Quba uğrunda oliqarxların mübarizəsi davam edir

Rayonda baş verən hadisələrə görə saxlanılanlar barədə isə heç bir məlumat verilmir

Hakimiyyətdə Quba uğrunda mübarizə davam edir. Martın 1-də Qubada baş verən hadisələr ilə əlaqədar nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı olan icra başçısı Rauf Həbibovun tutduğu postdan azad edilməsindən sonra hakimiyyətdəki digər məmur oliqarxlar bu rayonu ələ keçirməyə çalışırlar.
Məlumatlara görə, hakimiyyətin yuxarı səviyyələrində Qubaya yenidən Ziya Məmmədova yaxın şəxslərdən birinin icra başçısı təyin edilməsi ilə bağlı tərəddüdlər var. Bu fakt nəqliyyat nazirinin Quba ilə bağlı iddialarını reallaşdırmağa daha da həvəsləndirib. Bu sırada xüsusilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adı çəkilir. Hazırda Rauf Həbibovun səlahiyyətlərini icra edən birinci müavin Sahib Məmmədovun     Kəmaləddin Heydərovun komandasına daxil olan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla qohumluq əlaqələri olduğu bildirilir. Məlumatlara görə, Hüseynqulu Bağırov Kəmaləddin Heydərovun vasitəsilə Sahib Məmmədovun icra başçısı təyin edilməsinə çalışır. Bu reallaşacağı təqdirdə Qubanın Kəmaləddin Heydərovun nəzarətinə keçəcəyini söyləmək olar. Lakin Ziya Məmmədov da mövqeyindən geri çəkilmək niyyətində deyil. Nəqliyyat naziri rayona özünə yaxın şəxsin icra başçısı təyin olunmasına təkid edir. Əslində Ziya Məmmədovun başqa yolu da yoxdur. Çünki nazirin Qubada dəbdəbəli villaları, iri layihələri və biznesi var. Rayonun başqa bir oliqarxın əlinə keçməsi bütün bunların əldən çıxması demək olacaq.
Oxucuların diqqətinə çatdıraq ki, martın 1-də qubalılar icra başçısı Rauf Həbibovun onları təhqir etməsinə cavab olaraq aksiya keçiriblər. Aksiya zamanı icra başçısının villası yandırılıb. Onlar həmçinin Rauf Həbibovun istefasına nail olublar. Bu olaylarla bağlı cinayət işi başlanıb saxlanılanlar var. Saxlananlar barədə onların yaxınlarına heç bir məlumat verilmir. Saxlanılanlardan 31 yaşlı Alxas Dənyalovun qardaşı Yusifin “Azadlıq” radiosuna dediyinə görə, bir neçə gündür rayondan Bakıya gedib-gəlirlər, amma qardaşının harda saxlanması ilə bağlı onlara konkret məlumat vermirlər.
Yusif Dənyalov: “Mənə dedilər Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsindədir. Ora getdik, orda dedilər göndərmişik Kürdəxanıdakı təcridxanaya. Orda isə dedilər ki, bura elə bir adam gətirilməyib”.
Digər saxlanılan 21 yaşlı Samir Xammədovun atası Valeh Xammədov bir neçə günlük axtarışlardan sonra oğlunu Daxili Işlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində tapıb. Dediyinə görə, evdən apardığı yemək və paltar qəbul olunsa da, onun görüşünə icazə verilməyib: “Mənə oğlumun paltarlarını verdilər, paltarlar hamısı cırılmış halda idi. Yəqin onu saxlayanda təzyiqlər ediblər. Bir də onun yanından çıxan uşaqlar dedilər ki, oğlunuz ayaqyalın olub. Çıxan uşaqlar öz ayaqqabılarını və paltarlarını veriblər”.
Quba hadisələrinə görə, saxlanılan başqa bir rayon sakini Fərhad Abdulrəhmanovun Kürdəxanıya aparıldığı bildirilir. Vəkili Səfər Hüseynov onunla iki dəfə görüşdüyünü deyir. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs 1 mart aksiyasında iştirak etsə də, yanğın törədilməsi və dağıntılarda iştirak etmədiyini bildirir: “Müdafiə etdiyim şəxs etiraf edir ki, icra başçısı qubalıları təhqir etdiyi üçün aksiyaya çıxıb və onun istefasını tələb edib. Amma dağıntılarda və icra başçısının evinin yandırılmasında iştirak etmədiyini deyir”.
Qubadan mətbuata informasiya verənlərə xəbərdarlıq olunur.
Adının açıqlanmasını istəməyən rayon sakininin AzadlıqRadiosuna verdiyi məlumata görə, martın 7-də icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Sahib Məmmədov onu qəbul edib. Sahib Məmmədov onu rayondan mətbuata düzgün olmayan məlumatlar verməkdə günahlandırılıb. Ona deyilib ki, verdiyi məlumatlarda rayondakı vəziyyətin sabit olduğunu və hər şeyin qaydasında olduğunu desin.
Quba rayon icra hakimiyyətinin səlahiyyətlərini icra edən Sahib Məmmədovdan deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.