Putinin adı terrorda hallanır

Baş nazirin Lex Kaçinskinin ölümüylə nəticələnən təyyarə qəzasında əlinin olduğu deyilir

“WikiLeaks” saytı “Stratfor” kəşfiyyat-analitik təşkilatına aid məxfi daxili yazışmaların yayımını davam etdirir. Saytın açıqladığı növbəti yazışmalarda Polşanın keçmiş prezidenti Lex Kaçinskinin 2010-ci ilin aprelində Rusiyaya rəsmi səfəri zamanı uçduğu təyyarənin müəmmalı şəkildə qəzaya uğraması nəticəsində ölümüylə bağlı şok iddialar yer alıb. “Startfor”un açıqlanan məxfi yazışmalarında Kaçinski və dövlət rəsmilərinin həlak olduğu təyyarə qəzasında rus kəşfiyyatının əlinin olduğu deyilir.

İddiaların mənbəyi kimi isə ABŞ lehinə casusluq edən rus kəşfiyyatının rəsmisi “Yoldaş J” kod adlı Sergey Tretyakov göstərilib. Yazışmalarda Rusiyanın həmin dönəmdəki baş naziri Vladimir Putinin də əlinin olduğu vurğulanır. Tretyakov 2005-2010-ci illərdə Nyu Yorkda rus kəşfiyyatının keçirdiyi məxfi əməliyyatlara başçılıq edib. Sonradan ABŞ tərəfinə keçib. O, açıqlamalarının birində Rusiya hakimiyyətinin və baş nazir Putinin bəzi xarici ölkə liderlərinə qarşı terror aktı hazırladığını bildirmişdi.

Qəzadan iki həftə sonra 23 aprel 2010 tarixli bir yazışmada “Stratfor”un terrorla mübarizə üzrə mütəxəssisi Fred Barton “Yoldaş J” kod adlı mənbədən aldığı məlumata istinad edərək yazıb:“Ruslar Kaçinskinin təyyarənin ya pilotu təcili eniş etməyə məcbur edəcəyi, ya da geri dönəcəyini ehtimal edərək, qəsdən təyyarənin yerə enməsinə icazə verməyiblər”.

Xatırladaq ki, Kaçinski, həyat yoldaşı və Polşa Mərkəzi Bankının rəhbərindən tutmuş müdafiə nazirinin müavininə qədər çox sayda dövlət rəsmisi 1940-cı ildə SSRİ təhlkəsizlik qüvvələri tərəfindən təxminən 22 min polşalını qətlə yetirməsinin 60-cı ildönümüylə bağlı tədbirə qatılmaq üçün Rusiyaya yollanmışdı. Ancaq təyyarəsi Smolensk şəhəri yaxınlığında yerə çırpılmışdı. Rusiyanın baş naziri Vladimir Putin ilə münasibətlərinin gərgin olduğu bilinən  bilinən Kaçinskinin ölümünün arxasında Kremlin əlinin olduğuna dair iddialar  ortaya atılsa da, hadisənin səbəbi kimi pis hava şəraiti göstərilmişdi.

İnformasiya şöbəsi