Mixail Saakaşvilinin bir çıxışında Azərbaycan hakimiyyəti necə ifşa olundu?
Mixail Saakaşvili Məhəmməd Əmin Rəsulzadədən sitat gətirdi. Rusiyanı ittiham etdi. Demokratik ənənələrdən danışdı. Azərbaycan hakimiyyəti isə bu durumdan möhkəm narahat oldu. Fəzail Ağamalının ağzı ilə Ramiz Mehdiyevin ağlına gələn tərzdə cavab da verildi. Əslində Azərbaycan dünyaya Xocalı soyqırımından danışdığı bir vaxtda qonşu Gürcüstanın prezident səviyyəsində Rusiyanı belə ittiham etməsi rəsmi Bakının çörəyinə bal sürtməli idi. Amma olmadı, sanki ruziləri zəhər oldu… Niyə? Bu işin iki mühüm tərəfi var. Birincisi siyasi, ikincisi psixoloji. Azərbaycan hakimiyyəti üçün Saakaşvilinin bu addımı nə demək idi? Bu olayın fakturası kimə kəsiləcək? Bütün bu suallar Əliyevin cavabını bilmədiyi və yuxusunu qatan məqamlardır. Putinə dəstək mitinqindən əldə edəcəkləri öz qüvvəsində qalacaqmı? Bu bir “provokasiya” idimi? Və yaxud da nə aydın oldu?
Biz yalandan qatil gəzirik…
Azərbaycan hökuməti bir daha qorxunc bir yuxudan diksinmiş kimi oldu. Aydınlaşdı ki, Xocalı soyqırımının komandirləri ilə Qarabağ münaqişəsinin diplomatiya masası arxasında həllinə ümid edən bir siyasi rəhbər bu dəfə də bu qırğında iştirak etmiş ikinci dövlət barədə nəinki tənqid deməyə, heç eşitməyə də hazır deyil. Ilham Əliyevin bütün ümidləri Putinə bağladığı bir vaxtda Saakaşvilinin bu çıxışı, demək olar, hər şeyi korladı. Putin Ilham Əliyevin ona dəstək üçün keçirdiyi mitinqin qarşılığını yəqin ki, Mişanın bəyanatlarına göz yummaqla verəcək. Bu isə Azərbaycan diktatorunun mayasına ciddi ziyan vurmuş oldu. Ilham Əliyev Rusiyaya qarşı bu cür sərt çıxışa ev sahibliyi etdiyi üçün yəqin hələ bir neçə addım da atmalıdır ki, günahları yuyulsun. Başqa tərəfdən, Saakaşvilinin Məhəmməd Əmin Rəsulzadədən sitat gətirməsi də ciddi siqnal kimi təhlil edilib. Hakimiyyət həm də ona görə narahatdır ki, ABŞ-la çox yaxşı münasibətləri olan Saakaşvili Azərbaycandakı Əliyevçiliklə əməkdaşlıq etmək istəmir və demokratik ənənələrə istinad edir. Bu isə o deməkdir ki, Gürcüstan açıq şəkildə əliyevlərin əleyhinə gedəcək…
“Görənlə götürən yarıdır”
Azərbaycan hakimiyyəti indi tam bir qorxu keçirir. Rusiyaya sübut etmək lazımdır ki, Əliyev burda səslənən fikirlərlə şərik deyil. Hətta Saakaşvili danışarkən onun üzündə kin əmələ gəlib. Çünki, avtoritar sistemlərin məntiqincə, yuxarılar əleyhinə fikirləri dinləmək elə onunla razılaşmaq deməkdir. Bu praktika ilə küçədə-bayırda rastlaşdığınıza əminəm. Siz rejimi tənqid edirsiz, başqa biri, hətta bu söhbətə qulaq asmadığını nümayiş etdirmək üçün özünə min bir əzab verir. Fəzail Ağamalının açıqlamaları da bu qəbildən özünə cəfa verməkdən başqa bir şey deyildi. Saakaşvili isə çox net bir tərzlə Rusiyanın indiki mahiyyətinə qarşı getməklə Qafqazın gələcəyinin fərqli platformada olacağına işarə vurdu. Bu platformada Əliyevlər üçün yer olmadığına görə də onlar belə yarımisterik duruma düşüblər. Indi bir daha məlum oldu ki, Azərbaycana gələn rəsmi qonaqların çıxışları da Əliyevlər üçün ölüm-dirim məsələsi ola bilir. Bir müddət öncə xarici jurnalistlər üçün Ilham Əliyevə veriləcək suallarda işlədilməsi qadağan olunan sözlərin siyahısı hazırlanmışdı. Görünür, indi vaxtı çatıb ki, rəsmi qonaqlara da qadağan olunan çıxışların siyahısı verilsin…. Əlbəttə, bu yolla davam etmək mümkün deyil, biz belə vəziyyətə ancaq bir şərh verə bilərik, qorxağın min kərə ölməkliyi…
Seymur Həzi