18 ilin ən məşhur 18 yalanı – I

1.Seçkilərin tam demokratik və Avropa standartlarına uyğun keçirilməsi.
Təsəvvür edin, bir telejurnalist rəhbərliyə “piyada gəzməkdən qorxuram, xalq mənə nifrətlə baxır, qeyri-etik ifadələrə görə məni cəzalandıracaqlar” deyir, rəhbərlikdən maşın qoparır və elə həmin il, onu linç etməyə hazır olan əhali, jurnalistə “etimad” göstərərək, Milli Məclisə seçir. 120 deputatın hər birinin buna bənzər hekayəsini bütün xalq bilir. Inanıram ki, bir M.Pənahovun yazacağı memuarlar hər şeyə aydınlıq gətirəcək.
2. Ötən 8 ildə ölkədə 350 min iş yeri açılıb, ümumiyyətlə, 2003-dən bəri 3 milyona qədər iş yeri açılıb.
Rusiyanın rəsmi statistikasına görə, həmin müddət ərzində miqrasiya xidməti, Azərbaycandan 2,5 milyon iş qabiliyyətli insan qəbul edib. Peterburqda tikintidə adi fəhlə işləyən, yeganə elmlər doktoru da azərbaycanlıdır. Bu yaxınlarda Moskva bazarlarından birinin önündə həmyerlilərimizin şərəfinə “Qastorbayter”(muzdlu gəlmə) heykəlinin açılışı planlaşdırırlır.
3.Sovet dövründən qalma əmanətlərin qaytarılacağı.
Bu artıq xalqı ələ salmaqdır. Bu yalan həmişə seçkiöncəsi vaxta… təsadüf edir. Milli Məclis və prezident seçkiləri ərəfəsində bu vəd verilir. Seçkiyə bir neçə ay qalmış bu kampaniya daha geniş vüsət alır. Seçki qurtaran kimi, möhtərəm Hadı Rəcəbli bəyan edir ki, o pullardan kriminal iyi gəlir. Bunu o dövr Şəkidə raykom işləyən və haqqında əfsanələr(!) dolaşan Hadı müəllimə dedirtmək(!) isə, siyasi mazoxizmdir.
4.Yeni Azərbaycan Partiyasının 500 mindən çox üzvü var.
240 min nəfərlik pedaqoji ordunun və büdcə təşkilatları işçilərinin zorla bu partiyaya üzv edildiyini nəzərə alsaq, rəqəm 500 mindən yuxarıdır.
5. Pezident Ilham Əliyev rayon əhalisi ilə görüşüb söhbət etdi.
Əslində belə yazılmalıdır – “Prezident Ilham Əliyev, rayonu çapıb-talayanlarla görüşüb, söhbət etdi”. Bələdiyyə sədrləri, idarə müdirləri, məktəb direktorları və… icra hakiminin “ştatlı” ağsaqqalının bu mərasimi zamanı sadə xalqı polis ərazidən uzaqlaşdırır.
6.Lazım gələrsə, torpaqlarımızı silah gücünə azad edəcəyik.
Tam səmimi deyirəm, iqtidarın 18 ildir zülm etdiyi xalqa silah verəcək qədər sadəlövh olduğuna inanmıram. Və eyni zamanda danışıqlar yolu ilə də torpaqların alınacağı inandırıcı görünmür. Qalır bir yol – demokratiya, insanların rifahının yüksəldilməsi ilə Ermənistanı üstələmək və bununla dünyanı təhrik etmək, bu mümkün deyil, iqtidar istefaya razı olar, buna yox. Əsrarəngiz “lazım gələrsə” təsəllisi isə, gecə-gündüz ermənilərə “çalışır”.
7. Azərbaycan artıq dünyanın aparıcı idman ölkəsinə çevrilib.
Bolqarıstandan ağır, Efiopiyadan yüngül atletlər, Rusiyadan voleybolçu, güləşçi, avarçəkən, Kubadan boksçu, Braziliyadan futbolçu, Koreyadan xokkeyçi qızlar gətirməklə dünya idman ictimaiyyətini özümüzə güldürməkdə davam edirik. Futbol üzrə millimizin biabırçı Fələstin məğlubiyyətindən sonra(?) Rövnəq Abdullayevi “Spase” kanalında tərifləyən sifət (!), iqtidarın “idman ölkəsiyik” inadından dönməyəcəyindən xəbər verir.
8. Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdür.
Heydər Əliyev adına parkı və heykəli olan ölkələr dostumuz, olmayanlar isə düşmənimizdir. Bunun böyük dövlətlərə hələlik şamil olunmaması yeganə “təsəllimizdir”. Bu ölkələrə sadəcə gizli qəzəbimiz var ki, buna da Azərbaycanın “Kissinceri” Fəzail Ağamalının təbirincə, “incə diplomatiya” deyirlər.
9. Səməd Səmədov xalq artisti, Ədalət Şükürov əməkdar artistdir.
Azərbaycanda fəxri ad almaq üçün səs ən axırıncı kriteriyadır, önəmli olan ailə hakimiyyətinə həsr olunmuş klipin varlığıdır. Bəzən bu da yetmir, ən azı yekə… bir pərəstişkarının olması da vacibdir. Vazkeçilməz “şirinliyi” çox vaxt həmin məmur-pərəstişkar ödəyir. Xalq tərəfindən sevilmək daha “təhlükəlidir”. Yəni Məhəbbət Kazımovun, lap elə Manaf Ağayevin fəxri ad almaq şansı, Hüseyn Dərya, yaxud “Pişik Günel”lə(!) müqayisədə qat-qat aşağıdır.