Mixail və Fəzail həqiqətləri

…Həyatımda ən unutmayacağım günlərdən birini Şevardnadze Gürcüstanında keçirmişəm. Avtobusla Türkiyədən gəlirdik. Gürcüstana girər-girməz avtobusa əli avtomatlılar doluşdu. Sərnişinlərin hər birindən 5 dollar, sürücüdən isə 200 dollar aldılar. Elə beş-altı kilometr getmişdik ki, bizi yol polisləri qarşıladılar. Sürücüdən 100 dollar aldılar və bizim avtobusa 2 nəfər silahlı şəxs oturtdular. Adambaşına 2 dollar da ona verməliydik ki, başqa bir rayona qədər “başımız sağ olsun”. Bu “konvoy” da bizi müəyyən bir nöqtəyə gətirəndən sonra Nuqzar adında bir avtoritet(!) avtobusa minərək təhlükəsizliyimizə “təminat” verdi, amma gözləmək lazım olduğunu bildirdi, çünki yası var idi, xalası rəhmətə getmişdi. Mərhumun dəfn mərasimini yola verib 2 saatdan sonra yola düşdük. Yolda daha iki dəfə “konvoy” dəyişdik, bir dəfə də saxta yol polislərinə(!) haqq verərək, nəhayət, “Qırmızı körpü”yə çatdıq. Təxminən adambaşına 30 dollara başa gələn Gürcüstan turnesi “çıxış” pulu verilməsi ilə başa çatdı və biz Əliyev Azərbaycanına, yəni Vətənə keçdik. Şanlı gömrükçülər bizə “keçmiş olsun” deyərək, müxtəlif adlar altında təxminən o qədər, sürücüdən isə, dəqiq yadımdadır, 1200 dollar aldılar. Artıq Qazaxdan Bakıyadək heç bir dramatik macəra yaşamadan Bakıya çatdıq. Sürücü ilə yol polisləri və gömrük işçilərinin xırda toqquşmalarını nəzərə almasaq, əlbəttə.
…Nəhayət, Mixail Saakaşvili adlı birisi gəldi, qısa müddətdə Şevardnadze Gürcüstanından əsər-əlamət qalmadı.  Elə dəyişdi ki, artıq bu ölkədə insanları yol polisində işləməsi üçün dilə tuturlar. Azərbaycanla müqayisə üçün başqa bir şey axtarmaq fikrimcə, yersizdir. Şevardnadze dönəmi zamanı yol polisi olmaq, başa şahlıq quşu qonmaq kimi bir şey idi, hazırda bizdə olduğu kimi…
…Saakaşvili bu günlərdə Azərbaycana gəldi və Milli Məclisdə çıxış etdi, ulu öndər Məhəmməd Əmin Rəsulzadədən sitat gətirdi, Putini tənqid edib getdi. Mərhum Heydər Əliyevə ulu öndər demədi, çünki bu zaman avtomatik olaraq, Eduard Şevardnadze də ulu öndər olacaqdı…
Və ardından iqtidara mesaj verib getdi. Onlara müstəqil Azərbaycan dövlətinin qurucularının – Fətəli xan Xoyski, Topçubaşov, Nəsibbəy Yusifbəyli, Ceyhun Hacıbəyli və başqaları olduğunu xatırladaraq Rusiya imperializminə qarşı hər iki xalqı birgə mübarizəyə səslədi. Xocalı soyqırımı və Qarabağın işğalının başında Rusiyanın dayandığını bizə xatırlatdı. Deputatlar, xüsusən də Fəzail Ağamalı onun bu çıxışını Rusiyaya(!) və kəndilərinə təhqir kimi yozdular.
Fəzail Ağamalı niyə qızdı?
Cavab sadədir, biz hələlik 90-cı illərin Gürcüstanında, Fəzail Ağamalı və yol polislərinin təmin olunduğu, qalan 9 milyonun acı məhrumiyyətlər içərisində boğulduğu cəmiyyətdə yaşayırıq. Bu hakimiyyətin qarantı isə, ermənilərlə əlbir olub bizə Xocalını, Qarabağ işğalını yaşadan Rusiyadır. Azərbaycan iqtidarı Rusiyaya boyun əyməyə davam etdikcə, sadə xalq Fəzail Ağamalı kimilərinin hökmü ilə yaşamağa məhkum olunacaq. F.Ağamalı bir tarixçi kimi gözəl bilir ki, Rusiya işğalçıdır, sona qədər Ermənistanın arxasında olacaq, lakin bu, eyni zamanda onun və xidmət etdiyi iqtidarın varlanmasına, milyardlar qazanmasına mane olmur. Özünün və ailəsinin təmin olunması, milyonlarca insandan yaxşı həyat sürməsi, görünür, onunçün daha vacibdir.
Dost, yoxsa “düşmən?”
Mixail Saakaşvili isə, ölkəsini Rusiya əsarətindən qurtardı, hətta ərazilərini müvəqqəti itirmək bahasına bu addımı atdı. Ölkədə rüşvətin, monopoliyanın, bürokratiyanın kökü kəsilib. Avtobuslarda, ictimai yerlərdə xüsusi adamlara pul verib, “biz düzələn deyilik” şüarını səsləndirən Azərbaycan iqtidarı, Gürcüstan həqiqətləri ilə çıxılmaz vəziyyətə düşdü. Saakaşvili “rüşvətin kökünü necə kəsdiniz?” sualına “mən almadım, kimsə almadı” cavabını verməklə, Ilham Əliyevlə olan fərqini də ortaya qoydu.
Bu gün Gürcüstanda orta aylıq əmək haqqı bizdən yüksək, ərzaq məhsulları isə iki dəfə ucuzdur. Fəzail Ağamalının, bunu iqtidarın “haqqını” yem(əm)əklə, izah edə biləcək gücə “sahib olduğu” məlumdur, amma buna şüuru olan insanın inanması mümkündürmü?
…Hazırda qonşuluğumuzda Avropa birliyinə daxil olmaq üçün real şanslara malik, demokratik bir Gürcüstan var. Ölkə sakinlərinə Avropa Ittifaqı vətəndaşının pasportu verilən zaman işğal olunan ərazilərdəki insanların rus kimliklərindən imtinası qaçılmazdır. Dünya Gürcüstanın işğalını heç vaxt Rusiyaya bağışlamayacaq.
Xocalı soyqırımı, Qarabağın işğalı deyə hayqıraraq, bunu törədənlərin deşilmiş çətirinə sığınmaq xəyanətdir. Süni vətənpərvərliklə, bunu ört-basdır etmək mümkün deyil…