İsmət Abbasov və işçiləri Dünya Bankının kreditlərini mənimsəməkdə ittiham edilir
Redaksiyamıza iri korrupsiya faktından bəhs edən müraciət daxil olub. Müraciətdə Dünya Bankı tərəfindən 2003-cü ildən Azərbaycana verilən 18,8 milyon dollar kənd təsərrüfatı kreditlərinin mənimsənilməsindən bəhs edilir.
Müraciətdə deyilir:”Dünya Bankı tərəfindən 2003-cü ildən Azərbaycana verilən 18,8 milyon dollar kənd təsərrüfatı kreditindən necə istifadə olunması, onun nazir Ismət Abbasov, onun tabeliyində işləyən Rasim Vəliyev, Məcid Əsədov, Arif Əliyev tərəfindən mənimsənilməsi barədə məlumat vermək istəyirəm. Bu vəsaitin böyük bir hissəsi son 8 ildə faiz hesabıyla həmin məmurlar tərəfindən mənimsənilib, indi də məqsədləri bu kreditlərdən geri qayıdıb “Revoliver fond”a yığışan vəsaiti mənimsəməkdən ibarətdir.
Yəni hökumət zəmanətinə götürdüyü 18,8 milyon dolları 8 faizlə verir, məmurlar da onun üzərinə şəxsi mənfəətləri üçün olan faizləri gələrək onu guya kənd təsərrüfatı istehsalçılarına paylayırlar. Bu illər ərzində həmin vəsaitin 10-15 faizi ancaq yerlərdə xüsusi adamlara paylanıb, qalan hissəsi Bakıda biznes fəaliyyətinə, mənzil və bağ evləri tikintisinə, şəxsi işlərə sərf olunub. Bu kimi halların qarşısını almaq üçün Dünya Bankı 2005-ci ildə kreditlərin paylanmasına ictimai nəzarəti təşkil etmək üçün ölkədə fəaliyyət göstərən “Azərbaycan Kredit Ittifaqları Assosiasiyası” IB-ni bu məsələlərə nəzarət və şəffaflığı təmin etməyə cəlb edib. Lakin göstərilən şəxslərin fəaliyyəti nəticəsində IB də son dövrlər onların himayəsinə keçib, onun təşkilatçısı və sədri Elçin Bağırov prosesdən kənarlaşdırılıb. Öz adamlarından biri həmin vəzifəyə təyin edilib. Bununla da hökumətin zəmanətində olan külli miqdarda kredit vəsaiti tamamilə bir qrupun əlinə keçib. Bütün bunları görən E.Bağırov paylanan kreditlərdən geri qayıdan vəsaitin idarə olunmasını nisbətən təcrübəli “Aqrarkredit” QSC-nə tapşırılması barədə hökumət orqanlarına müraciət edib və hökumət bu təkliflə razılaşıb. Lakin göstərilən şəxslər bununla razılaşmadığı üçün əlaqədar strukturlara, PA-da Vahid Axundova, Azər Əmiraslanova, baş nazir Artur Rəsizadəyə, müavini Abid Şərifova, baş bankir Elman Rüstəmova, maliyyə naziri Samir Şərifova müraciət ediblər. Ismət Abbasov Dünya Bankının Azərbaycan nümayəndəsilə görüşərək məsələni həll etməyə, yəni vəsaiti yenə də özünün idarə etməsinə çalışıb. Deyilənə görə, buna nail də olub.
I.Abbasov həmin şəxslərə saxta hesabatlar təqdim etdirib ki, guya paylanan kreditlər vaxtında geri qaytarılıb, gecikmə və dağıntı da yoxdur. Gecikmə 500 min təşkil edir ki, bu da Mərkəzi Bankın müəyyən etdiyi həddədir. Əslində isə bu rəqəm normadan 10 dəfə çox, yəni 5-6 milyona qədərdir.
Lakin kreditdən istifadə edən Lənkəranda “Azor” Kredit Ittifaqının 460 min, Imişlidə “Ilham” Kredit Ittifaqının 980 min, Füzulidə “Kömək” Kredit Ittifaqının 2,0 milyon, yenə də Imişlidə “Aqroinvest” KI-nin 1,5 milyon gecikən və mənimsənilən kreditlərini unudur və elə zənn edirlər ki, bunu gizlədə biləcəklər.
Bütün bunlar hazırda Korrupsiyaya Qarşı Mübarzə Idarəsi və Hesablama Palatası tərəfindən araşdırılır.
Məsələylə bağlı yazıda adı keçən şəxslərin də mövqeyni dərc etməyə hazırıq.
Sosial şöbə