İzi iri məmurlara çıxan işgəncələr

Müxalifətçiləri döyənlərin arxasından Bəylər Əyyubov, Abid Şərifov və Həzi Aslanov çıxdı

Vicdan məhbusları olan Qarabağ qaziləri Məhəmməd Məcidli və Babək Həsənovun fiziki və mənəvi işgəncələrə məruz qalmasında 16-cı kalonun rəisi Məhəmməd Mahmudovun xüsusi rolunun olması barədə məlumat vermişdik. Həmçinin rəislə bağlı da bir sıra maraqlı məlumatları oxucuların diqqətinə çatdırmışdıq. Bir daha xatırladaq ki, Məhəmməd Mahmudov baş nazirin müavini Abid Şərifovun kürəkənidir. O, Abid Şərifovla qohumluq əlaqələrinin ilk illərində prezident yanında xüsusi şöbənin əməliyyatçısı işləyib. Lakin vəzifəsinin öhdəsindən gələ bilməyib. Bu baxımdan Abid Şərifov onun iş yerini dəyişib. Məhəmməd Mahmudov baş leytenant rütbəsilə Penitensiar Xidmətə əməliyyat işinə düzəlib. Qısa müddətdə onun rütbəsi polkovnikə qədər qalxıb. Bundan sonra Məhəmməd Mahmudov 9-cu kalona, oradan isə 16 saylı cəzaçəkmə müəssisəsinə rəis göndərilib. Məhəmməd Mahmudov həm də biznesmendir, Nərimanov rayonundakı “Optimed” tibb mərkəzi ona məxsusdur.

Dünən isə vicdan məhbuslarına dəstək aksiyası keçirən AXCP-çi gənclərə qarşı xüsusi zorakılıq nümayiş etdirən Yasamal Rayon Polis Idarəsinin və 28-ci bölmənin rəisi barədə maraqlı məlumatlar əldə etmişik. Məlumatlara görə Yasamal RPI-nin rəisi Ismayıl Əsədov prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun yaxın qohumudur. O, əvvəllər Nizami rayonunda bölmə rəisi işləyib. 2003-cü ildə “Sevinc” kinoteatrının qarşısınıda Pənah Hüseyn və professor Ismayıl Musayevə qarşı zorakılıqda xüsusi rolu olub. Ümumiyyətlə Ismayıl Əsədov müxalifətçilərə qarşı amansızlıqda Nəsimi polisinin rəis müavini Süleyman Nemətov və Yasamal polisinin sabiq rəis müavini Çingiz Məmmədovla müqayisə olunur. Məlumatlarda deyilir ki, müxalifətçilərə qarşı qəddar olması Ismayıl Əsədovun karyerasında mühüm rol oynayıb. O əvvəlcə Nizami polisinin rəisi vəzifəsinə təyin olunub. Daha sonra Bakının ən böyük rayonlarından biri olan Yasamala rəis təyin olunub. Təbii ki, bu təyinatlarda Bəylər Əyyubovun da rolu olub.

Gənclərə qarşı qəddarlıq göstərən 28-ci bölmənin rəisi isə Baş Narkotiklərlə Mübarizə Idarəsinin rəisi Həzi Aslanovun qohumudur.
Göründüyü kimi, müxalifətçilərə qarşı qəddarlığı ilə seçilən polislər yüksək vəzifəli şəxslərin yaxın qohumlarıdır. Yəni, bu məsələdə sıravi, oliqarxlarla qohumluqları olmayan polislərin rolu görünmür. Deməli, bu adamlar vəzifəli qohumlarına arxayın olaraq hər cür qəddarlığı müxalifətçilərə rəva görürlər.

Hikmət