İlham Əliyevin ailə biznesini yada salan şantaj

Bu şantaj kimi rüsvay edir?

8 Mart qadınlar bayramından öncə xanım həmkarımız Xədicə Ismayıla Azərbaycan gerçəkliyini tam ifadə edən bir “təbrik” gəldi. Onu şantaj etdilər. Mənasız və iyrənc bir hədə ilə. Məktubda yazılıb ki, “…özünü yığışdırmasan, rüsvay olacaqsan”.
Bunu anlamaq çətin deyil. Xədicə Ismayılın şantaj edilməsi cəmiyyətdə birmənalı şəkildə hakimiyyətin ona qarşı hücumu kimi qarşılanır və hamıda yalnız bunu edənlərə ikrah yaradır. Çünki hər kəs gözəl bilir ki, Xədicə Ismayıl hakim ailənin gizli biznesini ortaya çıxaran araşdırmaların müəllifidir. Üstəlik, bu cür adamlara qarşı bizim hakimiyyətin cəza addımları təzə deyil. Bizim cəmiyyət bu məsələdə kifayət qədər təcrübəlidir və nə baş verdiyini dərhal anlayır. Onu çaşdırmaq mümkün deyil.
Bir sözlə, bu şantaj yalnız Xədicə Ismayılı qəzəb hədəfinə çevirən araşdırmaları gündəmə gətirir, yalnız və yalnız  Ilham Əliyevin ailə biznesini yada salır. Sizcə, bu halda kim rüsvay olur? Azərbaycan hakimiyyəti zorla nəyisə əngəlləyə bilər və bilir. Amma onun artıq kiməsə mənəviyyat damğası vurmağa imkanı yoxdur. Çünki onun özünə inanmırlar. Özünə inanılmayanın sözünə necə inanacaqlar?!
Üstəlik, intim mövzusu ilə adamları çaşdırmaq olmur daha. Adamlar bunun hansı hiylə olduğunu bilir və dərk edir ki, ictimai problemlərin həllini bu kimi mövzularla gündəmdən çıxarmaq istəyənlər kimlərdir və bunu niyə edirlər.
Təbii ki, bu addımlar cinayətdir. Həm də təkcə bir nəfərə qarşı yönələn cinayət deyil. Bu cinayətlər siyasi mahiyyət daşıyır və bu ölkəni talayan bir siyasəti yaşatmaq niyyəti güdür. Bu cinayət digər cinayətlərin üstünün açılmamasına xidmət edir. Bütöv bir ölkəni susdurmaq niyyəti güdür. Amma bu cinayətlər illərdir davam etsə də, cəmiyyətimiz susmur…
Yada düşən daha bir cinayət
Gürcüstan prezidenti Mixail Saakaşvilinin ölkəmizə səfəri müxtəlif cəhətləri ilə müzakirələrə səbəb olub. Maraqlıdır, onun məzmunlu çıxışı Məhəmməd Əmin Rəsulzadədən gətirilən sitatlarla bizdə böyük sevgi yaratsa da, Fəzail Ağamalı kimi adamlar bu çıxışı özünütəhqir sayıb. Mixail Saakaşviliyə hədə və şantaj məktubu gedəcəyi gözlənilmədiyi üçün bu mövzuya burada nöqtə qoya bilərik. Amma Saakaşvilinin səfəri elə bir faktı yada saldı ki, bunu hər kəs özünə təhqir saya bilər.
Səfər zamanı Azərbaycanla Gürcüstan arasında bir neçə sənəd imzalanıb. Onlardan biri də statistika sahəsində əməkdaşlıqla bağlıdır. Bu isə iki ölkə arasında bizə bəlli olan bir statistika fərqini yenidən nəzərə çatdırmağa məcbur oluruq. Azərbaycanın gömrük statistikasının məlumatına görə, 2009-cu ildə Gürcüstandan ölkəmizə ümumilikdə 10,8 min ton sitrus meyvələri idxal olunub. Lakin Gürcüstandakı rəqəmlər tamam fərqlidir. Bu ölkənin inzibati ərazisinə daxil olan Acarıstan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin “Acarıstan MR-da aqrar sektorun stiuativ analizi” adlı hesabatından aydın olur ki, təkcə Gürcüstanın həmin inzibati ərazisindən 2009-cu ildə Azərbaycana 31,7 min ton sitrus meyvələri ixrac olunub (Bax: Http://www.moa.ge/uploads/Strategic%20plan %20for%20regional%20agro-sector%20develop ment%202010.pdf ). Bu isə Azərbaycanın gömrük statistikasında göstərilən rəqəmdən təxminən 3 dəfə çoxdur. Hələ Gürcüstanın başqa bölgələri də var. Üstəlik, bütün idxal proseslərində vəziyyət belədir. Ölkəyə daxil olan malların ən azı yarıdan çoxu, bəlkə də 90 faizi rəsmiləşdirilmir, buna görə ödənilən gömrük haqqı gizlədilir və mənimsənilir.
Belə bir vəziyyətdə statistika sahəsində əməkdaşlıq necə baş tutacaq? Bir tərəf yazacaq ki, mən sənə 1000 ton filan maldan ixrac etmişəm, digəri yazacaq ki, yox, 300 ton yollamısınız?