Fəzail Ağamalı Saakaşvilini niyə tənqid etdiyinə aydınlıq gətirdi
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının Gürcüstan prezidenti Mixail Saakaşvilini Milli Məclisdəki çıxışına görə tənqid etməsi müxtəlif mülahizələrə səbəb olub. Yada salaq ki, Mixail Saakaşvili Milli Məclisin tribunasından Rusiyanın ünvanına sərt ittihamlar səsləndirmişdi. Bundan əlavə Gürcüstan prezidenti çıxışı boyu bir dəfə də olsun Heydər Əliyevin adını çəkməmişdi. Əvəzində Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin məşhur “Bir kərər yüksələn bayraq bir daha enməz” fikrini Azərbaycan dilində səsləndirmişdi. Saakaşvilinin çıxışından sonra jurnalistlər üçün brifinq keçirən Fəazil Ağamalı isə Gürcüstan prezidentinin nitqini “avantürist çıxış” adlandırmışdı. AVP sədri bunu Mixail Saakaşvilinin Azərbaycan parlamentində Rusiyanı ittiham etməsinə görə demişdi. Fəzail Ağamalı həmçinin Gürcüstan prezidentinin Heydər Əliyevin adını çəkməməsinə də narazılığını bildirmişdi.
Deputatın bu fikirlərindən sonra belə mülahizələr irəli sürüldü ki, hakimiyyət Mixail Saakaşvilinin çıxışından bərk narahat olub. Və buna Fəzail Ağamalının simasında etiraz edib. Bu mövzuda söhbətləşdiyimiz politoloqlar da eyni fikri bölüşüb. Deputatın fikirlərinə daha sərt cavab politoliq Zərdüşt Əlizadədən gəlmişdi. Zərdüşt Əlizadə bildirmişdi ki, Fəzail Ağamalının özü və onun xidmət etdiyi siyasi xadimlərin hamısı Rusiyanın yetirmələridir. “Onlar daha çox rusdur, nəinki azərbaycanlı”, – deyə politoloq vurğulamışdı.
Fəzail Ağamalı dünən redaksiyamızla əlaqə saxlayaraq mövqeyinə aydınlıq gətirmək və barəsində deyilənlərə münasibət bildirmək istədiyini dedi. Biz də onun cavab haqqını tanıdığımızı və dediklərini işıqlandırmağa hazır olduğumuzu bildiridik.
Fəzali Ağamalı əvvəlcə mövqeyinə bu cür sərt münasibət bildirilməsinə təəssüfünü ifadə etdi: “Çox təəssüf edirəm ki, vicdanıma və milli maraqlara söykənərək ifadə etdiyim mövqeyim bu dərəcədə topa tutulur. Mən bildirmək istəyirəm ki, istənilən məsələ barədə fikir söyləyərkən yalnız öz mövqeyimi ifadə edirəm. Həmişə bu və ya digər məsələdə “Buyur, Fəzail, danış” fikrini eşitmədən mövqeyimi bildirmişəm.
Bundan əlavə, Mixail Saakaşvili sözün əsl mənasında Milli Məclisə hörmətsizlik etdi. Məni narahat edən o oldu ki, Saakaşvili Gürcüstan-Azərbaycan münasibətlərinin üzərində dayanmaq əvəzinə Milli Məclisin tribunasından Rusiyanın ittiham etdi. Biz bilirik ki, Gürcüstanla Rusiya arasında problem var. Saakaşvili bunun üçün Milli Məclisin tribunasından istifadə etməməliydi”.
Fəzail Ağamalı Zərdüşt Əlizadənin onun barəsində söylədiyi fikrə də toxundu: “Zərdüşt Əlizadə Rusiyanın yetirməsi olduğumu deyir. Halbuki onun özü Polyoniçkonun şinelindən çıxan adam idi. Zərdüşt Əlizadə öz adını mənə qoymasın. Arxivlər açılarsa bəlli olar ki, o, Polyoniçkonun dəstəyi ilə yaradılan və Milli Azadlıq Hərəkatının içərisinə yeridilən Gənc Alimlər Klubunun yetirməsidir. Mənim dövlətimə və Heydər Əliyevə yarınmağıma gəlincə, mən bununla qürur duyuram”.
Fəzail Ağamalı 20 yanvar faciəsini törədən, Xocalı soyqırımında rol alan, Azərbaycanın torpaqlarının işğalında iştirak edən, hər zaman Ermənistana dəstək verən Rusiya haqqında tənqidi fikirlərin nədən onu narahat etməsinə də aydınlıq gətirdi: “Doğrudur, mən bütün deyilənlərlə razıyam ki, Rusiya bu işləri görüb. Amma bütün bunlar Boris Yeltsinin dövründə olub. Putinin dövründə isə Azərbaycan-Rusiya münasibətlərində sabitlik var. Bu sabitlik kövrəkdir. Bəli, Rusiya indi də Ermənistana dəstək verir. Amma gəlin görək, indiki halda biz nə etməliyik? Rusiya ilə münasibətləri pozub Ermənistana əlavə güc verməliyik, yoxsa əksinə münasibətləri daha da yaxşılaşdırıb bu imkanın düşmən ölkənin əldən çıxmasına nail olmalıyıq? Mən siyasətçiyəm və düşünürəm ki, ikinci variant bizim üçün daha məqsədəuyğundur”.
Azad