Avtoritar rejim sonuncu fəslini yaşayır

“Bu cür idarəçiliyin gələcəyi yoxdur, heç bir xalq uzun müddət belə sistemlə barışa bilməz”

Eldar Namazov: “Azərbaycan xalqına qarşı bu iyrənc hərəkəti edən adamlar gec-tez cəzalarını alacaqlar”

Azərbaycan Naminə İctimai Forumun prezidenti, Ziyalılar Forumunun təsisçilərindən biri Eldar Namazov  “Azadlıq”ın suallarını cavablandırıb.

– Eldar bəy, ilk olaraq “Azadlıq” radiosunun əməkdaşı, tanınmış jurnalist Xədicə İsmayıla qarşı peşə fəaliyyətini məhdudlaşdırmaq məqsədi gedən şantaja münasibətinizi
öyrənmək istərdik.

Bu çirkin siyasət cavabsız qalmayacaq

– Bu cür eybəcər hallar ilk dəfə deyil ki, Azərbaycanda baş verir. Sözsüz, bu onun göstəricisidir ki, hakimiyyət siyasi opponentlərinə, müstəqil mətbuata, öz mövqeyini açıq ifadə edən ziyalılara qarşı nə qədər çirkin, əxlaqa zidd olan üsullarla mübarizə aparır. Az da olsa sağlam düşüncəsi olan insan belə hadisələrə nifrətlə yanaşa bilər. Əminəm ki, Azərbaycanda demokratik prinsiplərin bərqərar olmasına nail olacağıq, ölkəmizdə nəhayət, dünyəvi, demokratik, hüquqi dövlət qura biləcəyik. Bax, bu illərdə Azərbaycan xalqına qarşı bu hərəkəti edən adamlar gec-tez cəzalarını alacaqlar. Çünki bu insanlığa qarşı bir cinayətdir. Belə cinayətlərin vaxt müddəti yoxdur, bunu heç zaman bağışlamaq olmaz. Xədicə xanım düz edib ki, vaxtında rəsmi müraciət ünvanlayıb. Hesab edirəm ki, bütövlükdə Azərbaycan cəmiyyəti, siyasi partiyalar, ictimai qurumlar, ziyalılar bu kimi olayların araşdırılmasını tələb etməli və şantaj xarakterli, qeyri-insani addımları atan insanlara qarşı ciddi ölçü götürülməlidir. Əminəm ki, belə də olacaq.
İndi də olmasa, bu gələcəkdə mütləq baş tutacaq.

– Hakimiyyətin siyasi oponentlərinə qarşı bu qədər aqressivləşməsi və bütün hədləri keçməsi nəyin görsənişidir?
– Bu kimi olayları görəndə hansısa normalardan və dəyərlərdən danışmaq çox çətindir. Avtoritar rejimlərin
öz daxili “inkişaf” mərhələləri olur. Korrupsiyalaşan, seçki saxtakarlığını adi hala çevirən rejimlər son nöqtədə qeyri-insani hərəkətlərə yol verən mərhələyə gəlib çatırlar. Bu isə onun göstəricisidir ki, özünü sivil göstərmək cəhdləri artıq kənara qoyulur. Hakimiyyət cəmiyyətdə özünə qarşı o qədər narahatlıq hiss edir ki, heç nəyə mahal qoymur. Heç bir dəyər və normalara riyaət etmir və bundan da çəkinmir. Mən avtoritar rejimlərin mahiyyəti ilə bağlı bir müddət əvvəl məqalə ilə çıxış etmişdim. Avtoritar rejimlərin inkişafını beş mövsümə bölmüşdüm. Sonuncu mövsüm artıq onun göstəricisi olur ki, avtoritar rejim bütün maskaları cırır. Artıq demokratiya, insan haqları ilə bağlı görüntü xarakteli addımlar da kənara atılır. Bu qeyri-insani siyasət tam çılpaqlığı ilə özünü büruzə verir. Hazırda biz məhz bu hadisələrin şahidiyik.

Quba hadisələrinin kökündə qəzəb durur

– Quba hadisələrinə müxtəlif yanaşmalar sərgilənir. Sizcə, bu hadisələr nəyin mesacı idi? Baş verənlər bir təsadüf idi, yoxsa hakimiyyətin yürütdüyü siyasətin məntiqi nəticəsi?
– Quba olaylarıyla bağlı mətbuatda gedən yazılar ətrafında əsasən iki xətt görünür. Birinci yanaşma Quba hadisələrinin haqlı olaraq cəmiyyətdəki böyük sosial gərginlik və narazılıqla bağlanmasıdır. Mən də o fikirdəyəm ki, əsas səbəb budur. İkinci yanaşmaya görə baş verənlər məmur oliqarxlar arasında gedən nüfuz savaşının işartısıdır. Hətta bu yanaşmanı düzgün qəbul etsək belə, nəzərə almaq lazımdır ki, heç bir oliqax məmur on min adamı rayon mərkəzində mitinqə çıxara bilməz. Ən yaxşı halda hər şansı hadisələri qızışdıra, bundan öz rəqibinə qarşı istifadə edə bilər. Ancaq belə kütləvi aksiyaların dərin kökləri olmasaydı, onlar bu şəkildə baş verməzdi. Ona görə, mən əminəm ki, bu hadisələrin kökündə sadə insanların qəzəbi və narazılığı durur. Təsadüfi deyil ki, müxtəlif videolarda belə fikirlər var idi ki, Qubalılar nəyi sata bilərdilər? Axı onların hər şey əllərindən alınıb, korrupsiya baş alıb gedir. Hadisələr zamanı bir neçə villa yandırıldı. Bu da yoxsulluğa, korrupsiyaya qarşı bir etiraz idi. Qubalılardan biri dedi ki, biz icra başçısını qovaraq Qəddafinin gününə saldıq.
Bu, çox mətləblərdən xəbər verir. Bu hadisələri yaradan sosail gərginlik, narazılıqdır. İnsan haqları və korrupsiya ilə bağlı yol verilən özbaşnalıq nəticəsiz qalmayacaqdı.
Amma istərdim ki, məsələnin digər tərəfinə diqqət yetirək. Tutalım ki, Qubada hadisələrin bu səviyyəyə çatmasında oliqarxların arasında gedən mübarizənin rolu böyük olub. Mahiyyətcə bu dövlət idarəetmə sisteminin iflici deməkdir. Bir məmur o biri məmuru sıxışdırmaq üçün ölkədə belə bir çaxanaşmaların, sosail partlayışın təşkilinə çalışırsa,
bu o deməkdir ki, ölkədə idarəetmə sistemi tam iflic vəziyətindədir. Deməli, bu yolla məmurlar ölkə başçısını şantaj edir, ona təsir göstərirlər. Bu o deməkdir ki, məmurları təyin edən adamın onların qarşısında ciddi hörməti qalmayıb. Əgər bir məmuru sıxışdırmaq üçün bunlar öz oturduqları budağı kəsirlərsə, deməli, artıq ölkədə mövcud idarəetmə sistemi nəinki insan haqları, demokratik prinsiplər, hətta bu rejimin idarəçiliyi baxımından yararsızdır. Bir olayı xatırlayıram. 90-cı illərin ikinci yarsında bir məmur digəri haqqında mətbuatda sərt fikirlər işlətmişdi. Həmin məqalə çıxan günü Təhlükəsizlik Şurasının iclası çağrıldı və bu hərəkətə yol verən məmur işdən azad edildi. Buna səbəb kimi həmin qəzet materialı göstərildi və bildirildi ki, əgər bir nazir başqasından narazıdırsa, o narazılığını gəlib ölkə başçısına ifadə edə, ona öz təklifini verə bilər. Əgər başqa yollara əl atılırsa, bu ölkə başçısının şantajı sayılır. Bu da qəbul olunmazdır. Təssəvür edin əgər o vaxtı bir qəzet materialına görə nazir işdən azad edilirdisə, indi regionlarda belə cəhd edilirsə, bu idarəçilik sisteminin işlək olmamasını göstərir.

Hakimiyyət reallıq hissini itirməkdədir

– Rəsmi qurumların baş verən prosesləri öz xeyrinə yozaraq, Quba olaylarını dövlətə dəstək aksiyası olduğunu bildirdilər. Onların məntiqincə, sadəcə olaraq olaylardan bəzi destruktiv qüvvələr yararlanıb?
– Bu gülünc bir izahatdır. Məgər Qubanın icra başçısını marsdan bu vəzifəyə təyin etmişdilər? Həmin icra başçısını bu vəzifəyə hakimiyyət təyin etmişdi. İndi faktlar açıqlanır ki, bu icra başçısından çoxlu sayda şikayətlər var idi. Amma şikayətlərə baxmayaraq, heç bir tədbir görülmürdü. Nəticədə insanlar məcbur olub küçəyə çıxaraq sərt fomada etirazlarını bildirdilər. Bunu hakimiyyətə dəstək kimi qələmə vermək sadəcə olaraq gülünc yanaşma idi. Kimsə özünü bunla arxayın etmək isətyirsə ki, ölkədə real etiraz yoxdur, qoy, belə də fikirləşsin. Hamı gözəl bilir ki, avtoritar rejimlər adətən sonuncu mərhələdə reallıq hisslərini itirirlər. Biz bunun ərəb dünyasında baş vermiş hadisələrdə də şahidi olduq. Hətta artıq bütün millət meydanlara çıxıb hakimiyyətə qarşı silahlı mübarizə aparanda rejim liderləri özlərini yenə millətin atası kimi qələmə verirdi. Guya hər şey qaydasındadır. Ona görə kimsə reallıqdan uzaq hissləri yaşayırsa, bunu təbii qəbul etmək lazımdır.

– Quba hadisələrinin başqa rayonlarda təkrarlana biləcəyi ilə bağlı müxtəlif proqnozlar verilməkdədir. Sizin bu barədə gözləntiləriniz nədən ibarətdir?
– Sirr deyil ki, Azərbaycanda çoxlu sayda rayonlar var ki, orada vəziyyət Qubadan da pisdir. Qubada narazılığa səbəb olan amillərin hamısı başqa rayonlarda da mövcuddur. Bölgələr xanlıqlar kimi oliqarx məmurlar arasında bölünüb. Əvvəlcə bu məmurlar iqtisadiyyatı öz aralarında böldülər, inhisarçı qruplar yaratdılar. Ona görə də Azərbaycanda nə sağlam rəqabət mühütü, normal qiymətlər var. Azərbaycanda iqtisadi rəqabəti iqtisadi amillər yox, inhisarçılar təyin edir. Ona görə də Bakı Avropanın ən bahalı şəhərlərindən birinə çevrilib. Məmurlar iqtisadiyyatı öz aralarında böləndən sonra yerli icra orqanlarının da oliqarxlar arasında bölünməsi məsələsi meydana gəldi. Parlament seçkiləri zamanı məlum oldu ki, həmin məmurlar nəinki nəzarətində olan rayonlarda icra başçılarının təyinatına nəzarət edir, eyni zamanda millət vəkillərinin də siyahısını müəyyənləşdirir. Belə çıxır ki, bu dövlətin həm iqtisadiyatı, həm yerli icra orqanları, həm də parlament hansısa bir oliqarx qrupların arasında bölüşdürülür. Ona görə belə siyasət nəticəsində narazılıq da böyük olacaq, sosial partlayışlar da baş verəcək. Çünki bu iqtisadiyyat sistemi nə iqtisadiyyatın nomal inkişafına şərait yaradır, nə də insanların normal hüquqlarını təmin edir. Elə Quba hadisələri zamanı rayona məhz nəqliyyat naziri Ziya Məmmədovun getməsi hazırkı idarəçiliklə bağlı dediklərimi təsdiq edir. Bu cür eybəcər idarəetmə sistemində nəqliyyat nazirinin gedib insanlardan icra başçısının əvəzinə üzr istəməsi kimi eybəcər halların baş verməsi təəccüblü olmamalıdır. Ziya Məmmədovun vəzifə səlahiyyətlərinin
Qubaya nə aidiyyatı var. Sadəcə olaraq, bir məqam bunu izah edir ki, bütün respublika üzrə bu cür bölgü aparılıb. Bu cür idarəçilik sisteminin gələcəyi yoxdur və o hakimiyyətin öz mövcudluğunu şübhə altına alır. Heç bir xalq uzun müddət belə sistemlə barışa bilməz.

Azərbaycanın “geopolitik şpaqat” siyasəti

– Gürcüstan prezidenti Mixail Saakaşvilinin parlamentdəki çıxışında Rusiyanı sərt tənqid etməsi hakimiyyətdə ciddi narahatçılığa səbəb oldu. İqtidarın bu cür yanaşma sərgiləməsi nəyin etirafıdır?
– Nomal ölkələrin vahid dövlət siyasəti olur. Bu dövlət siyasəti iki qola – daxili və xarici siyasətə bölünür. Bu iki qol bir-biri ilə uzlaşdırılır. Daxili siyasət xarici siyasəti formalaşdırır. Xalqın istəklərinə uyğun olaraq dövlət sistemi qurulur. Təəssüflər olsun ki, Azərbaycanda daxili siyasətlə xarici siyasət bir-birinə əks gəlir. Xarici siyasətdə çalışılır ki, Qərb ölkələrilə normal münasibət qurulsun, amma daxili syiasətdə Rusiyanın avtoritar idarəçilik modelinə üstünlük verilir. Buna “geopolitik şpaqat” deyilir. Belə vəziyyətdə insan uzun müddət dura bilmədiyi kimi, bu cür siyasət dövlət üçündə qəbul olunmazdır. Çünki daxildə avtoritar prinsiplər üzərində idarəçilik metoduna üstünlük verməklə xaricdə demokratik ənənələrə sadiq olan Qərblə, nüfuzlu beynəlxalq təşkilatlarla normal əlaqələr qurmaq mümkün deyil.
Ya bu Azərbaycan Rusiya başda olmaqla avtoritar ölkələrin klubuna daxil olmalıdır, ya da ölkədə demokratik islahatlar aparılmalıdır. Bu qeyri-müəyyənlik qaldıqca qonşu ölkənin prezidentinin çıxışından sonra parlamentdə Rusiyanın mövqeyinin müdafiəsini görəcəyik.

– Rusiyadan söz düşmüşkən bu ölkədə proseslərin sonrakı inkişafını necə görürsünüz?
– Rusiyada elan olunan seçkinin nəticələri reallığı əks etdirməsə də, müəyyən tendensiyalardan xəbər verir. MSK-nın açıqlamasına görə, seçkiyə gələnlərin 60 faizi Putinə səs verib. Amma nəzərə almaq lazımdır ki, elə seçkiyə gələnlər ümumi səsvermə hüququ olanların 60 faizini təşkil edir.
Bu o deməkdir ki, Rusiya seçicilərinin təxminən 35-40 faizi rəsmi statistikaya görə Putinə səs verib. Ekspertlərin hesablamalarına görə Putin təxminən 25-30 faiz səs alıb. Moskva və Sankt-Peterburqda isə bu göstəricilər bir qədər də aşağıdır. İkinci bir vacib məqam Rusiyada liberal, Qərbyönümlü namizədin on illərlə seçkiyə qatılmasına imkan verilmirdi. Bəyan olunurdu ki, NATO və Qərb bizim düşmənimizdir. Amma ilk dəfə olaraq milyarder Proxorovun timsalında Qərbyönümlü, liberal namizəd seçkiyə qatıldı.
Bir ay yalnız o təbliğat apara bildi. Məlum oldu ki, həmin adam Moskva və Sankt-Peterburqda ikinci yerə çıxdı. Bir sıra məntəqələrdə isə ümumiyyətlə Putinə qalib gəldi. Təsəvvür edin, illərlə bu təbliğat getsəydi, sağ liberal Qərbyönümlü partiyaların parlamentdə iştirakına imkan verilsəydi, hansı nəticələr əldə oluna bilərdi. Bütün bunlar onu göstərir ki, Rusiyada artıq nəsillər dəyişir və yeni nəsil meydana gəlir. Həmin nəsil də insan kimi yaşamaq istəyir. Bu prosesin qarşısını da nə Putin, nə də onun komandası ala bilər. Rusiyada artıq dəyişikliklərə istək var və bu proses qaçılmaz olacaq. Bilmirəm, Putin 6 illik hakimiyyətini başa çatdıra biləcək, yoxsa-yox. Amma ən azı dəqiq bu
qənaətdəyəm ki, növbəti seçkiyə qədər Qərbyüönümlü namizəd növbəti seçkilərin favoriti olacaq.

Xəyal Şahinoğlu