70-80-ci illərdə yeni hind filmi əsl hadisə idi. Iki saat ərzində 40 qəpiyimizdən keçərək, xeyirlə şərin mübarizəsini böyük zövqlə izləyir, filmin sonunda ədalətin zəfər çalmasından məmnun halda evlərimizə dağılışardıq. Sanki bu, bizim qələbəmiz idi, xeyir gec də olsa qələbə çalırdı. Həmin möhtəşəm filmlər həyatımıza o qədər sirayət etmişdi ki, gənc valideynlər, böyüklərin israrına baxmayaraq, doğulan övladlarına Zita, Gita, Rac və s. adları qoymaqdan çəkinmirdilər.
Iki seriyadan ibarət olan klassik hind fimində zülm 2-ci seriyanın ortalarınadək davam edirdi, təxminən son yarım saat isə filmin “razvyazkasına”, yəni mənfi qəhrəmanların ifşasına sərf olunurdu.
Hindistanın “Bollivud” şirkəti bu qəbildən olan filmləri yenə istehsal edir, lakin Azərbaycanda bu filmlərə maraq, demək olar, yoxdur. Səbəb sadədir, bu gün ölkədə cərəyan edən hadisələr, klassik hind filmlərini xatırladır, hətta dramatikliyinə görə onları arxada qoyur.
Unudulmaz qəhrəmanlar Çopra (icra başçısı), Qabbar Sinqh (qanqster Hacı Məmmədov və başqaları), Braqandza (nazir və deputatlar və s.) yenə “bizimlədir”, Şakanın əmrlərini icra etməklə “məşğul olurlar”.
Şakaya pul lazımdır!
Hind filmlərində Çopradan fərqli olaraq, bizim “qəhrəman” təyinatla, yəni qanuni olaraq rayona icra baçısı təyin edilir. Əgər ilk dəfə onu belə vəzifəyə təyin edirlərsə, deməli, hələ Çopra olmağına çox var…
Əksər hallarda Çopra ilə üzləşirik, çünki bu “iş” naşı istəməz. Beləliklə, yeni icra başçısı təyin olunandan bir neçə gün sonra, “Şakaya pul lazımdır!” kampaniyasına start verilır. Bu yazını yazarkən səthi bir arama apardım. Buyurun, icra baçşısının “gəlişinə” həsr olunan məqalə başlıqlarından bir neçəsini nəzərinizə çatdırım:
“Icra başçısı rektorlara haqq qoydu”, “Şabran rayonunda meşələr qırılır”, “Icra başçısı rayonun səfalı yerlərini işğal edib”, “Icra başçısı, sahibkarlara haqq qoydu”, “Icra başçısının göstərişi ilə, sahibkarların içərisində malları olan mağazalarının qapısı hörüldü”… və s.
Zənnimcə kifayətdir, əslində icra başçıları bir buyruq quludurlar, onların vəzifəsi, xərac toplayıb onu Bakıdakı havadarlarına göndərməkdir. Bu prosesdə isə o, öz gələcəyini də “unutmur”, insafının yol verəcəyi sərhədə qədər (hələlik nəfsini az da olsa, cilovlaya bilənə rast gəlinməyib – X.Ə.) özü də çapıb talayır. Narazılıq pik həddə çatanda isə, prezidentin fərmanı ilə Çopranı başqa rayona icra başçısı təyin edirlər.
…Quba rayonunda baş verənlərdən yəqin ki, hamının xəbəri var.
Ilkin sızmalara görə, qubalı “Çopra” bir neçə il ərzində yuxarıların “haqqını” yeməmək şərti ilə var-dövlətini 15 milyon dollar artırıb.
Nəzərə alsaq ki, Azərbaycanda səksənə yaxın icra başçısı və təxminən 20 ehtiyatda olan keçmiş başçı var, məsələ aydınlaşır.
Şaka, bizi zibilə salma!
Son günlər iqtidar mətbuatı Almaniyada korrupsioner (!) “axtarışına” başlayıb. Təhlükəli axtarışdı, bunun xatası olacaq, məndən deməsi…
Kiçik bir əyalətinin büdcəsinin Azərbaycan büdcəsindən təxminən 10 dəfə çox olan Almaniya prezidenti Kristian Vulfu bizim iqtidar “korrupsioner” elan edib(!). Səbəb, illər öncə, kredit götürdüyü bankın sahibi ilə dost olması və bunun müqabilində ona aşağı faizlə kredit verilməsidir. Prezident bunun onun karyerasına zərər verəcəyini bilərək, bir ildən sonra güzəştsiz kredit götürərək, əvvəlki krediti bağlayır. Uzun illər 50 milyard avro büdcəsi olan əyalətin baş naziri işləmiş Kristian Vulfun bioqrafiyasında başqa qaranlıq heç nə tapmırlar, lakin o, könüllü istefa verir. Təxminən 20 min yevroluq dost güzəşti (!) ona baha başa gəlir. Bank özəl bank olsa belə, o, “səhv”ini etiraf edir.
Ilham Əliyev, Rauf Həbibov və Kristian Vulf… Bunları eyniləşdirmək üçün adam gərək ədalət hissindən tamamilə məhrum olsun, gözləri kor olsun. Alman ədalətini burda tətbiq etməyə qalxsaq, bizə ən azı 3-4 həbsxana tikmək gərəkdir…
80 icra başçısından ortababı olan Rauf Həbibov K.Vulfu “cibində” gəzdirər, baxmayaraq ki, bizim Çopra 5-6 milyon manat büdcə ilə “hərəkət” edir. Əgər ona 50 milyard büdcəni etibar etsəydilər, ya Avropanı satın alardı, ya da 3-cü dünya müharibəsi başlayardı.
Çox güman ki, Həbibovu həbs etməyəcəklər, məğlubiyyəti etiraf etmək bu hakimiyyətin xislətinə uyğun deyil.
Bəli, Şaka və Çopralar əməlli-başlı “zibilə” düşüblər.
Çünki “Azərbaycan” adlı filmin son yarım saatı başlayıb, artıq bütün nəzərlər ŞAKAYA dikilib…

Şakaya (möhtərəmə) pul lazımdır!!!
•