«Xalqı məcbur edirlər ki, hakimiyyətə nifrət eləsin»

Əkrəm Əylisli: «Əksər icra başçıları özlərini xan kimi aparırlar»

Martın 1-də Qubada baş verən kütləvi etiraz aksiyasının nəticələri və fəsadları hələ də medianın diqqət mərkəzində qalır. Bəs Azərbaycan ziyalısı bu barədə nə düşünür? Xalq yazıçısı Əkrəm Əylisli “Azadlıq” radiosuna müsahibəsində Quba olayları ilə bağlı fikirlərini bölüşüb:

– Mən bir ziyalı və vətəndaş mövqeyim olaraq deyirəm ki, Quba hadisələri çox qəliz məsələdir. Açığını deyim ki, mən bu “Ərəb baharı”, filana sevinən deyiləm. Çünki gözümün qarşısında ərəb dünyasını darmadağın etdilər. Ərəb dünyası özünə gələnəcən bəlkə əlli il vaxt keçməlidir.

– Quba hadisələrini “Ərəb baharı”na oxşatmaq olar, deyirsiz?
– Yox. Qubada hadisələrin içini bilmirəm, düzü. Amma o, mafioz qruplaşmaların bir-birinə qarşı qurduğu oyun da ola bilər. Amma fakt budur ki, bu hadisə hakimiyyətə ciddi siqnal olmalıdır. Faktiki olaraq, camaat küçələrə tökülüşdü və kortəbii bir vəziyyət yarandı. O kortəbii vəziyyət bir az da güclənəndə qarşısını almaq çox çətin olur.

– Hadisələrin kökündə sosial problemlər də var, yoxsa ancaq dediyiniz mafioz qruplardır?
– Bu, yalnız Quba deyil. Mən hamısını ümumiləşdirmək istəmirəm, amma bu faktdır ki, Azərbaycanın əksər rayonlarında icra başçıları özlərini xan kimi aparırlar. Camaata yuxarıdan aşağı baxırlar. Xalqı məcbur edirlər ki, bunların özlərinə və ümumiyyətlə, hakimiyyətə nifrət etsin. O yerə gətirib çıxardırlar milləti. O icra başçılarından mən bəzilərini tanıyıram. Necə deyərlər, onları “iki eşşəyin arpasını bölməyə” də layiq bilmirəm. Amma gəlib oturublar da orada…

Sizcə, Qubadakı kimi etiraz aksiyalarını da adi siyasi mitinqlər kimi yatırmaq asandır?
– Deyim ki, indi hakimiyyət güclüdür. Buna söz ola bilməz. Bu hakimiyyətin imkanı var ki, hər cür üsyanı yatırsın. Amma bu üsyanın bu gün birini yatırdarsan, sabah başqası ola bilər.

– Onda bəs necə etməli?
– Məsələləri koordinal şəkildə həll etmək lazımdır. Çalışmaq lazımdır ki, sosial ədalətsizlik nisbətən aradan götürülsün. Məsələ ondadır ki, Azərbaycan kapitalizmi çox qudurmuş kapitalizmdir. Men xeyli kapitalist ölkəsində olmuşam. Avropada, götürək elə Norveçi. Orada kapitalistlərin böyük sərvəti var. Amma adi insanların da hər şeyi var. Və heç kim digərinə yuxarıdan aşağı baxmır. Biz çalışmalıyıq ki, ölkəmiz yavaş-yavaş o istiqamətə getsin. Amma quduran qudurmağında, əzilən əzilməyində – bu gedişlə əlbəttə ki, ölkə çox pis vəziyyətə düşə bilər. Ona görə də məncə, dövlətin idarəedici orqanları kadr məsələlərinə həssaslığı artırmalıdır. Indi o həssaslıq yoxdur. Özüm görməmişəm, babalı deyənlərin boynuna, pul verib gedirlər vəzifəyə, oturub başlayırlar pul yığmağa, bütün zülm də camaatın üzərinə düşür.

– Sizcə, Qubadan gələn siqnal Bakıda ciddi qəbul olunacaq?
– Mənə elə gəlir ki, artıq ciddi qəbul olunub. Yəni, hakimiyyətdə oturanlar gözlərini yummayıblar. Mən bu işin içini bilmirəm. Yəqin ki, onlar bu işin içini də yaxşı bilirlər. Amma bu üsyana nə bais olsa belə, hər halda, bu adamlar yəqin ki, bunu görüblər, hiss ediblər və onlardan tələb edilən budur ki, həssas yanaşsınlar buna. Yəni, bunu qulaqardına verməsinlər.

– Qulaqardına versələr, nə olar sizcə?
– Onda gələcəkdə bu hadisələr bir az da geniş miqyas alar. Insanda dözümün həddi olur. O hədd qurtaranda ola bilsin ki, daha gözlənilməz, daha qorxulu və acınacaqlı hadisələr baş verə bilər. Xalqın qəzəbi təbii fəlakət kimi olur. Vulkan kimi. Içəridə yığıb püskürəndən sonra qarşısını almaq olmur, yandırır hər yeri.