Milli Məclisdə Saakaşvilinin Böyük Öndər Rəsulzadənin adını çəkməsinin, onu Azərbaycan dövlətçiliyinin banisi adlandırmasının demokratik ruhlu insanlarda yaratdığı həyəcanı, emosiyanı başa düşürəm. Eyni zamanda düşünürəm: görün, nə qədər iyrənc bir sistemlə qarşı-qarşıyayıq. Görün nə çirkin, əxlaqsız vəziyyət yaradıblar ki, bir insan haqqında həqiqətin səslənməsi adamları sevindirir, onları quş kimi qanadlandırır, göylərə uçurur.
Biz əlbəttə, Rəsulzadə sarıdan zərrəcə bədgüman deyilik. Bu gün ona qarşı qısqanc münasibət, bu gün onun unutdurulmağa çalışılması heç nəyi dəyişmir, bu gün Azərbaycanın varlığı, Azərbaycanın bir dövlət və xalq kimi mövcudluğu Rəsulzadənin, onun dəyərli silahdaşlarının adı ilə bağlıdır! Bu həqiqəti gizlətməyə çalışmaq olar, amma bu həqiqəti dəyişmək – əsla! Mümkün deyil.
Ona görə də etiraf edirəm: Saakaşvilinin Milli Məclisdəki “Rəsulzadə devrimi” məni də həyəcanlandırdı, mənim də ürəyimcə oldu. Amma mənim onun çıxışında ən çox heyranlıq keçirdiyim məqam “Əli və Nino” romanı üzərindən verdiyi mesajlar idi.
Bəli, Saakaşvilinin Rəsulzadənin adını çəkməsindən çox, bir kitab adı çəkməsini önəmsədim mən. Bundan daha çox həyəcanlandım, buna daha çox sevindim.
Və gürcülərə növbəti dəfə qibtə etdim – kitab oxuyan, kitab adı çəkən prezidentləri olduğu üçün! Buna görə onlar çox xoşbəxtdirlər.
Bəs siz 8 ildir Azərbaycanda hakimiyyəti qəsb edib oturmuş adamın dilindən bir dəfə “kitab” sözü eşitdinizmi? Hansısa bir romandan bir cümlə, hansısa bir şeirdən iki misra səsləndirdiyini xatırlayırsınızmı?
Xizək sürməyə, at yarışlarına, voleybol matçlarına, boks turnirlərinə getdiyi halda, bir dəfə yolunu bir kitabxanadan saldığını…
Bir dəfə bir teatra getdiyini göstərə bilərsinizmi mənə?
Çeşid-çeşid fotolarını gördünüz:
turnikdə dartınarkən…
xizək sürərkən…
futbol topu ilə oynarkən…
atası ilə birgə üzünə mazut sürtərkən…
“London taksilərinin” sükanı arxasına oturarkən…
Amma bircə yol da əlində qəzet, jurnal, kitab tutduğu fotosunu gördünüzmü?
Görmədiniz. Əvəzində kitabxanaların satılıb yerində kababxanalar tikilməsi, ölkənin yeganə Uşaq Teatrının buldozer qarşısına verilib uçurulması, mədəniyyət evlərində bərbərxanalar, gözəllik salonları, mini-marketlər açılması, ölkənin ən iri kitab mağazalarından birinin – “Akademkitab”ın yavaş-yavaş satılıb qurtarması, hamısı, hamısı onun hakimiyyət dövrünün acı reallıqlarına çevrildi.
Mədəniyyətə, yoxsa məddahlığa qayğı?
Deyəcəksiniz ki, bəs verdiyi bunca ordenlər, bunca prezident təqaüdləri, bunca mənzil orderləri mədəniyyətə qayğısının nümunəsi deyilmi? Mən də cavab verəcəm: əlbəttə, deyil! O ordenlərin, o təqaüdlərin hamısı mədəniyyəti yox, məddahlığı çiçəkləndirmək üçündür.
Mədəniyyəti öz partiya və hökumət işlərinin vintciyinə, təkərciyinə, təbliğat-təşviqat alətinə çevirmək – budur bunların mədəniyyətə baxışı!
“Kitab ili”nin rəsmi açılışı
Bu ölkədə illərdir prezident kürsüsündə oturan adamdan gözlədiyimizi isə başqa bir ölkənin prezidenti etdi – bir kitab adı çəkdi. Bir kitab haqqında danışdı.
Şəxsi kitabxanamda “Əli və Nino”nun üç ayrı nəşri vardı, Saakaşvilinin çıxışından sonra onlardan ikisini oxumaq üçün verdim. Biri televiziyadan, digəri isə qəzetdən Saakaşvilinin çıxışını oxuyan iki tanışım zəng elədi, həmin romanı tapmaqda onlara yardımçı olmalarımı istədilər. Elə sevindim ki, özümdə olanları onlara bağışladım.
Tanışlarımdan biri, hətta etiraf da etdi: “Kitab oxumağı yadırğamışdım, Saakaşvili məni yenidən buna həvəsləndirdi”.
Görürsünüz ki, prezidentlərin kitaba münasibəti kütlə üçün nə qədər önəmlidir. Biz Ilham Əliyevdən kitaba qarşı həssas olmağı da elə buna görə tələb edirik. Durna qatarı başçısına görə düzlənir, rəhbəri kitab oxumayan, kitab adı çəkməyən, kitabxanaya getməyən xalqın kitabı yadırğaması, xor görməsi təbiidir.
Mən Saakaşvilinin çıxışını həm də 2012-ni “Idman ili” elan edən Ilham Əliyevə cavab olaraq bizim 2012-ni “Kitab ili” elan etməyimizə onun xeyir-duası, Gürcüstan prezidentinin Azərbaycanda “Kitab ili”nin “qırmızı lentini kəsməsi” kimi qəbul edirəm.
Işin geridə qalanı – kitabı bu ölkə insanının baştacına, həyatının ayrılmaz parçasına çevirmək isə daha çox çalışmaq, çaba göstərmək isə bizə düşər, sevgili dostlar!

Gürcü xoşbəxtliyi
•
•