üzeyir Məmmədli bildirir ki, bu aksiyaları keçirməklə həm də polis xofunu aradan qaldırmağa çalışırlar: “Aksiyanı polislə qarşıdurma yaratmadan keçirmək, insanların beynində polis zorakılığı mifini dağıtmaq istəyirik. Aksiyaya gəlmək istəyənlər düşünməsinlər ki, mütləq şəkildə polislə qarşıdurma olacaq, zorakılıq olacaq. Bunun olmamasına biz də çalışacağıq”.
Hazırlıqların ciddi şəkildə davam etdiyini deyən Ü.Məmmədli gənclərin əhval-ruhiyyəsinin çox yüksək olduğunu bildirir.
Xatırladaq ki, Gənclərin Hüquqlarını Müdafiə Komitəsində 9 təşkilat – AXCP, Müsavat, ADP və VHP-nin gənclər təşkilatları, həmçinin “Azad gənclik”, “Nida”, “Dalğa”, “Müsbət Dəyişiklik”, “Insan Haqları” təmsil olunur”.