Salyanın icra başçısı təşvişə düşüb

Tahir Kərimov «uğurlu» fəaliyyəti ilə bağlı piar kampaniyasına start verib

Salyanın icra başçısı Tahir Kərimov rayondakı narazılıqla bağlı “Azadlıq”da dərc edilən yazılardan qorxuya düşüb. Oxucuların diqqətinə çatdıraq ki, Quba hadisələrindən sonra qəzetimizdə oxşar olayların Salyanda da təkrarlana biləcəyi barədə xəbərlər dərc olunmuşdu. Həmin xəbərlərdə deyilir ki, əhali Tahir Kərimovun fəaliyyətindən ciddi narazıdır. Bu baxımdan onun qanunsuz əməllərinə qarşı etiraz aksiyaları keçirməyə hazırlaşırlar. Oxşar xəbərlər digər mətbuat orqanlarında da dərc olunmuşdu.
Bundan qorxuya düşən icra başçısı isə sosial şəbəkələrlə özü ilə bağlı piar kampaniyasına başlayıb. Icra başçısının göstərişi ilə ona yaxın şəxslər sosial şəbəkələrdə Salyanda hər şeyin qaydasında olması, Tahir Kərimovun uğurlu fəaliyyəti barədə dastanlar uydururlar. Bu şəxslər oxşar dastanları qəzetimizin veb səhifəsində Tahir Kərimovla bağlı yerləşdirilən yazılara da şərh olaraq yazırlar. Araşdırmalarımız zamanı bəlli olub ki, həmin şərhlər eyni IP (aypi) ünvandan yazılır. Bu isə onu göstərir ki, şərhlərin müəllifləri eyni mərkəzdən idarə olunur. Bu mərkəz isə rayon icra hakimiyyətidir. Görünür, təşvişə düşən Tahir Kərimov hesab edir ki, bu piar kampaniyası ilə özünü baş verə biləcək təhlükənin qarşısını ala biləcək.