“Quba hadisələri digər regionlarda da təkrarlanacaq”
Vidadi Mirkamal: «Xanım jurnalisti şantaj etmək dövlətə rəhbərlik edən şəxslərin cılızlığıdır»
Müsahibimiz Ictimai Palatanının Koordinasiya Şurasının üzvü, ədliyyə generalı Vidadi Mirkamaldır. Onunla söhbətimiz gündəmin aktual məsələlərilə bağlı oldu. V.Mirkamala ilk sualımız “Azadlıq” radiosunun əməkdaşı, tanınmış jurnalist Xədicə Ismayıla qarşı edilən şantajla bağlı oldu. V.Mirkamal hesab edir ki, X.Ismayıla qarşı yönələn çirkin mesajlar bir daha hazırkı idarəçilyin mahiyyətini göstərir:
– Dövlət aparatının yaradılmasında məqsəd odur ki, insanlar hüquqlarını bir idarəçilik formasına etibar edirlər. Dövlətin də vəzifəsi odur ki, qanunlar vasitəsilə, Konstitusiya çərçivəsində insan hüquqlarını qorusun. Bu hüquqlar sırasına həm yaşam, həm istirahət, həm də şəxsi həyatın toxunulmazlığı daxildir. Əslində, insanların şəxsi həyatının qorunması dövlətin borcudur. Hakimiyyətin korrupsiya layihələrini faş edən, mafioz qrupların planlarının üstünü açan bir vətəndaşa qarşı bu cür mesajların ünvanlanması əslində dövlətin əzmkar vətəndaş, jurnalistə qarşı basqısıdır. Bu əslində dövlətə rəhbərlik edən şəxslərin cılızlığıdır. Xədicə xanım çox fədakar və peşəsinin öhdəsindən yüksək səviyyədə gələn bir jurnalistdir. Onun apardığı tədqiqatlar eyni zamanda onun ictimai xadim kimi də yerini ayırd edir. Niyə Xədicə xanım haqqında bu cür şantaj tipli məlumatlar əvvəllər işıq üzü görmürdü? Çünki Xədicə xanım son zamanlar bir jurnalist olaraq araşdırmalara başlayıb. Araşdırmalar da çox obyektiv aparılıb. Nəticədə konkret faktlarla sübut olunub ki, dövlət başçısı və yaxınları korrupsiya ilə məşğuldur. Onun araşdırmaları nəticəsində dövlət başçısı və yaxınları ifşa olundu. Bu, çox ciddi addım idi. Baş verənlər isə dövlətin mafioz qrupları arasında böyük qıcıq yaradıb. Buna görə, Xədicə xanım şantaj edilir. Düşünürəm, tanınmış jurnalistə qarşı basqılar araşdırılmalı və belə çirkin işlərə tezliklə son qoyulmalıdır.
Xədicə xanımı bütün cəmiyyət müdafiə etməlidir
– Artıq bir neçə gündür ki, Xədicə Ismayıla qarşı olan şantaja beynəlxalq reaksiya olduqca sərtdir. Bu istiqamətdə daxildə hansı addımlar atıla bilər?
– Bizim hər birimizin vəzifəsi onu qorumaqdır. Ictimai Palatının Insan Hüquqlarının Müdafiə Komitəsi öz yığıncağında artıq buna sərt reaksiya verib. Hüquqşünaslar Forumu olaraq da etirazımızı bildirmişik. Ictimai Palatanın martın 10-dakı sessiyasında bu məsələ ilə bağlı ayrıca bəyanat verəcəyik. Xədicə xanımı bütün cəmiyyət müdafiə etməlidir. Hakimiyyət və mafioz qrumlar insanlıqdan kənar mübarizə aparmağı hələ də davam etdirirlər. Bu basqılar təkcə Xədicəyə qarşı deyil, demokratiya uğrunda mübarizə aparan hər kəs bu çirkin yanaşmaya məruz qala bilər.
Azərbaycanın hər bir rayonu Qubadır
– Qubada baş verənləri müxtəlif cür qiymətləndirirlər. Sizcə, Quba hadisələri nəyin simptomu idi?
– Ictimai Palata olaraq biz hakimiyyətə “Demokratiyaya yumşaq keçidin yol xəritəsi”ni təklif etmişdik. Çünki biz görürdük ki, “Ərəb baharı”ndan sonra dünyada cərəyan edən proseslər Azərbaycanda da oxşar hadisələrin təkrarını qaçılmaz edir. Biz korrupsiya ilə dövlətin bir vahid olduğu, uzlaşdığı ölkənin vətəndaşlarıyıq. Bu dövlətdə sadə vətəndaş adi bir arayışı almaq üçün xeyli zaman sərf edərək, pul xərcləməlidir. Amma dövlətin funksional orqanları onun üçün yaradılıb ki, onlar vətəndaşlara xidmət eləsinlər. Lakin Azərbaycan elə bir unikal dövlətə çevrilib ki, bütün əhali sayı cəmi 10-15 min olan məmurlara xidmət eləməli və onların girovlarına çevrilməlidir. Bu anormal haldır. Biz bunu dəyişməyə çalışırıq. Buna nail olmağın yollarından biri də ölkədə korrupsiya və rüşvəti kəsməkdir. Amma bu, hakimiyyət düşərgəsində təpki ilə qarşılanır. Quba caamatı təkcə icra başçısının sözünə görə ayağa qalxmamışdılar. Bu etiraz eyni zamanda illərdir toplanan narazılığın bir təzahürü idi. Azərbaycan elə dövlətlər sırasına daxildir ki, burada ictimai psixoz hökm sürür. Hər bir vətəndaş ictimaiyyət arasında, hətta evində hər an təhqir olunmaqdan sığortalanmayıb. Azərbaycan vətəndaşı sosial-iqtisadi problemlər içərisində boğulur. Hər gün vətəndaş gündəlik çörək üçün mübarizə aparır. Halbuki dövlət vətəndaşa çörək qazanmaq üçün imkanlar yaratmalıdır. Quba hadisələri cəmiyyətdəki narazılığın üzə çıxdığı bir yer oldu.
Düşünürəm ki, oxşar hadisələr digər regionlarda da təkrarlanacaq. Azərbaycanın hər bir rayonu Qubadır.
Vətəndaşlarımız ayılıb
– Rəsmi qurumlar Quba hadisələrinə özlərinə xas formada izahat verdilər. Bəyan etdilər ki, Qubadakı aksiya dövlətə dəstək aksiyası imiş. Sadəcə olaraq, bəzi qüvvələr onun məqsədini dəyişib.
– Bu, yalan və həqiqətdən uzaqdır. Dövlət məmurlarının ölkədə baş verən ayrı-ayrı hadisələrə münasibətini görmüsünüz. Bu yanaşma tərzləri bəzən o dərəcədə absurd olur ki, heç onu izah etməyə belə, dəyməz. Dövlətə dəstək aksiyasında necə ola bilər ki, insanlar “istefa” şüarı qışqırsınlar və rayonda onlara zülm edən icra başçısının əmlakına hücum etsinlər. Artıq insanlar ayılıblar. Dövlətin mafioz qaydalarla müxalifətə qarşı mübarizə aparması insanları daha fəal addımlara səsləyir. Ola bilsin ki, mitinq iştirakçıları əllərində Ilham Əliyevin şəklini tutsunlar. Amma bu bir pərdədir ki, onlar birbaşa hədəf olmasınlar. Bu adamların ürəklərində isə Azərbaycanı başqa cür, demokratik görməkdir. Insanların məhz rejimə qarşı etiraz etməsi gün kimi hamıya aydındır. Iqtidar nə qədər özünü aldatmağa davam edəcək.
Artıq divar qurtarmaq üzrədir…
– Maraqlıdır, bəs Qubada əhalini sakitləşdirmək üçün niyə məhz nəqliyyat naziri Ziya Məmmədov seçilmişdi. Axı hadisələrin mahiyyətindən və Ziya Məmmədovun tutduğu vəzifədən çıxış etsək görərik ki, ora nəqliyyat naziri deyil, başqa hökumət rəsmisi getməli idi.
– Azərbaycanda dünyada bənzəri olmayan bir hakimiyyət mövcuddur. Bu hakimiyyətin də çox qəribə bölgüsü var. Hakimiyyətin yüksək eşelonunda yerləşən şəxslər öz funksiyaları ilə yanaşı Azərbaycanı zonalara bölüblər. Hər bir məmur ayrıca bir rayonun kuratoru təyin olunub. Quba da Ziya Məmmədovun kurasiyasında olan rayondur. Ziya Məmmədov funksiyasına uyğun olaraq Qubaya yalnız dövlət xətti ilə yol çəkməyə gedə bilərdi. Amma Qubanın icra başçısı Ziya Məmmədovun yaxın adamıdır. Icra başçısının evindən çıxan sərvətlərə diqqət yetirin. Icra başçısı ona görə təyin olunur ki, caamatın əmlakını mənimsəsin, sonra da onları təhqir etsin? Yəqin ki, dövlət başçısı Qubada baş verənlərdən xəbər tutandan sonra Ziya Məmmədovun kurasiyasına uyğun olaraq onu Qubaya göndərib. Amma Ziya Məmmədovun Qubaya səfəri heç bir nəticə vermədi. Yaxşı ki, bizim Vahid Əhmədov kimi ziyalılarımız var. Kimdir Ziya Məmmədovu Qubada sayan? Sabah Bəylər Əyyubovun və ya Kəmaləddin Heydərovun kurasiyasına daxil olan rayonlarda etiraz qalxsa, ora həmin şəxslər gedəcək.
Məmur insanlara xidmət etməlidir. Azərbaycanda isə məmurlar oliqarxlaşıb. Bu, qəbul edilməzdir. Məmurlar mafioz metodlardan istifadə edərək, korrupsiya yolu milyonlar mənimsəyərək bu səviyyəyə çatıblar. Məmurların təfəkkürü də mafioz təfəkkürüdür.
Başqa ölkələrdə biz bu cür hallar müşahidə etmərik.
Hazırkı sistemdə dəyişiklik aparmaq mümkün deyil
– Hazırda ölkədə vətəndaşların bütün hüquqları məhdudlaşdırılıb. Sərbəst toplaşmaq, siyasi azadlıqlar təmin edilmir. Necə hesab edirsiz, Qubada baş verənlər həm də daxildə yığılıb qalan enerjinin püskürməsi deyildimi?
– Azərbaycanın başında dayananların dövlət təfəkkürü çatışmır. Vəzifə daşıyan şəxsdə dövləti təfəkkür olmalıdır. Bu olmadıqda dövlət normal idarə oluna bilməz. Ona görə də bu insanlar onlara müxalif olan və dövləti təfəkkürə, elmi yanaşmalara sahib insanları təzyiq altında saxlayırlar. Azərbaycanın dövlət təhlükəsizlik xidməti hamısı səfərbər olunur müxalif düşüncəli insanların susdurulmasına. Bunun üçün sınanmış yollar var. Ya şəxsin özünə birbaşa təzyiq edirlər, ya büdcə təşkilatında çalışan qohumlarından istifadə edirlər. Bundan başqa, müəyyən vəsaitin təklif olunması yolu da var. Bütün bunlar isə keçməyəndə müxalif düşüncəli insanlar repressiyaya məruz qalırlar. Azərbaycanda hazırkı sistemdə hər hansı dəyişiklik aparmaq mümkün deyil. Ona görə vətəndaşların hüquqları məhdudlaşdırılıb. Vətəndaşların hüquqlarının təmin olunması bu hakimiyyətin çöküşü olardı. Ona görə, Ictimai Palata olaraq protest elektoratı bir məcraya yönəltməyə çalışırıq. Hakimiyyətin yürütdüyü məhdudlaşdırma siyasəti yeni Quba hadisələrinə doğru aparır. Bu siyasət sərtləşdikcə daha böyük fəsadlar ola bilər. Zəruri siyasi islahatlara getmək üçünsə siyasi iradə lazımdır. Bu isə Azərbaycan hakimiyyətinə yaddır.
Saakaşvilinin “günahı” Heydər Əliyevin adını çəkməməsi oldu
– Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycan parlamentində çıxışı zamanı Rusiyanın ünvanına sərt ittihamlar səsləndirməsi hakimiyyəti narahat etdi. Bu narahatlıq parlamentdəki çıxışlarda da hiss olundu…
– Bu hakimiyyət onun maraqlarına uyğun olmayan ən xırda açıqlamadan belə, şübhələnir. Ona görə də Azərbaycan hakimiyyəti barəsində ən xırda irada yol vermiş dövlət və ya şəxs dərhal iqtidarın təbliğatı ilə üz-üzə qalır. Gürcüstan kimi ölkəni Saakaşvilinin yürütdüyü islahatlar xilas etdi. Hakimiyyət Saakaşvilini indiyə qədər özünə qardaş ölkə rəhbəri kimi qələmə verib. Saakaşvili Milli Məclisin tribunasından Azərbaycana aid tarixi həqiqətləri dilə gətirib. Sadəcə olaraq, Saakaşvili hakimiyyətin cəmiyyətimizə sırımaq istədiyi “öndərin” adını çəkməyib. Bu məqam da hakimiyyəti qıcıqlandırır. Hakimiyyətdəkilər Məmməd Əmin Rəsulzadənin qaldırdığı bayrağın altında oturub, həmin istiqlalın xeyrini görür. Saakaşvilinin ən böyük “günahı” o oldu ki, o, Heydər Əliyevin adını çəkmədi. Eyni zamanda, Rusiya əleyhinə iradlar hakimiyyəti narahat edir.
Hikmət