İrana qarşı yeni plan gündəmə gəldi

Qərb ekspertləri hərbi müdaxilə əvəzinə ölkədə rejim dəyişikliyinə dəstək verməyi doğru hesab edir

Iranın nüvə fəaliyyətilə bağlı yaranmış gərginlik davam edir. “Associated Press” agentliyi Tehran rejiminin Pərçin hərbi poliqonunda nüvə sınağı həyata keçirdiyi haqda xəbər yayıb. Agentliyin məlumatında sübut kimi, peyk vasitəsilə əldə olunmuş və poliqondakı bəzi dəzgahların fəaliyyətini nümayiş etdirən şəkillər göstərilib. Tehran rejimini nüvə fəaliyyətindən yayındırmaq üçün ABŞ-ın bu ölkəyə yönəlik sanksiyaları da artıb.
ABŞ-ın Maliyyə Nazirliyi Iran Islam Inqilabı Keşikçilər Korpusunun (SEPAH) Qüds qanadının generalı Qulamrza Bağbaniyə sanksiya tətbiq edib. Nazirliyin açıqlamasında general narkotik maddə və silah qaçaqmalçılığında günahlandırılıb. Generalın ABŞ-dakı bank hesabları, bütün var-dövləti dondurulub və amerikalı şirkətlərin onunla ticarətinə qadağa qoyulub.
Fransanın xarici işlər naziri Alen Jüpe ölkənin “i-Tele” telekanalına açıqlamasında bildirib ki, Iranla “altılıq” arasında başlanacaq danışıqlar yenə də uğursuzluqla nəticələnəcək. Nazir bu ölkəyə qarşı sanksiyaların sərtləşdirilməsinin lazım olduğunu deyib. Iran parlamentinin spikeri Əli Laricani də danışıqların müvəffəqiyyətlə nəticələnəcəyinə şübhə ilə yanaşdığını bildirib. Spikerin sözlərinə görə, “altılıq” ölkələri əvvəlki davranışlarını davam etdirəcəklərsə və ya təhdidlərlə danışacaqlarsa, müzakirələr heç bir nəticə verməyəcək.
“Amerikanın səsi”nin xəbərinə görə, Vaşinqtonda “Irana hücum emək vaxtı çatıbmı?” adlı debat keçirilib. Debat iştirakçıları Donanma Təhlil Mərkəzinin (CNA) eksperti Elbric Kolbi, “Georgetown” universitetinin professoru Metyu Kroinq və ekspert Cemi Flay Tehrana yönəlik hərbi müdaxilənin müxtəlif aspektlərini müzakirə ediblər.
Metyu Kroinqin fikrincə, əgər Iran atom bombası əldə etsə, onda ABŞ-ın Yaxın Şərqdə və qlobal miqyasda maraqları ciddi təhlükə ilə üzləşəcək. Xarici hücuma qarşı təminat almış Iran hakimiyyəti qonşuları ilə münasibətlərdə daha çox azğınlıq nümayiş etdirəcək və regionda hegemonluq cəhdlərini gücləndirəcək. Indiyədək diplomatik danışıqların və sanksiyaların ciddi effekt vermədiyini, bundan sonra da verməyəcəyini deyən professor Iranın nüvə obyektlərinə hava zərbələri endirməyin tərəfdarı olduğunu bildirib.
Irana hücuma qarşı çıxan Elbric Kolbinin fikrincə, ilk növbədə, nüvə silahlı Irana qarşı keçmişdə başqa dövlətlərə münasibətdə effektiv olmuş çəkindirici siyasət tətbiq etmək mümkündür. Ekspert, Iranın hücumlara qarşı əl atacağı cavab tədbirlərinin ABŞ və dünya ictimaiyyəti üçün destruktiv potensiallarını önə çəkib. Onun sözlərinə görə, Irana qarşı zərbələr beynəlxalq ictimaiyyətdə parçalanmaya səbəb olacaq, Iran rejimini daxildə gücləndirəcək və neft qiymətlərini bahalaşdırmaqla dünya iqtisadiyyatını təlatümlə üzləşdirəcək. Ən əsas məsələ isə hərbi zərbələrin Iranın nüvə proqramına son qoyacağına təminat verməməsidir.
Cemi Flay isə digər iki ekspertin arqumentlərinin müəyyən həqiqətləri əks etdirdiyini, amma onların fikirlərində müəyyən qüsurların olduğunu söyləyib. Onun sözlərinə görə, əsas problem Iranın nüvə proqramı yox, rejimin mahiyyətidir.  Nə qədər ki, hakimiyyətdə teokratik qüvvələr dayanır, Iran regional və qlobal sabitliyə təhlükə olaraq qalacaq. Ona görə də ABŞ və onun müttəfiqləri simptomları aradan qaldırmaq əvəzinə, xəstəliyi müalicə etmək haqda düşünməli və Iranda rejim dəyişikliyi istiqamətində səyləri gücləndirməlidir.
Cavab olaraq, Elbric Kolbi deyib ki, o, pasifist deyil və lazım gələrsə, Irana qarşı dağıdıcı hücumun tərəfdarıdır.  Onun sözlərinə görə, ABŞ Tehran rejiminə çatdırmalıdır ki, əgər Iran onun müttəfiqlərinə hücum etsə, o zaman yerlə-yeksan olunacaq. Cemi Flay Irana hücumun müxalifəti zəiflədəcəyi barədə fikirlərlə razılaşmadığını da qeyd edib: “Bir vaxtlar müxalifətin adından danışan adamlar Tehran rejiminə qarşı ciddi ölçü götürülməməsinə çağırır, belə addımların müxalifətin daha çox əziləcəyinə gətirib çıxaracağı haqda xəbərdarlıq edirdilər. Amma artıq müxalifət də Iran hökumətinə qarşı sanksiyalara tərəfdar çıxır”.
Ekspertin sözlərinə görə, ABŞ Iranda rejim dəyişikliyi həyata keçirmək üçün bütün qüvvələri səfərbər edərək, müxalifətə yardım göstərməli və lazım gələrsə, rejimin repressiv aparatını havadan hədəf almaq variantını nəzərdən keçirməlidir.

Informasiya şöbəsi