Lidiya Rəsulovanın əziz xatirəsinə
Keçmiş təhsil naziri Lidiya Rəsulova bu ilin fevralın 5-də dünyasını dəyişdi. Onun haqqında yazını gec yazmağımın əsas səbəbi belə bir şəxsiyyət haqqında yazı yazmağın çətinliyi ilə bağlıdır. Onu birmənalı olaraq Akademik Mehdi Mehdizadədən sonra ikinci uğurlu təhsil naziri saymaq olar. Firudin Cəlilovdan sonra Lidiya xanımın Təhsil naziri təyin olunması olduqca düzgün addım idi. Firudin Cəlilov Rafiq Feyzullayevdən sonra sistemdə baş verən aşınmaların qarşısını almaqda aciz idi. Cəlilov texnikum direktorlarını belə vəzifəsindən kənarlaşdıra bilmirdi. Vəzifədən çıxarılanlar isə yeni vəzifələrə göndərilirdilər. Məsələn, o zaman təhsil nazirinin müavinləri olan Misir Mərdanov və Abdulla Mehrabovu ali məktəblərə sıravi müəllim göndərmək əvəzinə, onların birini BDU-ya, digərini isə Inşaat Mühəndisləri Universitetinə 1-ci prorektor təyin etdilər. Lidiya Rəsulova çətin bir dövrdə Təhsil naziri təyin olunmuşdu. Onun təyinatından az sonra sistemdə canlanma yarandı. Nazirliyin mərkəzi aparatı da daxil olmaqla, məktəb direktorlarına qədər ləkəli insanlar vəzifələrinə əlvida deməyə başladılar. O, ən yüksək tapşırıqlara belə məhəl qoymurdu. Sistemdəki neqativ halların kökünü kəsmək istəyirdi. Rüşvətxorlar və korrupsionerlərin kürkünə birə düşmüşdü. Xanımın adı gələndə tir-tir titrəyirdilər.
Lidiya xanım Nazirlikdə hər həftənin 1-ci günləri vətəndaşları qəbul edir, onların problemlərini maksimum səviyyədə həll etməyə çalışırdı.
Onun vaxtında bir nəfər də olsun texnikumdan texnikuma belə köçürülmədi.
Avtoritet rektor anlayışı yığışdırıldı.
Vətəndaşların ərizə və şikayətlərinə obyektiv baxılmağa başlandı.
Təhsil müəssisələrində nizam-intizam qaydaları möhkəmləndi.
Təhsilin inkişafı naminə ideya vermək qəbahət sayılmadı.
Mərkəzi aparatın işi nizama salındı.
Təhsil nazirliyinin dəhlizləridə qürurla addımlayan rüşvətxorlar görünməz oldular.
Istedadlı insanlara qayğı göstərilməyə başlandı.
Müstəqillik dövrümüzün təhsilini Lidiya xanıma qədərki və ondan sonrakı dövrlərə bölmək olar. Nəhəng bir korrupsiya maşınına qarşı tək mübarizə aparmaq çətin idi. O, təhsildə məskunlaşmış mafioz qrupların və yuxarıların müqavimətinə rast gəlirdi. Onalarla bacara bilməyəndə istefa verməkdən çəkinmirdi. Xanım Rəsulovanın bir neçə dəfə istefa istəyi axır ki, 1998-ci ildə baş tutdu. Ondan sonra:
Tələbə köçürmələri kütləvi şəkil almağa başladı.
Vətəndaşların qəbul günləri ləğv edildi.
Ali məktəblərdə avtoritet rektor anlayışı bərpa olundu (Məsələn, Səməd Seyidov, Siyavuş Qarayev tipləri).
Vətəndaşların ərizə və şikayətlərinə saymamazlıqlar başlandı.
Təhsilin inkişafı naminə ideya vermək qadağan olundu.
Mərkəzi aparatın işi iflic vəziyyətinə salındı.
Təhsil nazirliyinin dəhlizlərində qürurla addımlayan korrupsioner və rüşvətxorların sayı 10 dəfələrlə çoxaldı.
Istedadlı insanların hər yerdən sıxışdırılıb çıxarılmasına başlandı, mütilərin sayı həndəsi silsilə ilə artdı.
Lidiya Rəsulovanın elmi dərəcəsi yox idi. Onu işləməyə qoymayanlar elmi dərəcələri, adları ilə qürur duyanlar idilər. Onun timsalında biz gördük ki, yaxşı təhsil naziri olmaq üçün intuisiya, təcrübə və təmizlik kifayət edirmiş. Elmi adların lap olimpinə dırmaşanların ölkə təhsilini hansı vəziyyətə saldıqlarının hamımız şahidiyik. Akademikin vaxtilə nüfuzlu bir ali məktəbi necə peşə liseyi səviyyəsinə salmasını da biz görmüşük.
Rəsulovanın vaxtında məktəb direktoru vəzifəsində rüşvət üstə həbs olunmuş birisi ondan sonra böyük bir şəhərin təhsil şöbəsinə müdir təyin olundu. Böyük yeyintilərə yol verməsi səbəbindən vəzifəsindən uzaqlaşdırılmış, həbs olunmaq təhlükəsi ilə üzləşən nəhəng bir nəşriyyatın rəhbəri yenidən vəzifəsinə qaytarıldı. Bu cür faktaların sayı yüzlərlədir. Regionçuluq, ifrat siyasiləşmə, pulun əsas meyar olması, nadanlıq sistemi ağuşuna aldı. Mehdizadənin təhsilimizə gətirdiyi dəyərlər Feyzullayev dövründə aşınmağa başlandı, xanım Rəsulovanın dövründə bərpa mərhələsi başlanmışdı, ondan sonra isə yerli-dibli silinib, süpürüldü.
Allah Lidiya xanıma rəhmət eləsin. O, nazir işlədiyi dövrdə millətə ziyan verəcək bir addım belə atmadı. Bunun müqabilində istefa verməyi də faciə saymadı. Amma təhsilimizi bataqlığa salanlar nəinki istefa vermək, hətta ömürlük vəzifədə qalmaq üçün dəridən-qabıqdan çıxırlar.
O, adi bir insan kimi dünyasını dəyişdi. Amma ən azı xalqın genofondu olan təhsildə sağlam mühit yaratmaq uğrunda apardığı mübarizəyə görə tarixdə böyük şəxsiyyət kimi qalacaq.