“Sen bir devsin, yükü ağırdır devin!..”

On illərdir Azərbaycanda ölkəni patriarxal düşüncədən xilas etmək istəyən insanların davası gedir. Bu, çox kiçik bir zaman kəsiyi deyil. Artıq mübarizənin birinci nəsil nümayəndələrinin sırasına ikinci nəsil də qoşulub. Indi əsas qorxu bundandır. Yeni gələn fəal gənclik belə eybəcər sistemdə yaşamaq istəmir. Qarşımızda hər addımbaşı polis dəyənəyinə tuş gələn, polis idarələrində işgəncə görən, günahsız yerə həbsdə yatan gənclik dayanır. Onlar bu ölkəni yaxşılığa doğru dəyişmək istəyən yeni düşüncənin təmsilçiləridir. Yaşıdlarından fərqlidirlər. Günün əvvəlini bulvarda, “Torqovı”da, sonunu restoranda, barda əylənmirlər. Yəqin heç normal əyləncə üçün ciblərində pulları da yoxdur. Amma gəzmək, əylənmək də onların haqqıdır, həm də başqalarından daha çox…  
Onların seçdiyi fərqli bir yol var. Bu, köhnə illərdən unudulub qalmış qaranlıq küçələrə işıq lampları asmaq arzusu kimi bir şeydir. Çünki o qaranlıq küçələrdə qaranlıq işlər baş verir- onları güdürlər, izləyirlər, döyürlər. Onlar da asan bir yol seçə bilərdilər, “heç kəslə işləri olmazdı”, başlarını aşağı salıb həyatı səssizcə yola verə bilərdilər. Bundansa başlarını dik tutub haqsızlıqla kəllə-kəlləyə gəlməyi üstün tutdular. Bəzilərinin nəsibi həbsxana oldu, bəziləri təhsil aldığı universistetlərdən qovuldu, bəziləri işsizliklə baş-başa qaldı. Amma bütün bunlar belə onların iradəsini qırmağa yetmədi. Onlar yenə öndə, mübarizə sıralarındadırlar. Hədə-qorxular, həbs təhlükəsi, ehtiyac və işsizlik onlarla bərabər addımlayır. Məgər bunu onlar özləri bilmirlər? Bilirlər və o təhlükəyə qarşı da könüllü gedirlər…
Iki gün əvvəl dinc piket keçirmək istəyən cəbhəçi gənclərin bir qrupunu həbs etmişdilər. Xüsusi amansızlıq və qəddarlıqla… Polis idarəsində AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının bədəninə elektrik cərəyanı veriblər. Bu xəbər mənə çox iyrənc təsir bağışladı. Öz ölkənin, öz millətinin polisi səni ölüm düşərgələrində və ya həbsxanalarında tətbiq olunan işgəncə metoduyla əzmək istəyir. Özü də heç nəyin üstündə… Sən sadəcə, konstitusional hüququnla küçəyə çıxıb haqsızlığa etiraz etmək istəmisən. Hələ qəddarlıq əməlləri bununla bitmir, Dəyanət Babayevin dişini və qabırğasını sındırıblar. Cabbar Savalanlının baş-gözünə yumruqla döyüblər, onun da qaşı partlayıb, üzü şişib. Başqa aksiya iştirakçılarını da boş buraxmayıblar, kiminə 70 manat, kiminə 50 manat cərimə kəsiblər. Bununla nə dəyişəcək, axı o gənclər həbs olunduqları aksiyaların sayını belə unudublar. Cabbar həbsxana həyatına yenicə vida deyib. Bu ölkənin gələcəyinin onlara məxsus olduğunu, bu yolun da ağrı-acılardan keçdiyini kim bilmir ki?
Türkiyənin indiki baş naziri Rəcəb Tayyib Ərdoğanı bir zamanlar həbsə aparan şeir onun ədalətsizliyə etirazı idi. Həmin şeirə görə o, 9 ay məhbus həyatı yaşayıb. O şeirin müəllifi Nəcib Fazil Kısakürək isə illər boyu dustaqxanalarda yatıb.
Sen bir devsin, yükü ağırdır devin!
Kalk ayağa, dimdik doğrul ve sevin!
Keçmiş keçmişdə, bu gün bu gündə. Indi bu adların Türkiyə tarixinin hansı səhifəsinə yazıldığını hər kəs bilir. Onlar mübarizə adamları olaraq həqiqətin yolunu görürdülər. Bizim gənclik də o yolda – haqqın yolundadır. Kimsə əbədi olaraq haqqın yolunu kəsəcək gücdə deyil. Bu iddiaya düşənlərin adı əbədi olaraq tarixin qara səhifəsində qalacaq.