«Xədicə Ismayıla qarşı əməl iyrənc şantaj cəhdidir»
Yerli və beynəlxalq ictimaiyyət bu olayın arxasında hakimiyyətin dayandığını bəyan etdi
“Azadlıq” radiosunun əməkdaşı, tanınmış jurnalist Xədicə Ismayıla qarşı şantaja yerli və beynəlxalq səviyyədə reaksiyalar özünü çox gözlətmədi. Öz araşdırmaları ilə ən yüksək səviyyələrdə korrupsiya əməllərini ifşa edən jurnalistə qarşı baş verənlər iyrənc addım kimi qiymətləndirildi.
“Xədicə İsmayılı ləkələmək istəyənlər məğlub olublar”
Jurnalistləri Müdafiə Komitəsi (JMK) korrupsiya, o cümlədən prezident İlham Əliyevin offşor biznesi haqda araşdırmalar aparan jurnalist Xədicə İsmayıla qarşı hədələri pisləyir.
«Biz həmkarımız Xədicə İsmayılı susdurmaq üçün intim taktikasından istifadə edilməsini eşidib dəhşətə gəldik. Biz Azərbaycan hakimiyyətini onun təhlükəsizliyinə zəmanət verməyə və cinayətkarları ədalət mühakiməsinə gətirməyə çağırırıq. Xədicə İsmayıl Azərbaycanın ən cəsarətli və azad jurnalistlərindən biridir. Onu ləkələmək istəyənlər onsuz da məğlub olublar», – deyə JMK-nın Avropa və Mərkəzi Asiya proqramlarının koordinatoru Nina Ognianova bildirib.
“Xədicə ilə fəxr edirik, onun fəaliyyətini dəstəkləyirik”
Azad Avropa/Azadlıq radioları korporasiyası dərhal jurnalistin müdafiəsinə qalxdı. Korporasiya bəyanat yayaraq, Xədicə Ismayılın şantaj və təhdidə məruz qalmasını kəskin şəkildə pisləyib. Korporasiyanın prezidenti Steven Korn insidenti “mədəni cəmiyyət üçün yolverilməz olan iyrənc şantaj cəhdi” adlandırıb: “Biz Xədicə ilə fəxr edir, onu və onun fəaliyyətini tam dəstəkləyirik”.
S.Korn Xədicə ilə şəxsən görüşmək niyyətində olduğunu da bildirib.
Əgər şantajın arxasında hakimiyyət durmursa…
“Sərhədsiz Reportyorlar” beynəlxalq söz azadlığını müdafiə təşkilatı da tanınmış jurnalistin şantaj olunmasına kəskin münasibət bildirib. Beynəlxalq təşkilat baş verənlərə görə Azərbaycan hakimiyyətini sorumlu hesab edir.
“Əgər hakimiyyət Xədicə Ismayıla qarşı təhdid və şantajın arxasında durmursa, onda bu məsələni tez bir zamanda araşdırmaq və bunu edənləri istintaqa cəlb etmək onun borcudur”, – deyə təşkilatın Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Cohan Bihr “BBC Azərbaycanca”ya bildirib.
Cohan Bihr qeyd edib ki, bu, çox şokedici hadisədir: “Xədicə Ismayıl Azərbaycanda çox tanınmış, professional və obyektiv jurnalistdir. Onun apardığı dərin araşdırmalar bəzən rəsmi Bakını narahat edir”.
Bihr Xədicə Ismayıla göndərilən təhdid və şantaj xarakterli məktubun 8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf etməsini “kifayət qədər anekdotik və ironik hal” adlandırıb: “Bu, daha çox hakimiyyətin, onlara yaxın dairələrin müxalif fikirliləri və Xədicə Ismayıl kimi ciddi araşdırmalar aparan müstəqil jurnalistləri susdurmaq üçün tətbiq etdiyi metodlardan xəbər verir”.
“Sərhədsiz Reportyorlar”ın nümayəndəsi təəssüflə xatırladıb ki, belə çirkin üsullardan Azərbaycanda müstəqil jurnalistlərə qarşı əvvəllər də istifadə olunub. Onun sözlərinə görə, Ərəb inqilablarından ilhamlanmış “Bakı baharı” aksiyalarından ötən bir il ərzində jurnalistlərə qarşı hər cür hədə-qorxu halları artıb. Bihr qeyd edib ki, həmin nümayişlər zamanı, xüsusilə jurnalistlər hədəfə alınmışdı və onlara qarşı qara PR, böhtan üsullarından istifadə olunmuşdu. Ona görə də bu, qeyri-adi hal deyil. “Təəssüf ki, bu gün müstəqil jurnalistlər üçün Azərbaycanda belə hadisələr gözləniləndir”, – deyə o əlavə edib.
“Sərhədsiz Reportyorlar”ın rəsmisi düşünür ki, Xədicə Ismayıla qarşı şantajı hökumət və ya “onun qoruduğu, yaxud ona yaxın insanlar” həyata keçirib: “Xədicə Ismayıl hökumətə qarşı tənqidi məqalələrilə tanınır. Azərbaycanda vəziyyət fərqlidir. Təəssüf ki, ”boz iqtisadiyyat” adlandıra biləcəyimiz biznes sahələrilə hakimiyyət arasında əlaqələr mövcuddur”.
AXCP Xədicə Ismayılın müdafiəsinə qalxdı
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) da jurnalistə qarşı baş verənlərə kəskin münasibət bildirib. Partiyanın olayla bağlı bəyanatında bildirilir ki, Azərbaycandakı kriminal, korrupsioner rejim onun cinayətkar əməllərini tənqid edən ictimai-siyasi xadimlərə, ziyalılara, jurnalistlərə qarşı hüquq və insani dəyərlərə sığmayan hərəkətlərini davam etdirir. Yada salınır ki, Əliyev hakimiyyəti siyasi rəqiblərinə, hüquq və azadlıqların pozulmasına etiraz edənlərə qarşı dəfələrlə fiziki, mənəvi terrordan istifadə edib. Bu baxımdan Xədicə Ismayıl da hakimiyyətin növbəti hədəfidir.
Xədicə Ismayılın jurnalist fəaliyyətinə nəzər salan AXCP xatırladır ki, o, son aylarda Əliyevlərin korrupsiya əməllərini qorxmadan üzə çıxaran araşdırmalarla məşğuldur. Bu araşdırmalarda dövlət başçısı və ailəsinin nəhəng korrpusiya əməlləri üzə çıxarılır.
“Xədicə Ismayıla qarşı heç bir hüquq və mənəvi ölçüyə sığmayan hadisənin baş memarının siyasi hakimiyyət olduğunu təxmin etmək çətin deyil. Məqsəd dəyişməyib – hər kəs ölkədəki yalan və talana susmalıdır!”, – deyə bəyanatda qeyd olunub.
AXCP “WikiLeaks”in açıqladığı məxfi sənədlərdə Ilham Əliyevin aqressiya və niftərini ifadə etdiyi jurnalistlər siyahısında Xədicə Ismayılın adının olmasını da yada salır.
Jurnalistin təhlükəsizliyi üçün Ilham Əliyevin məsuliyyət daşıdığını bəyan edən partiya, baş verən hadisəni də kəskin nifrətlə pisləyir. AXCP bu hadisəni eyni zamanda, milli-mənəvi dəyərləri özünə maska edən hakimiyyətin saxtakarlığının və riyakarlığının növbəti ifşası saymaqla yanaşı, həm də ictimaiyyəti azad sözün cəsarətli təmsilçisi olan Xədicə Ismayılı müdafiə etməyə, hakimiyyətin “qara piar”ı və şantajına qarşı vətəndaş mövqeyi göstərməyə çağırır.
Jurnalistə qarşı baş verənlər cinayətdir!
Media Hüququ Institutu da tanınmış araşdırmaçı jurnalistin təhdid olunmasından narahatlığını ifadə edib. Bununla yanaşı, təşkilat onu da bildirir ki, Xədicə Ismayıla qarşı baş verənlərdə jurnalistin fəaliyyətini əngəlləmə, şəxsi həyat məlumatlarının toplanması, yayılması kimi cinayətlərin əlamətləri var. Ona görə də Media Hüququ Institutu hökuməti bu cinayətləri araşdırmağa, günahkarları cəzalandırmağa çağırır.
“Bu çirkin təxribatın arxasında xüsusi xidmət orqanları durur”
Reportyorların Azadlıq və Təhlükəsizlik Institutu (RATI) da “Azadlıq” radiosunun əməkdaşına qarşı şantajı qətiyyətlə pisləməklə yanaşı, baş verənləri “hakim qüvvələr tərəfindən jurnalisti susdurmaq üçün atılmış ən çirkin addım” kimi qiymətləndirib.
RATI xatırladır ki, hakimiyyətin ən yüksək çinli məmurları və onların ailə üzvlərinin korrupsiya əməllərini araşdırmalarıyla ifşa edən Xədicə Ismayıl bundan əvvəl də hakimiyyətyönlü qüvvələrin hədəfinə çevrilmiş, dəfələrlə iqtidar mediasında ona qarşı qarayaxma xarakterli yazılar dərc olunmuşdu.
RATI hesab edir ki, Xədicə Ismayıla qarşı bu çirkin təxribatın arxasında Azərbaycan xüsusi xidmət orqanları durur. Həmçinin təşkilat təəssüflə qeyd edir ki, Azərbaycanda hökumətin azad sözə qarşı dözümsüzlüyü jurnalist qətlləri, həbsləri ilə bitmir və hətta jurnalistlərin şəxsi həyatına çirkin müdaxilələr səviyyəsinə qədər davam edir.
“Bu, prezident və onun ailə üzvlərilə bağlı yazılarla əlaqəli ola bilər”
Siyasi Azadlıqları Müdafiə Alyansı (SAMA) da Xədicə Ismayıla qarşı şantaj və təhdidləri ölkədə ifadə azadlığına qarşı mənəvi-psixoloji təzyiq kimi qiymətləndirib.
SAMA hesab edir ki, Xədicə Ismayıla qarşı edilən bu şantaj onun prezident və ailə üzvlərinin bizneslərilə əlaqədar bağlı yazdığı araşdırma və hazırda üzərində işlədiyi yazılarla əlaqəli ola bilər.
SAMA eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən səfirlikləri, yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarını Xədicə Ismayıla qarşı bu hərəkətləri diqqətdə saxlamağa çağırır.


