İstintaq Tansu Çillərin pullarını axtarırdı

OMON hadisələrində türklərin iştirakını təsdiq etmək ən mühüm tapşırıq idi

1993-94-cü illərin qış kampaniyasına hazırlıq zamanı OMON çox iş gördü. OMON-un vasitəsilə bir çox güclər hərəkətə gətirildi, kampaniyanın uğurunun təminatları yaradıldı, amma təəssüf ki, Əliyevçi rəhbərlik burada da özünü büruzə verdi. Baxmayaraq ki, OMON siyasi rəhbərlikdən incik düşmüşdü, çevrilişdən sonra aldadılmışdı, Surət Hüseynovdan fərqli olaraq, onlar qış kampaniyasının uğurlu nəticəsi üçün əllərindən gələni edirdilər. Bu barədə onu dəqiq bilirəm, ona görə ki, mən onlarla bir yerdə işləyirdim, Heydər Əliyevin tapşırığına əsasən də kampaniyanın hazırlığı üçün birgə fəaliyyət göstərirdik, bir neçə dəfə Heydər Əliyevin qəbulunda olaraq ona situasiya ilə baqlı məlumatlar vermişdik. Mən OMON-un nə ilə nəfəs aldığını bilirdim. OMON ətrafında intriqalar atəşkəs barədə saziş imzalandıqdan dərhal sonra başladı. Artıq Əliyev öz hakimiyyət piramidasını qurmaq üçün münbit şərait əldə etmişdi.

İsa Sadıqov

başlanğıcı ötən saylarımızda

Ayaz Mütəllibovun  1 milyon dolları

17 mart hadisəsindən dərhal sonra Qazaxa, mənim yanıma MTN-in, prokurorluğun və DIN-in birgə istintaq qrupu gəldi. Onlar mənim yanıma ona görə gəlmişdilər ki, bu bölgədə OMON-un “yola gətirilməsi” mənə həvalə edilmişdi. Istintaq qrupu təkidlə bildirirdi ki, buraya OMON-la görüşmək və onları təlimatlandırmaq üçün türk diplomatlar gəlib. Mən bu məlumatı qətiyyətlə rədd etdim. Bildirdim ki, OMON-un hər bir nəfərini adbaad tanıyıram, onların arasında heç bir kənar adam olmayıb, üstəlik, Türkiyə diplomatı. Mən istintaq qrupunun əhval-ruhiyyəsini görürdüm, onlar çox qətiyyətli idilər. Amma təbii ki, bu ehtimalları təsdiq edə bilməzdim, çünki bunlar həqiqət deyildi. Istintaq qrupu həm də o məsələdə qətiyyətli idi ki, bu “dövlət çevrilişində” siyasi partiyaların, xüsusilə də Xalq Cəbhəsinin və Musavatın iştirakını təsdiqləyən faktlar üzə çıxarsın. Onlar bu partiyaların bir nəçə funksionerinin adını çəkirdilər. Mən bu insanları tanıyırdım, amma həmin insanlar bu hadisələr zamanı buralarda ümumiyyətlə, olmamışdılar. Sadəcə olaraq, bu adamları güdaza vərmək istəyirdilər. Mən öz yaxın adamlarım vasitəsilə bu adamlara xəbər göndərdim ki, ya ölkəni tərk etsinlər, ya da gizlənsinlər, çünki istintaq qrupu ağına-bozuna baxmadan onları həbs etməyə israrlı idi. Onlar həm də bu “versiyanın” üzərində işləyirdilər ki, Ayaz Mütəllibov bu çevriliş üçün 1 milyon dollar pul ayırıb və bu vəsait Elçin Əmiraslanova verilib. Və nəhayət, Istintaq qrupunun ən dahiyanə araşdırma obyekti: onlar Türkiyənin baş naziri Tansu Çillərin qiyam üçün ayırdığı 5 milyon dolların buradakı izlərini axtarırdılar. Açıq-aşkar görünürdü ki, böyük bir ssenari hazırlanıb, bütün bunlar isə bir məqsəd daşıyırdı: heç bir günahı olmayan insanların qətlə yetirilməsini əsaslandırmaq üçün saxta arqumentlər lazım idi. Bakıda nahaq qan axıdılmışdı və bu cinayəti qanı axıdılanların üzərinə atmaq istəyirdilər.
Mən istintaq qrupunun bütün təkidlərini və versiyalarını rədd etdikdən sonra, onlar məndən əl çəkdilər və ümumiyyətlə, mənimlə əməkdaşlıq etməyin mənasızlığını hiss edib uzaqlaşdılar. Açıq-aşkar görünürdü ki, bu adamlar yuxarıdan verilmiş hazır ssenari ilə gəliblər. Onlar bir daha məni hər hansı epizod və ya adamla bağlı istintaqa dəvət etmədilər. Amma hər halda, təkcə Bakıda yox, eləcə də balaca Ağstafa və Qazax rayonlarında da yüzlərlə günahsız insan həbsə alındı, işgəncələr altına atıldı. OMON-çuların ailə üzvləri, qohumları, tanışları, polis işçiləri,.. hər kəs tutulurdu. Bir balaca imkanlı adam kimi tanınanları da istintaqa çağırır, şantaj edərək qorxudur və həyasızcasına soyurdular.
Rəhbərliyin mənimlə bağlı planlarını da bilirdim. Bilirdim ki, mənə qarşı “Vətənə xəyanət” ittihamı ilə cinayət işi açılıb. Buna baxmayaraq, fəaliyyətimdən qalmırdım. Polis Idarəsinə gedərək bacardığım insanları oradan çıxarır, bir başqalarına gizlənmək və ya ölkəni tərk etmək barədə xəbərlər yollayırdım. Bu adamların hamısı mənim üçün əziz və doğma idi. Biz bir yerdə düşmənlə döyüşlərin ağır sınaqlarından keçmişdik. Indi onlar üçün çox çətin olan indiki ərəfədə mən onları yalnız buraxa bilməzdim.

Hakimiyyət naminə Vətən

1994-cü ilin yanvar ayının əvvəllərində Rövşən Cavadov Gürcüstanın departamentlərindən birinin rəhbəri ilə görüş keçirdi. Bu adamı çoxdan tanıyırdım, ona görə də Cavadov həmin görüşdə mənim də iştirak etməyimi istədi. Bu görüş barədə Əliyevə məlumat verildi. Ona görüşün nəticələri barədə məruzə edən Rövşən Cavadov mənə dədi ki, Heydər Əliyev bu məsələləri müzakirə etmək üçün hər ikimizi Bakıya çağırır. Səhəri gün Bakıya gəldik və Əliyevin qəbulunda olduq. Məsələ ilə bağlı bütün detalları müzakirə etdik. Bu, mühüm dövlət əhəmiyyətli məsələ idi və əgər bu cür məsələləri Əliyev Rövşənə həvalə edirdisə, deməli, ona ehtiyacı vardı.
Bu qəbul zamanı Əliyev mənə aid olan bir sıra məsələləri də müzakirə etdi, məndən xahiş etdi ki, Rövşənlə daimi kontaktda olum. Mən təbii, onsuz da Rövşənlə sıx əlaqə saxlayırdım. Bütün bunları isə ona görə xatırladıram ki, 1994-cü ilin may ayına qədər Rövşən Cavadovla Heydər Əliyev arasında çox normal və yaxın münasibətlərin olduğunu nəzərə çatdırım.
Atəşkəs rejimi işə düşdükdən sonra mənim Rövşənlə görüşlərim seyrəlməyə başladı, daha çox OMON-un regional komandiri olan Elçin Əmiraslanovla görüşürdük. Eyni zamanda hiss olunurdu ki, atəşkəsdən dərhal sonrakı mərhələdə OMON və siyasi rəhbərlik arasındakı münasibətlərdə soyuqlaşma başlayıb. Belə təəssürat yaranırdı ki, Heydər Əliyev ermənilər qarşısında məğlubiyyətini etiraf edərək bu biabırçı sazişi ona görə imzalayıb ki, hakimiyyətdə yerini möhkəmləndirsin, “koalisiya” ortaqları ilə haqq-hesab çəksin. Ən dəhşətlisi isə o idi ki, hakimiyyətin möhkəmləndirilməsi əməliyyatı torpaqların itirilməsi hesabına əldə edilirdi.
Əliyev atəşkəsdən sonra aşkar nümayiş etdirdi ki, o, hakimiyyəti heç kimlə bölüşmək niyyətində deyil. Bu da təbii ki, 93-cü il qiyamını təşkil edən koalisiya ortaqlarının narazılığına səbəb olurdu. OMON-un narazılığı isə həm də onunla güclənirdi ki, bu, hərbi birləşməni ləğv edilmə təhlükəsi gözləyirdi.

Bir güllə ilə iki dovşan

1994-cü ilin payızında Afiyəddin Cəlilov və Şəmsi Rəhimov öldürüldü. Bu qətldə OMON-çular günahlandırılırdı və bu çox ağır ittiham idi.
Mən bu cinayətdə ittiham olunaraq həbs edilənlərlə, Fazil Muxtarov və Fazil Hüseynovla görüşə bildim. Onlar cinayəti etiraf etmək üçün inanılmaz işgəncəyə məruz qoyulmuşdular. Bu epizod barədə MTN-in müstəntiqi polkovnik Ramin Nağıyev ətraflı bəhs edib. Həbs edilənlər Daxili Işlər naziri ilə də, baş prokurorla da görüşlərdə öz günahsızlıqlarını sübut etmək istədilər, amma heç kim onlara qulaq asmırdı.
Əlbəttə, bu olay OMON-un davranışlarına ciddi təsir göstərməyə bilməzdi. OMON-un baş prokurorluğa basqını və buna bənzər hadisələr də həmin provokasiyaların nəticəsi idi. Həm də aşkar hiss olunurdu ki, OMON-un üzərində asılmış təhlükə get-gedə daha ciddi xarakter alır, artıq heç kimə sirr deyildi ki, Əliyev OMON-la bağlı məsələni quru yerdə qoya bilməz.
1994-cü ilin oktyabrında Heydər Əliyev bir güllə ilə iki dovşan vurmaq, yəni Surət Hüseynovla birlikdə Rövşən Cavadovu da sıradan çıxarmaq istədi. Amma o zaman OMON-un ətrafına göndərilən hərbi hissə və hərbi texnika OMON tərəfə keçdi. Heydər Əliyev narahat oldu və başa düşdü ki, OMON-la davranış Surət Hüseynovla davranışdan fərqlənməlidir və tam sürətlə geri çəkildi. O zaman Cavadov da Əliyevin təşkil etdiyi mitinqə gələrək onu dəstəklədiyini bildirdi və gərginlik müvəqqəti olaraq səngidi.

ardı var