Elxan Şükürlü: “Bu vəziyyət ümumxalq narazılığının güclənməsinə gətirib çıxaracaq”
“Bizim araşdırmalarımız göstərir ki, Azərbaycan hakimiyyəti üçün ən böyük təhlükə elə hakim komandanın öz içindən yetişməkdədir və bu hal 2013-cü il seçkilərində indiki hakimiyyətin zəifləməsinə, müxalifətinsə mövqelərinin xeyli güclənməsinə gətirib çıxaracaq. Əgər müxalif düşərgə mövcud situasiyanı düzgün qiymətləndirib, indidən vahid namizədini müəyyənləşdirə bilsə, qələbəsini bəribaşdan təmin etmiş olacaq”. Bu sözləri mətbuata açıqlamasında “Strateq” Strateji Təhlil və Planlaşdırma Mərkəzinin rəhbəri Elxan Şükürlü deyib.
E.Şükürlünün sözlərinə görə, Heydər Əliyevin vaxtında prezidentin hakim komanda üzərində sərt nəzarəti, təsir imkanları var idisə, indi bu nəzarət xeyli zəifləyib və hətta xarici dairələrin əlinə keçib: “Azərbaycanda cinayət yoluyla var-dövlət qazanmış vəzifə sahiblərinin, xüsusən də nazirlərin son illərdə xeyli müstəqilləşmələri, özlərini ölkənin qeyri-məhdud səlahiyyətlərə malik sahibləri kimi hiss etmələri ictimai rəydə mərkəzi hakimiyyətin mövqeyini xeyli sarsıdıb. Artıq hər bir nazirlik özünü ayrıca maraqları olan, kiminsə qarşısında məsuliyyət daşımayan və bir-biriylə kəskin rəqabət aparan xanlıqlara çevrilib. Hər biri də zəli kimi xalqın qanını sormaqla məşğuldur. Təsəvvür edin ki, evinə çörəkpulu qazanmaq istəyən sadə bir vətəndaş, hər gün azı, 7-8 nazirliyin əməkdaşlarının qanunsuzluğu ilə üzləşməli olur. Sözsüz ki, bu vəziyyət bir tərəfdən hakimiyyət düşərgəsinin 2013-cü il seçkisi ərəfəsində monolit qüvvə kimi çıxış etməsinin qarşısını alacaq, o biri tərəfdən də ümumxalq narazılığının güclənməsinə gətirib çıxaracaq”.
E.Şükürlü hesab edir ki, ölkə başçısı İlham Əliyevin islahatlara gedə bilməməsinin bir səbəbi də nazir-oliqarxların hədsiz dərəcədə güclənmələrindən və xarici dairələrə bağlılqlarından ehtiyatlanmasıdır: “İslahat üçün birinci bu oğru komanda yenilənməlidir. Ancaq belə görünür ki, prezident İlham Əliyev nazirlərini vəzifədən çıxarmağa ehtiyatlanır. Düşünür ki, vəzifəsindən çıxarılan məmur arxasında duran xarici güclə birləşərək hakimiyyətə qarşı hansısa addımlar ata bilər. Və bu ehtiyatkarlıq oliqarxları bir az da azğınlaşdırır”.


