Bakıda daha bir söküntü davası

Abutalıbovun işçilərilə sakinlər arasında qarşıdurma yarandı, hadisə yerinə polis gəldi

Paytaxtın “Beşmərtəbə” adlanan hissəsindəki yaşayış evləri ətrafında qalmaqal davam edir.
Orada elə mənzillər var ki, sökülməsi məhkəmə qərarı ilə qadağan edilib. Buna baxmayaraq, Bakı şəhər Icra Hakimiyyətinin işçiləri adəti üzrə dünən də zorla evlərə soxularaq, sakinləri mənzillərindən çıxarıb, tikililəri isə sökməyə cəhd göstəriblər.
Abutalıbovun işçiləri Mirzağa Əliyev küçəsində yerləşən binanın üçüncü və dördüncü mərtəbələrindəki mənzillərin dəmir qapılarını sındıraraq, qapı-pəncərələri, döşəmədəki parketləri sökmək istəyərkən sakinlərlə onların arasında qarşıdurma yaranıb. Insident böyüyüb, hadisə yerinə polislər gəlib. Bir qədər sonra orada sakitlik yaranıb.
Amma bu sakitlik uzun sürməyib. Binanın sakinlərindən Emil Əliyevin sözlərinə görə, ara sakitləşəndən sonra sındırılmış qapının bərpası üçün qaynaqçı gətiriblər. Amma usta qapını düzəldənə qədər yenidən 15 nəfər binanın həyətinə daxil olub. Bu zaman sakinlər yenə polisə müraciət etməli olublar: “Özünü mühəndis kimi təqdim edən şəxs polisə bildirdi ki, bu mənzilləri Bakı şəhər Icra Hakimiyyəti alıb. Amma söküntü üçün icazə sənədinin üstündə olmadığını, sənədi sabah təqdim edə biləcəyini dedi. Polis də onunla razılaşdı. Biz isə izah eləməyə çalışdıq ki, öz mənzillərimizi Bakı şəhər Icra Hakimiyyətinin istədiyi qiymətə satmırıq. Öz evimizdən çıxmırıq. Digər tərəfdən, burada insanlar yaşayır, söküntü zamanı onların üstünə daş-taxta düşə bilər. Bu zaman polis belə bir absurd cavab verdi ki, ”qoy, hadisə baş versin, onda bir tədbir görərik”. Polis belə deyib getdi. Onlar da söküntü işlərini davam etdirdilər”.
Sakinlərdən Lalə Qaravəliyevadan öyrəndik ki, hadisə zamanı qonşuları stress keçirib: “Qonşularımızın bir neçəsi ürək xəstəsidir. Fəhlələrlə mübahisə edəndə onların vəziyyəti pisləşdi. Bizə evimizin müqabilində normal pul və ya bizi təmin edəcək mənzil vermək istəmirlər. Bu cür hücumlarla həm bizi bezdirib evimizdən çıxarmaq, həm də sökdükləri qapı-pəncərələri satıb pul qazanmaq məqsədi güdürlər”.

Islam