Əliyev OMON probleminin həllində maraqlı deyildi

O, məni münaqişənin həlli üçün göndərdi, amma OMON-u ləğv etdi

Ilk baxışdan belə görünürdü ki, OMON-la bağlı məsələ də aydınlaşıb. Amma həqiqətdə məsələ başqa cür idi. Əliyev OMON söhbətindən əl çəkmək və onunla barışmaq niyyətində deyildi. Öz tərəfindən, OMON da, mövcudluğunu davam etdirmək üçün daha çox iddialarının təmin olunmasını istəyirdi. Təbii ki, bəzi iqtisadi sahələr də var idi ki, onlar bu sahələri nəzarət altına alaraq öz fəaliyyətlərini daha uğurla davam etdirə biləcəklərini düşünürdülər. Onları isə heç hara buraxmırdılar və bu hadisələrin fonunda Qazax OMON-u öz etirazını bildirdi.

İsa Sadıqov

əvvəli ötən saylarımızda

Burada bir sıra məqamlar var ki, mən onların üzərində dayanmaq istəmirəm, çünki həmin məqamlar iyun qiyamı zamanı hakimiyyətin zəbt edilməsinin nəticəsi olaraq meydana çıxmışdır.
Qazaxda nə baş vermişdi
OMON-un həyəcanlanmasının və etirazının ilk görsənişi Qazax polis şöbəsinin inzibati binasının və hərbi hissənin bir neçə döyüş texnikasının ələ keçirilməsi ilə özünü büruzə verdi. Xatırladığıma görə bu hadisə mart ayının 12-dən 13-nə keçən gecə baş verdi. (Bir gün xəta edə bilərəm). Bu zaman mən Bakıda idim. Bu hadisələrdən cəmi iki həftə əvvəl Səfər Əbiyev müdafiə naziri vəzifəsinə təyin edilmişdi. Məni isə əvvəlki işimdə, yəni müdafiə nazirinin Qərb istiqaməti üzrə müavini vəzifəsində saxladılar və hazırlaşırdım ki, bir-iki günə ölkənin Qərb regionuna gedim.

Nəcməddin Sadıqov mənə zəng edib dedi…

Martın 13-də səhər saat 05.00-da nazir müavini Nəcməddin Sadıqov mənə zəng edərək təcili olaraq nazirin qəbuluna gəlməli olduğumu dedi… Nazirin qəbuluna getdim. Onun əlləri əsirdi, möhkəm həyəcanlı idi və mənə əməlli-başlı nəsə izah edə bilməyərək başının üstündən asdığı Heydər Əliyevin portretini göstərdi. Mən dəstəyi qaldırıb Heydər Əliyevi dinlədim. O dedi ki, Qazaxda belə bir hadisə baş verib, təcili oraya gedib asayişi bərpa etmək lazımdır. Bildirdim ki, təcili olaraq əlimdən gələn hər şeyi edərəm. Əliyev əlavə olaraq mənə dedi ki, daha tez yetişmək üçün vertolyotla get. Əbiyevdən isə demək olar ki, heç bir təlimat-göstəriş ala bilmədim, çünki o, çox həyəcanlı idi, rəngi ağarmışdı və deyəsən bərk qorxmuşdu. Mən onun otağını tərk etdim. Vertolyot meydançasına gedənə qədər mənə məlumat verdilər ki, Daxili Işlər nazirinin müavini Zahid Dünyamalıyev və Idarə rəisi Fətulla Hüseynov da mənimlə gedirlər və onlar da mənim tabeçiliyim altında olacaqlar. Onlar hər ikisi DIN-in təmsilçisi olaraq oraya göndərilirdilər və Qazaxda OMON-la görüşən zaman həm də bildim ki, Zahid Dünyamalıyevin və Fətulla Hüseynovun OMON-la çox yaxşı münasibətləri var.

Düşündüm ki vertolyotu vurub hamımızı məhv edəcəklər

Uçmağa hazırlaşdığımız zaman bizə məlumat verdilər ki, Rövşən Cavadov da bizimlə gedəcək və bir neçə dəqiqədən sonra həqiqətən də Cavadovla Nizami Şahmuradov da gəldilər. Bu məni narahat etdi və mənə elə gəldi ki, biz Tovuza gedib çıxa bilməyəcəyik. (Biz vertolyotla Tovuza gedib oradan maşınla Qazaxa keçməli idik).  Yol boyu həmin məşum anı gözləyirdim ki, vertolyotu indicə vurub hamımızı məhv edəcəklər. Amma Allaha şükür ki, heç nə baş vermədi və biz sağ-salamat Tovuza çatdıq. Və buradaca bir neçə zəruri məqamı qeyd etməliyəm.
Qeyd etdiyim kimi, bu hadisə martın 13-də səhər baş vermişdi. Əgər həqiqətən də, hansısa dövlət çevrilişi cəhdi vardısa, o zaman OMON-un komandiri Rövşən Cavadov heç bir mühafizə filan olmadan şəhərin o başından bu başına necə gəlib çıxırdı. Onu evində və ya vertolyot meydançasında rahatca həbs etmək olardı və bu, kifayət idi. Bundan əlavə OMON-un içində də Əliyevin informatorları vardı və orada dövlət çevrilişinə hər hansı hazırlıq vardısa, bu elə ilk andan Əliyevə çatdırılmalı idi. Nəhayət, əgər Rövşən Cavadovu vertolyot meydançasına qədər həbs etməmişdilərsə, o zaman vertolyotu vurub yerə sala bilərdilər. Doğrudur, bu zaman daha 3 polkovnik də Cavadovla bir yerdə həlak olacaqdı, amma nə olsun ki? Döyüşlərdə, türmələrdə öldürülən polkovniklər azdırmı?

Rövşən bu oyunların qarşısında çox gücsüz idi

Deməli, heç bir dövlət çevrilişi və ya buna cəhd olmamışdı. Rövşən Cavadovdan xəbərsiz isə OMON hər hansı dövlət çevrilişinə cəhd hazırlığına baş vura bilməzdi. Mən şahidəm ki, bütün bu hadisələr Heydər Əliyevin mahir barmaqlarının arasından süzülürdü. Biz yol boyu xeyli müzakirələr apardıq və mən Rövşən Cavadovun reaksiyasını müşahidə etdim. Onun dövlət çevrilişi haqqında nə bir fikri, nə də bir planı vardı. O, proseslərin axarını əla anlayırdı, amma bu prosesləri saxlamaq imkanında deyildi. Bu oyunda, o, gücsüz idi. Və mən onu bir komandir olaraq yaxşı başa düşürdüm: axı, çox şeylər vəd edilmişdi.

Əliyev bütün səfirləri qiyamçılıqda ittiham edirdi

Ən gülünc ittihamlardan biri də türklərlə bağlı ittihamlar idi. Bu qədər qısa müddət ərzində türk diplomatları necə dövlət çevrilişi hazırlaya və Tansu Çillər bu “qiyam”ı maliyyələşdirmək üçün vəsait ayıra bilərdi? Həm də cəmi 3 gün ərzində- martın 13-dən 17-nə qədər. Gülməli idi və yalnız Əliyevçi auditoriyaya hesablanmış mülahizələr idi. Bu hadisə həm də, Əliyevin Türkiyəyə münasibətini müəyyənləşdirirdi.
Doğrudur, 17 mart qırğınına qədərki müddətdə bir çox ölkələrin, o cümlədən Türkiyənin də, Amerikanın da diplomatları qanlı olayların qarşısını almaq üçün çoxlu səylər göstərdilər. Amma təəssüf ki, Heydər Əliyev onların bu səylərini qiyamda iştirak elementi kimi dəyərləndirdi.

Qazaxdan telefonla Heydər Əliyevə məruzə etdim

Tovuzda vertolyotdan düşüb dərhal Qazaxa yollandıq. Biz oraya çatanda inzibati binalarda heç kim qalmamışdı və OMON bu binaları tərk etmişdi. Ağır texnika, o cümlədən də 2 tank da artıq hərbi hissəyə qaytarılmışdı. Polis idarəsindən götürülmüş silahların da bir hissəsi onlara qaytarılmışdı. Mən Əliyevə zəng edərək situasiya barədə, görülən işlər haqqında məlumat verdim, əlavə etdim ki, ciddi bir şey yoxdur və ola da bilməz və qısa müddətdə hər şey yoluna qoyulacaq. Regiondakı hakimiyyət nümayəndələri ilə, ziyalılarla, Elçinin valideynləri ilə görüşdüm. Qısaca desək, münaqişənin həlli üçün zəruri olan bütün tədbirləri atdim və münaqişə artıq yoluna qoyulurdu. Amma hiss edirdim ki, bütün bunlar Bakını qətiyyən təmin etmir və paytaxtda hakimiyyəti götürən çevrə münaqişənin həllində deyil, onun dərinləşdirilməsində maraqlıdır. Elə həmin ərəfədə də OMON-un buraxılması haqqında əmr imzalandı, cinayət işi açıldı, OMON-çular cinayətkar ünsürlər adlandırıldı və sairə. Bütün bunlar isə situasiyanı daha da mürəkkəbləşdirirdi. Bütün bunların nəyə gətirib çıxaracağını bilən Rövşən axşam Qazaxdan Bakıya yollandı ki, Əliyevlə görüşüb məsələlərə aydınlıq gətirsin. Amma onun Əliyevlə görüşmək üçün bütün cəhdləri nəticəsiz qaldı. Əliyev artıq onu gündəliyindən çıxarmışdı, bütün proseslər onun ssenarisi üzrə davam edirdi.
Ssenari isə belə idi…

(ardı var)